Beynəlxalq Bank işində “tütün iyi”: bacanağın həbsinin sirri...

26-08-2015, 07:29   
Beynəlxalq Bank işində “tütün iyi”: bacanağın həbsinin sirri...
“İntertabakko”nun direktoru haqda sensasion məlumatlar; Tütün Emalı Zavodunun direktoru İsmayıl Hidayətzadəyə uzun illər “gözün üstə qaşın var” deyən olmayıb; “Cahangir işi” üçün vacib fiqurun həbsi nəyə hesablanıb; Hacı İbrahimin sabiq baş mühasibi də axtarışa verildi
Ötən həftəsonu Beynəlxalq Banka kredit borcunu qaytarmadığı üçün 17 iş adamının həbs müddətinin uzadılması tezliklə daha sensasiyalı həbslərin də olacağına işarə idi. İddialara görə, bu günə qədər borclu oliqarxlardan cəmi 160 milyon dollar geri alına bilib.

Bu səbəbdən də həbslərin davam edəcəyi gözlənilən idi. Xəbər verildiyi kimi, bankın İdarə Heyətinin sabiq rəhbəri Cahangir Hacıyevin bacanağı, “İntertabakko” Zaqatala Tütün Emalı Zavodunun direktoru İsmayıl Hidayətzadə həbs edilib. İsmayıl Hidayətzadə Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs edilib. Biznesmen CM-in 178.3.2-ci maddəsi ilə ittiham olunur. İ.Hidayətzadə Bakıda tütün fabriki yaratmaq üçün Beynəlxalq Bankdan 100 milyon dollar kredit götürübmüş. İstintaq bu kreditlərin təyinatı üzrə xərclənməsinə şübhə ilə yanaşır.

Məlumata görə, İ.Hidayətzadə DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin istintaq təcridxanasında saxlanılır.

“Yeni Müsavat”ın əldə etdiyi məlumata görə, İsmayıl Hidayətzadə Beynəlxalq Bankla bağlı araşdırma başlayandan istintaqa cəlb edilib. O, 2008-ci ildən “İntertabakko” Zaqatala Tütün Emalı Zavodunun direktoru işləyir. Hətta ölkə prezidenti İlham Əliyev 2010-cu ildə Cahangir Hacıyevin patronajlığı ilə yaradılan, İ.Hidayətzadənin isə rəhbərlik etdiyi Zaqatala Tütün Emalı Zavodunun açılışında iştirak edib. Beynəlxalq Bankdan götürülmüş kreditlə Yuxarı Tala kəndi ərazisində 1,5 hektara yaxın sahədə Zaqatala Tütün Emalı Zavodu tikilib.




“İntertabakko” MMC Zaqatala, Qax və Şəkidəki tütün qəbulu və qurudulması məntəqələrində siqaret istehsalı üçün xammal məmulatları istehsal edib. Vaxtilə zavodda işləmiş bir mənbəmiz deyib ki, buradakı avadanlıqlar ABŞ-dan gətirilib. Bundan əlavə, “İntertabakko” MMC Zaqatala və Qax rayonları ərazilərində Bolqarıstandan alınıb quraşdırılmış 120 tütünqurutma kamerasından ibarət 2 tütün qəbulu-qurudulması məntəqə inşa edib. Müəssisənin əsas istehsal sexində Amerikanın və İtaliyanın şirkətlərindən alınmış, müasir texnologiyalarla işləyən avadanlıqlar quraşdırılıb. Bundan əlavə, tütün şitillərinin yetişdirilməsi üçün Amerika texnologiyası ilə işləyən 14 istixana da quraşdırılıb istifadəyə verilib.



Zavodun əsas işini İ.Hidayətzadə görsə də, tütün zavodların C.Hacıyevə məxsus olduğundan burada vergi belə xüsusi yoxlamalar aparmayıb. Çünki şimal-qərb bölgəsinin qeyri-rəsmi sorumlusu məhz C.Hacıyev olduğundan İ.Hidayətzadəyə “gözün üstə qaşın var” deyən də olmayıb. Amma 2013-cü ildən sonra bu bölgədə tütünçülük rentabelliyini itirib. Məsələn, mənbəmiz deyib ki, respublikanın ən böyük tütünçülük rayonlarından olan və bu sahə üzrə ixtisaslaşan Şəkidə son 5 ildə 1 ton tütünün alış qiyməti təxminən 1000-1500 manat olub. Daha bir maraqlı məlumat isə budur ki, C.Hacıyevin bankın pullarından istifadə edərək bütün gəlirli sahələrə girişməsi, külli miqdarda pul xərcləməsi digər oliqarx-məmurları qəzəbləndirirmiş. Onun tütünçülükdən də pul qazanması “siqaret mafiyası”nda ciddi narazılıq yaradıbmış və zavodların rentabelli işləməməsinin səbəbləri sırasında rəqiblərinin də rolu var.



İddialarda deyilir ki, İ.Hidayətzadə istintaqda pulların əvəzinə avadanlıqları təklif etsə də, bununla razılaşmayıblar. Ümumiyyətlə, istintaq heç bir halda borclulardan mal-mülk qəbul etmir. İ.Hidayətzadə adına götürülmüş borcları qaytarmaq üçün vaxt istəyib və bu imkan ona tanınıb. Onun ölkədən çıxışına qadağa qoyulub və istintaq nəzarətində olub. Amma uzun zaman keçsə də, bacanaq pulun heç üçdə-birini də toplaya bilməyib. Nəhayət, yuxarıların sanksiyasından sonra İ.Hidayətzadə həbs olunub.

Məlumata görə, sabiq bankirin biznesindən sorumlu ən yaxın adamı Adil Hüseynovdan sonra İ.Hidayətzadənin də həbsi C.Hacıyevin başı üzərindəki təhlükəni daha da artırıb. Məlumdur ki, Beynəlxalq Bankın Dubay filialının rəhbəri olan Adil Hüseynov C.Hacıyevin bu şəhərdə qurduğu iki zavod işinə görə həbsdədir. Onunla bağlı istintaq müddəti ötən həftə daha üç ay uzadılsa da, indiyə kimi hər hansı istintaq hərəkəti həyata keçirilməyib, ifadə verməyib və ən əsası hər hansı üzləşmə həyata keçirilməyib. İ.Hidayətzadə də sabiq bankirin qurduğu zavodlardan sorumlu kimi indi həbsə düşüb və bu, artıq C.Hacıyevə ciddi xəbərdarlıqdır. Mümkündür ki, bu adamların həbsi C.Hacıyevin “delosu” üçün vacibdir və sırada Beynəlxalq Bankın sabiq rəhbəridir...



Yeri gəlmişkən, Beynəlxalq Banka 500 milyona yaxın borcu olan “Avesta” konsernin rəhbəri Hacı İbrahim Nehrəmlinin yaxın adamlarından olan Vaqif Bağırov barəsində İnterpol xətti ilə axtarış elan olunub.

1970-ci ildə Şahbuz rayonunda anadan olmuş Vaqif Bağırov Hacı İbrahim Nehrəmlinin sahibi olduğu “Avesta” konsernində baş mühasib vəzifəsində çalışıb. O, Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə ittiham elan edilib. Ölkədə olmadığını görə onun qırmızı xətt üzrə axtarışına qərar verilib.

Bir müddət əvvəl Azərbaycandakı bəzi KİV-lə əlaqə saxlayaraq H.İbrahimlə bağlı iddialar irəli sürən V.Bağırov Afrikada yaşadığını deyib. Onu da qeyd edək ki, V.Bağırovun Bakıda tikilmiş binalarda vətəndaşlara satılmış mənzillərin digər şəxslərə satdığı iddia edilirsə də, borclu oliqarxın “pul kisəsinin sirlərini” bilən V.Bağırov Beynəlxalq Bank işi ilə də bağlı istintaq üçün maraqlı fiqurantdır.

“Yeni Müsavat”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar