Bakı Apellyasiya Məhkəməsində Bakı ş. sakini Ənvər Həsənovun, Qulam Şücainin CM-nin 120.2.1 (bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə), 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 221.2.1 (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə), 228.4 (qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və ya gəzdirmə) və Füzuli rayon sakini Pərviz Ağayevin CM-nin 221.2.1 (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
2013-cü ilin oktyabr ayının 18-nə keçən gecə təxminən saat 3 radələrində, Binəqədi rayonu, Naxçıvani küçəsi, 13 ünvanındakı “Magic Club” çay evinin icarədarı Ənvər Həsənov ora müştəri qismində gələn Səttar Məmmədzadəyə (1989-cu il təv.) aralarında yaranan mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürüb.
Fakta görə həmin tarixdə Binəqədi rayon prokurorluğunda ilkin olaraq CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi qaldırılıb. Səhərisi gün Ənvər Həsənov (1993-cü il təv.), Pərviz Ağayev (1988-ci il təv.) və Qulam Şücai (1987-ci il təv.) Binəqədi RPİ 5-ci polis bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıblar.
İstintaqla müəyyən edilib ki, Ənvər Həsənov hadisə baş verən gün dostu Pərviz Ağayevlə şərik işlətdikləri çay evində olarkən Səttar Məmmədzadə ilə Ceyhun İdrisov ora gəliblər. Masa arxasında dostlar öz aralarında söhbət edərkən orada olan Ənvərlə Pərvizin tanışı Qulam Şücai onların “Vorovski” qəsəbəsində yaşadığını bilib.
Qulam söhbətə müdaxilə edərək həmin qəsəbədə yaşamış cinayətkar aləmlə əlaqələri olan bir neçə şəxsi tanıyıb-tanımadıqlarını soruşub. Səttarla Ceyhun belə adamları tanımadıqlarını deyiblər. Qulam həmin şəxsləri tanımamalarını Səttarla Ceyhuna irad tutub və “һəmin qardaşları tanımayanlar özlərini tanımır, deməli, yaxşı oğlanlar deyilsiniz” deyə bildirib. Bununla bağlı gənclərin aralarında mübahisə yaranıb. Şücainin söylədiklərini masaya yaxınlaşan Pərvizlə Ənvər də təsdiqləyiblər.
Qulam xuliqanlıq hərəkətlərinə davam edərək, mübahisəni aydınlaşdırmaq üçün çay evinin ikinci kabinetinə keçməyi təklif edib. Ora yollanarkən, ümumi zalın çıxışında Ənvər qəflətən Səttarın çənəsindən yumruqla vuraraq ona xəsarət yetirib, sonra isə cibindən çıxardığı bıçaqla Məmmədzadəyə 9 zərbə endirib. Yaralı “Mercedes” markalı avtomaşınla Kliniki Tibbi mərkəzə çatdırılaraq əməliyyat olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Səhərisi gün Ənvərlə Qulam Binəqədi RPİ və 5-ci polis bölməsinin əməkdaşları tərəfindən Xəzər rayonunun Buzovna qəsəbəsində Arif Cəfərov soyadlı tanışlarının evində saxlanılıblar.
Məhkəmə prosesində Ənvər Həsənov ittiham üzrə özünü qismən təqsirli bilib, digər şəxslər isə özlərini təqsirli hesab etməyiblər.
Ənvər Həsənov bildirib ki, Səttara 9 bıçaq zərbəsi vurduğunu prokurorluqda olarkən bilib, Məmmədzadə çay evindən çıxanda ünvanına söyüş söydüyündən və həmin vaxt içkili olduğundan onu vurub, lakin öldürmək niyyəti olmayıb. Onun sözlərinə görə, baş vermiş hadisə onun mərkəzi sinir sistemində olan əsəb problemi ilə əlaqədar olub. İt saxladığı və onun təlimi ilə məşğul olduğu üçün həmişə bıçaq üstündə olub.
Pərviz Ağayevin sözlərinə görə, hadisədən sonra o yalnız Ənvərdə bıçaq görüb, başqa heç kimdə kəsici alət və ya digər predmet olmayıb, Həsənovun bıçağı haradan götürməsi barədə məlumatı olmayıb. Özü hadisə vaxtı heç kimə xəsarət yetirməyib.
Qulam Şücai bildirib ki, evə gec getdiyi üçün özünü müdafiə məqsədi ilə həmişə bıçaq gəzdirib, hadisə vaxtı şalvarının bel hissəsində bıçaq olsa da, onu çıxarmayıb və Səttarı vurmayıb.
Zərərçəkən Fərəməz Məmmədov ifadəsində göstərib ki, oğlu Səttar 2008-ci ildə Türkiyənin “Sabançı” Universitetinə daxil olub, 2 ildən sonra isə Azərbaycan Dövlət İqtisad Universitetinə köçürülüb. Bir sıra Avropa ölkələrində kurslarda olub. 2013-cü il oktyabrın 18-də Almaniyada olan zaman qardaşı Qalib Məmmədov zəng vuraraq Səttarın xəstəxanaya yerləşdirildiyini və təcili Bakıya gəlmək lazım olduğunu bildirib. Bakıya çatanda Masallı rayonuna gəlməyi deyəndə Səttarın öldüyünü başa düşüb, yas mərasimində oğlunun “Magic club” çay evində
Ənvər adlı şəxs tərəfindən öldürüldüyünü eşidib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ənvər Həsənov, Qulam Şücai 15 il və Pərviz Ağayev 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzalarına məhkum olunublar. Hökmdən narazı qalan şəxslər apellyasiya şikayətləri veriblər.
Bakı Apellyasiya Məhkəməsi işi araşdıraraq birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb./yenilik.az
[media=https://www.youtube.com/watch?v=Hzz7TioKbHM]