Qarın qardaşdan irəlidi

27-08-2015, 07:59   
Qarın qardaşdan irəlidi
Ölümdən o yanası yoxdur, bir başınızı qaldırın, əlinizi cibinizdən çıxarın, ayılın. Dünən Rasimin ölümünə yananlar bu gün Cavidin qurtuluşuna yarınırlar. Kampaniya başlayıblar. Vəkil Adəm Məmmədov “buzqıran gəmi” kimi Cavidi qurtarmaqdan ötrü arxasında motorsuz qayıqlarla irəliləyir. “Yanacağı” hardan alır, bəlli. Nədən? Nə dəyişdi? Rasim gedəli heç 20 gün deyil. Dəyişən bir şey yox. Adamların iç üzü açılır gün keçdikcə. Zahir yaxşı yazıb; “Rasimin qanı sizə halaldır”. Bundan dəqiq ittiham yoxdur: qaniçənlik. Bundan ötə söyüş yoxdur. Ayılın, ey şöhrət, reytinq, Yotube-nin lüt-ətcəbala reklamları xatirinə hər şeyindən keçən “jurnalistlər”, Rasimin yerinə hər biriniz ola bilərdiniz, hər birimiz ola bilərik.

Qarabağdan deputat, qəzetinin adı ilə əməli hər zaman düz gəlməyən Aqil Abbas deyir: “Mən Cavidi həbsdə görmək istəmirəm”. Bəs Rasimi, Rasimi qəbirdə görmək istəyirsənmi, deputat qardaş, yazıçı müəllim? Istəyirsənsə, yerini deyim; Mehdiabad qəbiristanlığı. “Yeraz”ların bəzəkli qəbirlərinin qurtardığı yer. Üstünə xınayaxdı duvağı - al-qırmızı ipək sərilmiş torpaq məzar. Baş daşı yerində Qaradağ daşı. Rasimin yerinə deputat qardaşın doğma balası (uzaq olsun) güdaza getsəydi, Cavidi harda görmək istərdi, çox maraqlanıram.

Tənzilə xanım Rüstəmxanlı Cavid Hüseynovun atasının bibisi uşaqlarının Qarabağ savaşında şəhidliyindən yazır. Qarabağ savaşçılarıyla Rasimin ölümünü qarşılaşdırmağın özü günahdır. Kaş Rasim də iş başında, lap elə Çingiz kimi Qarabağda çəkilişlərdə öləydi. Onda atası, anası bir elə yanmazdı. Dostları qovrulmazdı, sevgilisi başını əyməzdi. Onda kimsə cavidkimilərə “gözün üstə qaşın var” deməzdi. Rasimin yerinə Tənzilə xanımın oğlu olsaydı (uzaq olsun), yenəmi qohumlarının nümunə əməlləriylə qoruyardı “Qəbələ” futbolçusunu. Ataların əməllərini oğulların adına yazmağa çalışardı? Hə, çalışardımı? Yaxşı atadan yaxşı oğul, pis atadan pis oğul - belə aksioma yoxdur. Hər qoyunu öz ayağından asırlar.


Cavid Hüseynovun dayıları, anası, qardaşı onu necə tərifləyə bilirlər? Adamın oğlu, qardaşı olanda nə olar? Onlar Cavidi sevə bilərdilər, tərifləyəmməzlər. O, ən azı Rasimi dilə tutub qatillərlə görüşə göndərib - suç ortağıdır. Əgər Rasim Cavidi öldürsəydi, onu günahsız bilərdilərmi, ev dustaqlığına buraxılması üçün belə dəridən-qabıqdan çıxardılarmı? Qabıqdan çıxanda qınlarında qondarma tərifdən savayı nə qalardı? Cavid atası ilə öyünüb, onun balaları atalarıyla öyünə biləcəklərmi, faciə budur.

Elşənin ailəsi, qohum əqrəbası, sizin danışmağa diliniz olmasın gərək. Bu nə axmaq xasiyyətdir, hamı özünün, özününkünün günahsız olduğunu sübut etmək üçün nağıllar danışır. Ortada o boyda cinayət var: adamı döyüb öldürüblər. Necə yəni “Qarışqanı əzməyə əli gəlməz”. Rasimi qarışqadan da cılız gördülər? Amma o qarışqa deyildi, bədən çəkisindən böyük ürəyi vardı. Ürək deyirəm sizə, kaş Rasimi tanımış olaydınız. Kaş onun ölümünə yana biləydiniz! Kaş Rasimin qarışqanı belə incidə bilməyəcək qədər mərhəmətli olduğunu görmüş olaydınız.

Rasimi qeri qaytarmaq mümkün olmayan yerdə onu şəxsən tanıyan biri kimi məni Cavidin, Elşənin, o birilərin harada olması düşündürmür. Təki ortalıqda, göz qabağında olmasınlar. Rasimin anasının isə tək təsəllisi onların divarın o üzündə, barmaqlıqlar arxasında olmasıdır. Bu təsəllini də tək oğlunu itirən anaya çoxmu görürsünüz? Ramiz Rövşən demiş, “qara-qara qarışqalar” istər gecə evlərində yatsınlar, ya türmədə, fərq etməz - yuxu onlara haram olacaq. Amma bu gün tanınan futbolçudur deyə Cavidin evə göndərilməsinə çalışmaq Rasimin qanını batırmaqdır. Ağlı başında olmayan Azərbaycan gəncinə çox pis nümunədir. Cəzasızlığa meydan verməkdir. Rasimi iki yumruq, üç təpiklə qəbiristanlığa göndərmədilərmi, onların da yeri türmədir, cəzası həbsdir. Leyla Yunusu, Intiqam Əliyevi, Rəsul Cəfərovu, Xədicə Ismayılı, Seymur Həzini aylarla həbsxanada saxlayan ədalət məhkəməsi hansı üzlə Cavidi evinə buraxa bilər. Onların ki, adı kimsənin ölümündə hallanmırdı. Buraxmadılar, buraxmayacaqlar. Cavid də cəzasını çəkməlidir. Ailəsi, vəkili qarışıq kimsə onun günahsız olduğunu deyə bilməz. Bu olayda “günahı yoxdu” yoxdu. Cəzasını çəkməlidir; azdı az, çoxdu çox. Azərbaycanın gələcəyi futbolda deyil, “Qəbələ” bu mövsüm qazana bilməz, gələn il itirdiklərinin əvəzini çıxar. Rasimi kim həyata qaytaracaq?

Bizlərin bəlası nədir, bilirsinizmi? Hər acını içimizdən keçirib öz acımız kimi yanaşmamaq. Hər şeyi bilib də öləcəyimiz günü bilməmək.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar