İqtidarın antiböhran masası - iki çıxış yolu var...

1-09-2015, 08:27   
İqtidarın antiböhran masası - iki çıxış yolu var...
Hökumət neftsiz iqtisadiyyatı necə qurmaq istəyir? ; Qarşıdan 2016-cı ilin dövlət büdcəsinin formalaşdırılması gəlir; bu dəfə “büdcəni neftə oturtmaq” mümkün olmayacaq; hakimiyyət son aylar beynəlxalq yük daşımaçılığı ilə məşğul olan iri şirkətlərin səhmlərinə külli-miqdarda investisiya yatırır; ikinci istiqamətsə ...
Dünyada neftin qiymətinin kəskin ucuzlaşması və bu prosesin yaxın illərdə də davam edəcəyi ilə bağlı pessimist proqnozlar Azərbaycan hakimiyyətini ciddi düşündürür. Çünki qarşıdan 2016-cı ilin dövlət büdcəsinin formalaşdırılması gəlir ki, artıq “büdcəni neftə oturtmaq” mümkün olmayacaq. Üstəlik, Ermənistanla müharibə vəziyyətində olan ölkənin hərbi büdcəsində, eləcə də qaçqın və məcburi köçkünlərlə bağlı sosial layihələrdə ixtisarlar da qeyri-mümkündür ki, bu da hakimiyyəti əlavə maliyyə mənbələri axtarmağa vadar edir.

Doğrudur, bəzi ekspertlər Azərbaycanın kredit götürmək limitinin olduğunu və maliyyə böhranının yaşanmayacağını deyirlər. Amma kredit verilməsi şərtlərinin bir sıra fəsadları da var ki, bunun ən bariz nümunəsi Yunanıstandır. Bu səbəbdən də rəsmi Bakının Dünya Bankından və ya ayrı-ayrı dövlətlərdən kredit götürəcəyi indilikdə real görünmür. Bəs bu halda vəziyyətdən çıxış yolu nədir və hakimiyyət hansı qabaqlayıcı addımlar atır?

***
Məlumdur ki, iqtidar hələ 2009-cu ildən Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün ciddi addımlar atmağa başlayıb. Qeyr-neft sektorunun inkişafı üçün isə yeni Amerika kəşf etməyə ehtiyac qalmayıb. Əsas çıxış yollarından biri Azərbaycanın əlverişli coğrafi mövqeyindən istifadə edərək tranzit daşımaçılıqdan əldə edilə biləcək gəlirdir.

Məlumdur ki, ötən ilin sentyabrında Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışı olub. Bu liman Xəzər dənizində ən böyük ticarət limanıdır və bütün Xəzəryanı ölkələrə xidmət göstərir. Bu liman vasitəsilə ərazimizdən daşınan tranzit yüklərin həcmi artıq bir neçə dəfə artıb. Azərbaycan dəmir yolunun daha çox yük daşıyan hissəsi Bakı-Dərbənd sahəsidir. Dəmir yolu vasitəsilə əsasən neft tikinti materialları, filiz, qara və əlvan metallar, maşın və avadanlıq, ərzaq, tankerlər vasitəsilə neft daşınır. Buna paralel olaraq Bakı-Tiflis-Qars dəmir yolu tikintisi də artıq yekun fazaya daxil olub. Tikintisinə 2007-ci ildən başlanan bu nəhəng proyekt Azərbaycanı dəmir yolu vasitəsilə Avropa ilə birləşdirəcək. Azərbaycan Avropa ilə Asiya arasında bir dəmir yolu körpüsü olacaqdır. Bu dəmir yolunun işə düşməsi Azərbaycan üçün həm siyasi, həm iqtisadi, həm də strateji baxımdan böyük əhəmiyyət daşıyır. Dəmir yolu vasitəsilə Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa çıxış əldə edəcək. Dəmir yolu ilə bir günə Qarsa və iki gün yarıma İstanbula getmək mümkün olacaq.
Hesablamalara görə, dəmiryolu fəaliyyətə başlayandan sonra ən azı əlavə 10 milyon ton yük Azərbaycan ərazisindən keçəcək. Qarsda Azad Ticarət Zonasının yaradılması planı da var ki, bu həm Azərbaycana, həm də Qafqaza çox önəmli ticarət imkanları yaradacaq. Azad Ticarət Zonasına bir çox investorlar gələcək ki, bu da ölkəmizin xarici iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edəcək.



Ölkəmizin bölgədə Avropaya ən yaxın və ən sərfəli enerji dəhlizi rolunu oynaması, nəhəng layihələrin gerçəkləşməsində həlledici söz sahibi olması da qlobal neft böhranında Azərbaycanın büdcəsinə milyardlarla vəsait daxil olmasına imkan verir.

Məlumatlara görə, Azərbaycan hakimiyyəti son aylar beynəlxalq yük daşımaçılığına xeyli investisiya yatırıb. Dünya okeanlarında nəhəng neft və digər yük daşımaçılığı ilə məşğul olan iri şirkətlərin səhmlərinə külli miqdarda investisiya yatırılıb. O cümlədən, xüsusilə Avropada quru yolla yük daşımaçılığında xeyli gəlir əldə edən Türkiyədə bu işə ciddi maliyyə yatırımları edilib.

***



Vaxtilə SSRİ-də ən güclü sənaye potensialına malik Azərbaycan iqtisadiyyatının bu sahəsini də inkişaf etdirilməsinə real imkanlar var. Son zamanlar ölkədə sənayeləşmə prosesi nəticəsində qeyri-neft sənayesi 14 faiz artıb. Yaxın illərdə ölkənin hər bir rayonunda sənaye zonalarının və sənaye parklarının yaradılması nəzərdə tutulur ki, bu da öz növbəsində daha yüksək nailiyyətlərə yol aça bilər. Sənayenin inkişafı isə yerli və xarici iş adamlarından asılıdır. Azərbaycanda biznes mühiti inhisarlaşıb və iri sənaye obyektləri də bu və digər dərəcədə məmur-oliqarxlara bağlıdır. Bu isə istər-istəməz inkişaf və rəqabət prosesini tormozlayır. Rüşvət və inhisarçılıq aradan qalxmadıqca iqtisadiyyatı gücləndirmək mümkünsüzdür. Prezidentin bir neçə dəfə xəbərdarlığına baxmayaraq, iqtisadiyyatda monopoliyanı aradan qaldırmaq mümkün olmur. Amma batan və ya təhlükə ilə üzləşmiş gəmini xilas etmək üçün kapitan hətta gəmi heyətini belə açıq dənizə atmaqda səlahiyyətlidir... Beynəlxalq Bank işində iqtidarın heç kimə güzəşt etməməsi bunu təsdiq edir...




***
Neftdən asılı olmayan ikinci mühüm model isə ölkənin kənd təsərrüfatının inkişafıdır. Bu il ölkədə “Kənd təsərrüfatı il” elan olunub. Prezident kənd təsərrüfatının inkişafı üçün bu il çox önəmli fərman imzalayıb. Dövlətin dəstəyi ilə iri fermer təsərrüfatları yaradılır. Fermerlərə torpaq vergisindən başqa digər vergilər tətbiq olunmur. Kənd təsərrüfatı və qida sənayesində istifadə olunmaq məqsədilə ölkəyə idxal olunan müəyyənləşdirilmiş məhsul və avadanlıqlar üçün gömrük rüsumu və ƏDV də yoxdur.



Azərbaycan ərazisinin 54,3 faizi isə aqrar sahə üçün yararlı torpaqlardır. Üstəlik, hazırda ölkə əhalisinin 47 faizi aqrar bölgələrdə yaşayır. Kənd təsərrüfatında çalışan işçilər ümumi məşğul əhalinin 37,1 faizini təşkil edir. Sahibkarlığın stimullaşdırılması, güzəştli kreditlərin verilməsi, fermerlərə subsidiyaların ayrılması üzrə ciddi tədbirlər görülür. Son illər aqrar sahədə islahatların həyata keçirilməsi nəticəsində müəyyən inkişaf təmin edilib, heyvandarlıq və bitkiçilikdə struktur dəyişiklikləri baş verib, məhsul istehsalının artırılmasında nailiyyətlər əldə edilib.

Azərbaycanın özünü ərzaq məhsulları ilə tam təmin etmək, həmçinin xaricə məhsul ixrac etmək üçün bütün imkanı var. Xüsusilə son bir neçə ildə aparıcı ölkələrdə maliyyə bazarında baş verən neqativ meyllər, Avropaya üz tutan miqrantların sayının astronomik həddə artması nəticəsində ərzaq məhsullarına olan tələbatın yüksəlməsi, iqlim dəyişkənliyi, su ehtiyatlarının məhdudluğu, təbii fəlakətlər və digər səbəblər kənd təsərrüfatı məhsullarının dünya bazarlarında qiymətinə təsir edib. Bu baxımdan da hakimiyyət Azərbaycanda əhalinin etibarlı ərzaq təminatını daxili imkanlar hesabına ödəməyi düşünür. Bugünlərdə Avropa İttifaqının Bakıdakı nümayəndəliyindən bildiriblər ki, Aİ ölkələri Azərbaycandan qida məhsullarının ixracında maraqlıdırlar. Bu isə bir il yarım müddətində aqrar sahədə baş verən müsbət dəyişikliklərlə bağlıdır.

Kənd təsərrüfatının inkişafı prosesi iki əsas sahəyə - əkinçiliyə (yaxud bitkiçilik) və heyvandarlığa bölünür. Bu sahələr arasındakı nisbətə görə Avropa ölkələri arasında kəskin fərqlər var. Bu da ilk növbədə əmək, yaxud kapital tutumundan, yerli təbii şəraitin xarakterindən asılıdır. Müasir aqrotexniki qaydalardan və elmi nailiyyətlərdən geniş istifadə edən Qərbi Avropa və Şərqi Avropa ölkələrinin əksəriyyətində heyvandarlıq əkinçilikdən kəskin surətdə üstünlük təşkil edir. İspaniya, Portuqaliya, Yunanıstan, xüsusilə Yaponiya kənd təsərrüfatında əkinçilik başlıca rol oynayır. Bu baxımdan da Azərbaycan həm əkinçiliyin, həm də heyvandarlığın paralel inkişafına çalışmalıdır.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi ölkədə istifadə olunmayan yararlı torpaqlara görə İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi ilə bağlı hökumətə təkliflər təqdim edib. Fins.az-ın “Report”a istinadən məlumatına görə, bu barədə kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev bildirib. Nazir müavini deyib ki, yaxın zamanlarda məcəllədə bununla bağlı dəyişikliklər ediləcəyi gözlənilir.

Onun sözlərinə görə, əkinə yararlı istifadə olunmayan torpaq sahəsinə görə cərimə sanksiyalarının tətbiq olunması nəzərdə tutulub: “Bu da yəqin ki, torpaqların istifadəsinə öz təsirini göstərəcək”. Aydındır ki, yalnız bu cür inzibati yollarla kəndlini istifadəsiz torpaqları əkib-biçməyə həvəsləndirmək mümkün deyil.

Belə görünür ki, hökumət hamını yedirib-doyurmağa məsul olsa da, yaxınlaşmaqda olan hansısa iqtisadi böhranın məsuliyyətini tək öz üzərinə götürməyə meylli də deyil...

“Yeni Müsavat”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar