Cəbhə xəttində hərbi əməliyyatlar intensivləşib. Musavat.com-a daxil olan məlumata görə, Ermənistan silahlı qüvvələri cəbhənin Qazax istiqamətində fəallaşıb. Ermənistan ordusunun ağır artilleriyadan istifadə etdiyi, Azərbaycan Ordusunun şəhid verdiyi bildirilir.
Şəhidlərdən birinin adını dəqiqləşdirmək mümkün olub. Bu, 20.08.1991-ci ildə Lerik rayonunun Pirasora kəndində doğulmuş gizir Ağayev Ruslan Qalib oğlu. Ruslan Ağayev Lerik hərbi komissarlığından hərbi xidmətə çağırılıb. Şəhidin qardaşı Musavat.com-a xəbəri təsdiqləyib. Ruslan Ağayev bu gün dəfn edilməlidir.
Musavat.com-un əməkdaşı hadisənin təfərrüatlarını öyrənmək üçün Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı ilə əlaqə saxlayıb. Cənab Dərgahlı xəbəri dəqiqləşdirdikdən sonra məlumat verəcəyini desə də, bu saatlara qədər əməkdaşlarımız heç bir rəsmi məlumat ala bilməyiblər.
Məlumatı dəqiqləşdirmək cəhdlərimiz davam edir.
***
Ermənistan mətbuatının yaydığı məlumata görə, setnyabrın 1-i axşam saatlarında cəbhə xəttində - Ermənistanın Tavuş rayonu, Ayqepar və Çinari kəndləri yaxınlığında həqiqi hərbi xidmət çəkən 1996-cı il təvəllüdlü Vladimir Aramoviç Qevorkyan və 1993-cü il təvəllüdlü Qor Ambartsumoviç Qevorkyan yaralanıb.
Bundan başqa, Ermənistan ordusu Azərbaycan hərbçiləri ilə silahlı qarşıdurma zamanı itki verdiyini bəyan edib. ANS PRESS-in məlumatına görə, erməni mətbuatı erməni hərbçiləri ilə azərbaycanlı hərbçilər arasında vəziyyətin gərginləşdiyini yazıb.
Bildirilib ki, atəşkəsin pozulması zamanı qondarma Dağlıq Qarabağ Respublikasının ordusu itki verərək geri çəkilməli olub. Ermənistan saytları həlak olanlardan birinin adını da açıqlayıb.
"Silahlı toqquşma zamanı cəbhənin şərq hissəsində tağım komandirinin müavini Axarun Armyan həlak olub. Bundan başqa, daha bir zabitin öldüyü bildirilir. Lakin hələlik onun kimliyi bəlli deyil", - deyə erməni mətbuatı öz itkiləri haqqında məlumat yayıb.
Yazının sonunda iki gün əvvəl kəşfiyyatçı dəstənin komandirinin öldürülməsi də xatırlanıb: "Daxil olan məlumata görə, iki gün əvvəl azərbaycanlı snayper kəşfiyyatçı dəstənin Yezid Həsən ləqəbli komandirini öldürüb." Qeyd edilib ki, Yezid Həsən cəbhənin həmin hissəsində uzun müddət kəşfiyyat aparıb.
Musavat.com