Problemli kreditlər problemi: daha ağır dövr gəlir...

5-09-2015, 22:51   
Problemli kreditlər problemi: daha ağır dövr gəlir...
2010-cu ildə fransız rejissor Jan-Stefan Bron “Klivlend Uoll-Stritə qarşı” adlı sənədli filmini çəkir. Süjetin mərkəzində kredit sisteminin qurbanı olan bütöv bir şəhər - ABŞ-ın məşhur Klivlend şəhəri dayanır.

Cəmisi bir neçə ay ərzində 20 min ailə (100 min şəhər sakini) ev-eşiyini itirir, bütöv məhəllələr boşalır. Çünki onlar götürdükləri kreditləri qaytara bilmirlər.

Sakinlər düşdükləri çarəsiz vəziyyətdə onları şirnikləndirən, ödəmək imkanında tamamilə məhrum vətəndaşlara kreditləri sırıyan bankları ittiham edirlər.

Sonunda Klivlend sakinlərinin Uoll-Stritə qarşı məhkəmə prosesi başlayır. Proses hələ də davam edir və onun sonu görünmür. Bəlli olan isə odur ki, bankirlər uduzmayacaqlar.

Əlbəttə, bu epopeyada vətəndaşları qınamaq ən əsas işdir: qaytara bilməyəcəkdinizsə - götürməyəydiniz.

Onları insan acgözlüyünün qurbanları saymaq olar. Ancaq onları məhz Sistem bu cür formalaşdırıb. Kapitalizm - vitrinlər sistemidir. Burada təbliğat, insan istehlakçılığında oynamaq və reklam vasitəsilə fərdləri qarmağına salan Sistemin rolu əvəzsizdir. Obıvatelin düşünən və məsuliyyətli adamlardan fərqi də maddiyyata vurğunluğu, meşşan həyat tərzinə aludəliyindədir.

Banklar da bu hisslərdən mükəmməlliklə faydalanırlar. Və bu cür situasiya hazırda dünyanın hər yerindədir.



***

Azərbaycanda problemli kreditlərin sürətlə artan həcmi oxşar vəziyyətin bizdə də yaranacağını göstərir. Və artıq söhbət ayrılıqda götürülmüş hansısa şəhər və ya rayon mərkəzindən yox, bütün ölkədən gedir (Düzdür, elə məntəqələr var ki, əhalisi başdan başa borcun içindədir. Məsələn, Qazaxın kəndlərindən birinin bütün sakinlərinin bir fırıldaqçı vasitəsilə banklara borclu hala salındığını virtualaz.org saytında aylarla əvvəl yazmışdıq).

Bu isə sosial gərginliyin çox güclü detonatoru rolunda çıxış edə bilər.

İş yerlərinin sayı azaldıqca, xaricə işləməyə yollanan qastarbayterlərin vəziyyəti mürəkkəbləşdikcə və manatın sürünən devalvasiyası davam etdikcə vəziyyət daha da ağırlaşır. Hazırda bütün Azərbaycan rejissor Bronun filmindəki Klivlend şəhərinin vəziyyətinə yaxınlaşır.



Problemli kreditlərin həcmi isə günbəgün böyüməklə həyəcanlı statistikası ilə narahatlığı daha da artırır. Söhbət həm mikrokreditlərin, həm də iri həcmli kreditlərin banklara qaytarılmamasından gedir.

Son statistik rəqəmlərə nəzər salaq. Fins.az bildirir ki, 2015-ci ilin ilk yarısının yekunlarına görə, ölkədəki mikrokredit təşkilatlarının kredit portfelində problemli kreditlərin həcmi 4,1 dəfədən çox yüksəlib. Ötən ilin iyulu üçün problemli mikrokreditlərin həcmi 12,5 milyon dollar idi, hazırda isə həmin rəqəm 51,8 milyon dollara yaxındır.

Mikrokrelit portfelində problemli kreditlərin həcmi 1,5 faizdən 7,6 faizə qalxıb. Ayrı-ayrı təşkilatlarda isə problemli kreditlərin həcmində daha böyük, hətta 10 dəfələrlə artım baş verib. Üstəlik, problemli kreditlərin artımı demək olar ki, mikrokreditləşmə ilə məşğul oan bütün təşkilatlarda baş verib.

Ölkədə mikrokreditləşmə ilə 8 bank məşğul olur. Onların bəzilərində problemli kreditlərin həcmi xüsusilə kəskin şəkildə artıb. “Bank of Baku”nun mikrokredit portfelində probleili kreditlərin payı 6 dəfə artaraq 2 faizdən 11,6 faizə qalxıb.

Ən böyük artım “Bank Respublika”da baş verib. Əgər ötən il bankın mikrokredit portfelinin cəmi 0,1 faizi problemi sayılırdısa, indi bu rəqəm 31 faizi keçib. Başqa sözlə, bankın 62 milyon dollarlıq mikrokredit portfelinin 19 milyon dollarıı problemlidir.

Hazırkı iqtisadi vəziyyət irəlidəki dörlərdə bu neqativ tendensiyyanın daha da drinləşəcəyindən xəbər verir. Çünki vətəndaşların ödəmək imkanları sürətlə tükənməkdədir. Yəni əksər əhali kreditlərin quluna və qurbanına çevrilib.



Eyni zamanda aydındır ki, mikrokreditlərdə problemli kreditlərin bu qədər sürətlə artımı iri məbləğli kreditlərlə bağlı vəziyyətin daha acınacaqlı olduğunu deməyə əsas verir. Yəni problemli kreditlərin ümumi həcmi də tamamilə astronomik rəqəmlərlə ifadə olunmalıdır.

Bu ilin mayında Azərbaycan Mərkəzi Bankı öz açıqlamasında ölkədə problemli kreditlərin ümumi həcminin artaraq 1,2 milyard dollara çatdığını bildirmişdi. İrəlidəki aylarda bu rəqəmin daha da böyüdüyü məntiqidir.

Qeyd edək ki, 2015-ci ilin fevralından (yəni manatın devalvasiyadan) mayına kimi - vur-tut 3 ayda problemli kreditlərin ümumi həcmi nə az, nə çox - 24 faiz artmışdı.

Elə həmin vaxt iqtisadçı Samir Əliyev qaytarılmayan kreditlərin həcminin rəsmi göstəricilərdəkindən yüksək olduğunu söyləyərək bu rəqəmin ümumi kreditlərin 20 faizinə çatdığını bildirmişdi. Onun sözlərinə görə, yaranmış vəziyyət yalnız manatın devalvasiyası ilə bağlı deyil, burada öz kredit portfellərini bütün üsullarla artırmağa çalışan bankların səhv menecmentinin də rolu böyükdür.



Yəni banklar kreditləri onları qaytara bilməyəcək şəxslərə ayırır, fərdlər isə bu borc uçurumuna yuvarlanarkən qətiyyən istəklərinin imkanlarına uyğun gəlmədiklərinin fərqində olmurlar.

Beləliklə, yaranmış vəziyyət irəlidə daha da çətin günlər vəd edir. Problemli kreditlərin həcmi böyüməkdə davam edəcək, iqtisadi vəziyyət əhalinin borclarla hesablaşmaq ümidlərini gündən-günə daha da illüzorlaşdıracaq. Bu isə sosial gərginlik üçün mənbə rolunu oynayacaq...

Məmməd Süleymanov

Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar