91-lər hakimiyyətin saxtakarlığını bir-bir dilə gətirir

9-09-2015, 08:29   
91-lər hakimiyyətin saxtakarlığını bir-bir dilə gətirir
Hakim partiyada gedən proseslər haqqında dəfələrlə yazmışıq. Heç kimə sirr deyil ki, YAP-ın qurucuları partiyadan kənarlaşdırılıb, “qara siyahı”ya salınıb. Yenilərin köhnələri sıxışdırması həmişə tərəflər arasında mübahisəyə səbəb olub. Məsələ burasındadır ki, hər dəfə 91-lərin açıqlaması YAP hakimiyyətinin mahiyyətini bir daha ortaya qoyur.

Bugünlərdə YAP-ın məşhur simalarından biri, 91-lərin üzvü, keçmiş deputat və Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlu mətbuata açıqlama verdi və olduqca kəskin fikirlər söylədi: “Yeni Azərbaycan Partiyasında şəxsi təşəbbüslə çıxış etməyin yaxşı nəticəsi olmur. Bunu nəzərə alaraq namizədliyimi verməkdən imtina etdim. Çünki təşəbbüsüm özümü çətin vəziyyətə sala bilər. Kimlərinsə adlarını çəkmək mənə xeyir gətirməz. Üstümə şığıyarlar. Bunu etiraf edirəm. Bəzi ”sədaqət” sahibləri xoşlamadıqları adamı ləkələməkdə ustadırlar. 2-3 belə “usta” özlərinə sərf edən iformasiya ilə hədəf götürdükləri adamın belini elə qırırlar ki, bir də özünü düzəltməsi mümkün deyil. Indi onlar elmi də, poeziyanı da, digər sahələri də monopoliyaya alıblar. Vəzifə ailəvi alimlər yetişdirir. Ər və arvad, oğul və qız hamısı elmin korifeyinə dönüb. Hələ elə “düha” var ki, ayda 3-4 kitab ortaya qoyur. Xidmət barədə isə danışmaq təhlükəlidir. Adamın gözünü çıxararlar”-deyə Eldar Sabiroğlu bildirmişdi.


Ardınca qocaman YAP-çı, 91-lərin məşhur nümayəndəsi Əli Əlirzayev mətbuata açıqlama verdi və bunları söylədi: “Mənim ürəyimdən deputatlığa namizəd olmaq keçir. Amma mənim namizədliyimi irəli sürməzlər. Mən bundan əvvəlki seçkilərdə namizədliyimi vermişdim. Lakin Gülər Əhmədovanı qabağa verdilər və ən az səs mənə yazdılar. Indi də bilirəm ki, müstəqil şəkildə namizədliyimi versəm belə, seçkinin nəticələrinə baxmayacaqlar. Öz istədiklərini deputat edəcəklər”.

Əli Əlirzayevin bu açıqlaması seçkinin təyinatla həyata keçirildiyinin, yalnız hökumətin istədiyi namizədlərin mandat qazandığının etirafı idi. Bu etiraf hökuməti narahat etdi və YAP icra katibinin müavini Siyavuş Novruzov qocaman YAP-çıya belə cavab verdi: “2005-ci ildə YAP lazımı dəstəyi göstərdi, amma Əli Əlirzayev seçilmədi. Dünya praktikasında da belə təcrübə var ki, bir namizəd bir dairədən seçilmirsə, onun namizədliyi təkrar ÿirəli sürülmür. Artıq burda seçicilərin münasibətindən söhbət gedir, yəni onu seçmədilər. Ona görə də burada partiyanı günahlandırmaq düzgün deyil. YAP araşdırma aparır, kimin seçicilər tərəfindən şansı böyükdürsə, onun namizədliyini dəstəkləyir. Ola bilər kiminsə titulu böyük olsun, amma seçici istəmir də onu…Seçicini məcbur eləmək olmaz axı”.ÿ

Bu dəfə Əli Əlirzayevin cavabı daha sərt və ifşaedici oldu. “Xalqın məni dəstəkləmədiyini S. Novruzov haradan bilir. Bunu nəylə ölçür. O 2005-ci ildə olan məsələləri deyir. Siyavuşun izahatına heç bir ehtiyacım yoxdu. Xalqım məni dəstəkləyir və sevir. Mən xalqın üzünə çıxmağı bacaran adamam. Xalq məni deyil, onu dəstəkləmir. Ötən dəfə mənə 200 səs yazdılar. Guya ki, xalq məni dəstəkləməyib. Amma mən 400 səs yığmışdım. Həmin səslə qeydiyyatdan keçə bilərdim. Bununla mənə ”Əli müəllim çəkil” dedilər. Belələrini yarımçıq adam adlandırıram. Mən obyektiv, möhkəm və işguzar adam olmuşam. Ikiüzlü olmamışam. Kimisə boğazdan yuxarı tərfiləməmişəm. Kiməsə möhtac olmamışam. Heç kəsdən mənzil istəməmişəm. Həmişə düz danışmışam. Ona görə də indikilər məni istəmir. Indi özlərini Heydər Əliyevçi adlandıranlar əvvəllər H.Əliyevə “get” deyənlər olub. Mən Şahbuzda, Babəkdə ciddi işlərlə məşğul olanda indikilər çay gətirməklə məşğul olurdular. Yaşlı nəslin öz parlament ənənəsi mövcuddur. Yaşlı nəsil xalqın mənafeyini müdafiə edir. Mən xalqın mövqeyindən çıxış edib, deyəndə ki, əmanətlər qaytarılsın, deyirdilər ki, Ə.Əlirzayev müxalifətə keçib. Onlar hansı məktəb keçiblər? Deputat mandatından istifadə edib, doktor olublar. Deputatlıqdan istifadə edib müəssisə yaradıblar. Kimlərəsə “krışalıq” edib qanunsuzluq törətdiriblər. Əksəriyyəti müxalifətçi olub. Parlamentdə eləsi var ki, yüzlərlə partiya dəyişib. YAP-ın ilk təşəbbüskarlarından bir mən olmuşam. Ona görə də bizim parlamentdə olmağımızı istəmirlər. Onlar bizi görəndə həyacanlanırlar. Çünki biz hər şeyi daha yaxşı və dəqiq bilirik”- deyə Əli Əlirzayev bildirib.

Əli Əlirzayevin kimləri nəzərdə tutduğunu müəyyənləşdirmək çətin deyil. Həqiqətən də bu gün alovlu YAP-çı kimi çıxış edənlər 4-5 partiya dəyişmiş adamlardı və bu adamları şəxsi karyera, daha çox qazanmaq ehtirası YAP-çı edib.

Həm Eldar Sabiroğlunun, həm də Əli Əlirzayevin səsləndirdiyi fikirlər bəlli həqiqətlərdi. Amma bu fikirlərin YAP-çıların dilindən səsləndirilməsi məlum həqiqətlərə möhür vurur.

Ümumiyyətlə, YAP-da köhnələrlə yenilərin savaşı həmişə hiss olunub. Həmişə də köhnələrin arqumenti daha güclü olub.

Azad
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar