"Aqrarkredit"in rəhbəri Məmməd Musayev və Sahibkarlığa Kömək Milli Fondunun sədri Şirzad Abdullayev şəhid atası Əli Hüseynovu şərləyir. Bunun Əli Hüseynov prezident İlham Əliyevə və İstiqlal.az-a ünvanladığı məktubunda bildirib.
Əli Hüseynov yazır ki, o, Sahibkarlığa Kömək Milli Fondunun xəttilə kredit götürərək 200 baş qoyun alıb. Həmin qoyunlar isə Biləsuvardakı 60 hektarlıq ərazidə tikilən fermada saxlanılır: "Mənim üzərimə düşən öhdəlik 200 baş qoyun almaq idi. Bundan sonra "Aqrarkredit"in nümayəndəsi mənim öhdəliyimə əməl edib-etmədiyimi yoxlamalı idi. Lakin dəfələrlə müraciət etməyimə baxmayaraq Məmməd Musayev Şirzad Abdullayevlə əlbir olaraq öz vəzifəsini yerinə yetirmir. Təsəvvür edin, mən Məmməd Musayevə müraciət göndərmişəm.
Şirzad Abdullayev
Ordan isə mənə cavab gəlib ki, bəs sizə 50 min pul vermişik ki, 200 baş qoyun alıb 8 sot ərazidə saxlayasınız.
Cənab prezident, bu adamlar hansı savada və məntiqə malikdirlər özüm də təəccüb qalmışam. Axı balaca uşağa da sual versən ki, 200 baş damazlıq qoyunu 8 sot ərazidə saxlamaq olarmı? Cavab verəcək ki, yox. Bunu bilmək üçün Amerika kəşf etməyə ehtiyac yoxdur. Amma Məmməd Musayevlə Şirzad Abdullayevin deyəsən belə "kəşflər"dən xoşu gəlir. Bu adamlar faktiki olaraq sizin tapşırıqlarınızı, sərəncamlarınızı, ölkə qanunlarını ayaq altına atır. Siz dəfələrlə çıxışlarınızda bildirmisiniz ki, Azərbaycanda sahibkarlığın inkişafına təkan verilməlidir. Məmurlar sahibkarların fəaliyyətinə əngəl törətməməlidir. Amma Məmməd Musayev və Şirzad Abdullayev faktiki olaraq bunun əksini edir".
Məmməd Musayev
Əli Hüseynov daha sonra yazıb ki, ona qarşı bu münasibətin kökündə rüşvət faktı dayanır: "Mən açıq danışacam. Bu adamlar məndən "şapka" istəyirlər. Amma mən işimi Azərbaycan qanunları çərçivəsində gördüyümə görə, eyni zamanda sizin rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə çağırışlarınıza dəstək verdiyimə görə onlara "şapka" verməkdən imtina etmişəm. Ona görə də vəzifələrindən sui-istifadə edərək mənim işimlə bağlı süründürməçiliklə məşğuldurlar. Mən şəhid atasıyam, ağsaqqal adamam. Amma bunlarda vicdan və ədalət yoxdur. Məni süründürdükləri bəs deyil, şər-böhtan da atırlar.
Cənab prezident, sizdən xahiş edirəm ki, mənim bu şikayətimin təmin olunmasına göstəriş verəsiniz. Bu məmurlar fəxr etməlidir ki, ölkənin sizin kimi rəhbəri var. Amma onlar mülklərilə, ciblərilə fəxr edirlər və ölkənin inkişafına zərbə vururlar. İnanıram ki, bunun qarşısını alacaqsınız".