Məmuru parçalamağa hazır olan xalq
11-09-2015, 09:17
Sumqayıtın icra başçısı ölkədəki gerçək vəziyyəti dilə gətirdi
Hər dəfə ölkəmizdə baş verənlərə tamaşa edəndə komediyalar aləminə səyahət edirik. Ölkə başçısının icra başçılarının yerini dəyişməsi də, bu komediyanın yeni seriyasını yaratdı. Məsələ təkcə onda deyil ki, mənfi reputasiyalı icra başçıları yenidən görəvləndirildi. Məsələ burasındadır ki, yeni icra başçılarında maraqlı xəbərlər eşidirik.
Belə ki, Sumqayıt şəhər Icra Hakimiyyətində keçirilən müşavirədə sərt tənqid atəşinə tutulan qurumlardan biri də Memarlıq və Şəhərsalma Idarəsi olub. Icra başçısı Zakir Fərəcov idarənin müdiri Kamil Məmmədovu danlayıq və şəhərdə acınacaqlı vəziyyətin hökm sürdüyünü bildirib:
“Kamil müəllim, bilirsinizmi sizi sakinlərin əlinə versəm, nə edərlər?! Cavab vermək istəmirsinizsə, deyim, sizi parçalayarlar, didərlər. O qədər sumqayıtlıları, sahibkarları incitmisiniz, o qədər onlara süni əngəllər yaratmısınız ki! Memarlığın rəisi Həsən müəllimin isə sanki, heç bir səlahiyyəti yoxdur, oturub kabinetində çay içir. Bütün işləri müavin Kamil müəllim ”həll edir”. Siz şəhərin yaşıllığını məhv etmisiniz. 50-60 il öncə əkilən ağacların kəsilməsinə rəvac vermisiniz. Şəhərdə yer qoymamısınız, bircə binaların damları qalmışdı. Gördüyünüz işlər də göz qabağında, parkda ulu öndər Heydər Əliyevin adına tikilən mərkəz heç elə böyük şəxsiyyətə layiqdirmi?” – deyə Zakir Fərəcov bildirib.
Zakir Fərəcovun tənqidlərindən belə çıxır ki, köhnə icra başçısı Eldar Əzizov şəhəri bərbad vəziyyətdə təhvil verib. Əgər belədirsə bu adamı Səbail rayonuna hansı əsasla gətiriblər? Bu faktın özü də bir komediyadı.
Amma toxunacağamız əsas məsələ icra başçısının “Kamil müəllim, bilirsinizmi sizi sakinlərin əlinə versəm, nə edərlər?! Cavab vermək istəmirsinizsə, deyim, sizi parçalayarlar, didərlər” deməsidir.
Guya, bu ölkədəki icra başçılarını, komitə sədrlərini, nazirləri camaatın əlinə versələr, camaat onlara sığal çəkəcək? Ölkə vətəndaşı polis rəisindən tutmuş, Prezident Aparatının yetkililərinə qədər hamıdan narazıdır. Uzun illər ərzində bu vətəndaşa edilməyən zülm qalmayıb. Gömrük məntəqələri, vergi orqanları, məhkəmə hakimləri bu millətə o qədər zülm edib ki, millət böyük zövqlə bu adamları didməyə hazırdı.
Milyonlarla vətəndaş Kamil müəllimin kim olduğunu bilmir. Amma uzun illərdi bu ölkənin sərvətini talan edənləri, haqsız qərarlar verənləri, qeyri-rəsmi “haqq” istəyənləri, bütün məhsulları monopoliyaya alanarı vətəndaşlar yaxşı tanıyır.
Ona görə də camaatın qəzəbindən daha çox icra başçıları, nazirlər, oliqarxlar qorunmalıdır. Təcrübə də göstərir ki, səbri tükənmiş xalq ən başda oturanlara da güzəşt etmir. Xalqın əlində didilməmək, parçalanmamaq üçün, xalqı incitməmək, xalqın maraqlarını ifadə etmək lazımdı.
Samir
Digər xəbərlər