Son illər ümumi cinayətlərin sayı azalıb, oğurluq faktları isə artıb.
Daxili İşlər Nazirliyinin ötən illə bağlı hesabatında belə göstərilir. Hesabata baxanda Gəncə, Bərdə, Ağcabədi və ya paytaxtın hansısa rayonunda baş verən cinayətlərin təhlilində də oğurluq faktlarının artan tendensiya üzrə getdiyinin şahidi oluruq.
Həmin hesabata qayıdacağıq. Hələliksə son 10 günün məlumatlarına nəzər salaq. İş yerindən seyfin oğurlanması, quldurluq edən dəstənin tutulması, qonşunun bağının talanması və daha nələr baş verib. Az qala hər gün 2-3 oğurluq hadisəsi qeydə alınıb.
Təbii ki, biz xırda oğurluq və ya soyğunçuluqdan bəhs etmirik. İri məbləğdə pulların qarət edilməsindən danışırıq. Məsələn, məşhur “Gök-nur” şirkətinin Xəzər rayonunun Zirə qəsəbəsində yerləşən kabel zavoduna basqını kimi.
Naməlum maskalı şəxslər gecə zavoda daxil olaraq gözətçinin əl-qolunu bağlayıb və onu ölümlə hədələyib. Daha sonra maskalılar zavodun ofisindən içində 50 min ABŞ dolları olan seyfi aparıb.
Abşeron rayonunda qeydə alınan oğurluqla bağlı yayılan məlumatda isə deyilir ki, 14 yaşlı qız öz evlərindən 10 min manat pul götürərək qaçıb.
Başqa bir məlumatda ofisdən içində 450 min ABŞ dolları pul olan dəmir seyfi gizli yolla talayan dəstənin 4 üzvünün saxlanıldığından bəhs edilir...
Bu ayın ilk ongünlüyündə baş verən oğurluq faktlarının təhlili ölkədə olduqca qorxulu vəziyyət yarandığını söyləməyə əsas verir. Google axtarış sistemində yalnız “oğurluq”, “qarət” kəlmələrini yazmaqla onlarla faktı oxumaq mümkündür.
Virtualaz.org saytı son zamanlar oğurluq faktlarının artım səbəblərini araşdırıb.
Hər gün artan statistika
Daxili İşlər Nazirliyinin hesabatında göstərilir ki, 2014-cü ildə Bakıda 59 soyğunçuluq və quldurluq cinayəti törətmiş 131 nəfərdən ibarət 54 qrup, eləcə də mənzillərdən 91 oğurluq törətmiş 86 nəfərdən ibarət 35 cinayətkar qrup zərərsizləşdirilib.
Nazirliyin bu ilin iyununda yaydığı hesabatında isə “102” xidməti və “Təhlükəsiz şəhər” sisteminin texniki imkanları ilə 55 oğurluq, 6 quldurluq, 2 dələduzluq, 5 soyğunçuluq, 1 əmlakı qəsdən məhvetmə və sair cinayətlərin “isti izlərlə” açıldığı, axtarışda olan 152 avtomobilin saxlanıldığı göstərilir.
Ötən il və bu ilin birinci yarısında ümumilikdə mülkiyyət əleyhinə cinayətlər törədən 1810 nəfərdən ibarət 657 qrup və mütəşəkkil dəstə, o cümlədən mənzillərdən oğurluq edən 251 nəfərdən ibarət 85 qrup zərərsizləşdirilib.
Mülkiyyət əleyhinə olan 7986 cinayətin açılması təmin olunub, 4581 nəfər məsuliyyətə cəlb edilib, habelə axtarışa elan olunan 1292 təqsirləndirilən şəxs tutulub.
Cibgirlik cinayətlərinə qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatları əsasında Bakı və Abşeronda mənzillərdən 103 oğurluq cinayəti törədən Azərbaycan və Gürcüstan vətəndaşlarından ibarət qrup ifşa edilib.
Oğurluqda təqsirləndirilən uşaqlar
Təəssüf ki, oğurluq edənlər arasında yeniyetmə və gənclərin sayı orta nəsli üstələyib. Hətta saxlanılanlar arasında 9-15 yaşlı uşaqlara da rast gəlinir.
Bunu virtualaz.org saytına açıqlama verən “Hüquq Dünyası Hüquqi Təbliğat” İctimai Birliyinin sədri Nazir Quliyev də təsdiqləyir.
N.Quliyevin sözlərinə görə, azyaşlılar əsasən oğurluq, soyğunçuluq, zorlama, sağlamlığa zərər vurma kimi cinayətlərdə təqsirləndirilir.
Məsələn, 2013-cü ildə 67 uşağın ağır və xüsusi ağır cinayətlərdə iştirak etdiyini bildirir. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, cinayətin 13-ü adam öldürmə və qəsdən adam öldürməyə cəhd, 17-si adam öldürməyə cəhd, 1-i zorlama, 320 oğurluq, 90 mənzildən oğurluqdur.
N.Quliyevin fikrincə, uşaqların cinayət törətməsinin səbəblərindən biri də mobil telefonlar, internet və sosial şəbəkələrin təsiridir. Cinayət törətməkdə ittiham edilən uşaqlar oğurluq etməzdən əvvəl internetdən oğurluqla bağlı lazımi məlumatları əldə etdiklərini bildiriblər.
Oğurluğu manatın uzuclaşması artırıb?!
Oğrular asan yolla varlanmaq və ya hansısa ehtiyacını ödəmək üçün başqasının əmlakını talayırlar.
İllərdir qulaq asdığımız bu arqumentə yenisi əlavə olunub. Sən demə, oğurluq edənlərin əksəriyyəti “qorxu”nun qurbanları imiş. Məsələn, psixoloq Fəridə Məmmədova belə nəticəyə gəlib.
Fəridə Məmmədova manatın devalvasiyasından sonra cəmiyyətdə narahatçılığın yarandığını, insanlarda sabaha olan ümidin tükəndiyini hesab edir: “Cinayətlərin artım səbəbləri çoxdur. Cəmiyyətdə baş verən hadisələr, aqressiya, yaşayış şəraitinin, həyat tərzinin dəyişməsi, mənəvi aşınma, təhsilin keyfiyyəti, sosial şəbəkələr, internet, bəzi verlişlər, seriallar və digər hadisələr cinayətlərin artımına səbəb olur. Bunlara valideyn məsuliyyətsizliyi və uşaqların nəzarətsiz böyüməsini də əlavə etməliyik. Ümumilikdə cəmiyyətdə ciddi mənəvi aşınmanı müşahidə edirik”.
Bu səbəblərə iş problem, iqtisadi çətinlik, nəhayət, manatın dəyərdən düşməsi də əlavə olunur: “Nə qədər qəribə görünsə də manat dəyərdən düşəndən sonra oğurluq halları artıb. Bu isə daha çox cəmiyyətin psixoloji gərginliyindən xəbər verir. Yəni manatın ucuzlaşmasının və ya bahalaşmanın iqtisadi təsirindən daha çox psixoloji təsirini müşahidə edirik. İnsanlar bahalaşmanın davam edəcəyindən narahatdır. Fikrimcə, bahalaşma, yaşayış şəraitinin çətinləşəcəyi qorxusu asan yolla pul qazanmaq istəyini artırır”.
Sosioloq Azər Quliyev isə deyir ki, işdə, yaxud ailələrdə baş verən problemlər gündəlik həyata təsirsiz ötüşmür: “İndi hər gün hansısa yeniliklərin şahidi oluruq. İnternet həyatımıza daxil olub. Amma nəzərə alaq ki, yeniliklər həm də gərginliklər gətirir”.
Sosioloq internetin insanlara mənfi təsirini də qeyd edir: “İnsanların real ünsiyyəti azalıb, virtual ünsiyyət isə səmimi deyil. Nəticədə insanların bir-birini anlaması, dil tapması problemə çevrilir. Bakıda isə 4 milyona yaxın insan yaşayır. Təbii ki, işsizlik problem də bir yandan təsir edir. Nəticədə nəinki oğurluğun, digər cinayətlərin artmını da izləyirik”.
Oğurluğa gəldikdə isə sosioloqun fikrincə, həyat şəraitinin çətinləşməsi, iş tapmaq problemi oğurluq faktlarının artımına səbəb olur: “Yəni psixoloji, sosioloji problemlər cinayətlərin artmasına ciddi təsir edir. Biz hələ yaxın gələcəkdə daha çox problemlərlə rastlaşacağıq. Cəmiyyətin psixoloji gərginliyi artır, insanlar aqressiv və dözümsüz olurlar. İndi insanların yarısı patoloji affekt vəziyyətindədir”.
Keçmiş polis işçisi Dayandur Abbasov isə cinayətlərin, xüsusilə oğurluq faktlarının artmasını narkomanların sayı ilə müqayisə edir: “Cinayətlərin artmasının əsas səbəbi narkomaniya, fahişəlik və işsizlikdir. Yəni müxtəlif səbəblər açıqlana bilər.
Amma faktlar sübut edir ki, oğurluqda təqsirləndirilənlərin əksəriyyəti ya narkoman, ya da içki düşkünü olur. Cinayətlərin, məsələn, oğurluğun qarşısını almaq üçün tədbirlər görülməlidir. Əks halda qanunların sərtləşdirilməsi ilə bunun qarşısını almaq mümkün deyil. Narkotik istifadəçiləri ilə işləmək lazımdır. Onlar həm cəmiyyət, həm də ailələri üçün bəlaya çevrilib. Hazırda azyaşlılar arasında narkomanların sayı artır. Bu tədbirlər orta məktəblərdən, ailələrdən başlamalıdır”.
...Bu material hazırlananda daha bir qarət xəbəri gəldi. Məlumata görə, maskalılar Şüvəlan qəsəbəsi bağlar massivində yaşayan Həşimova Şövkət Əli qızının evinə giriblər. Onlar qadına zor tətbiq edərək pul və qızıl tələb ediblər...
Qapılarınızı bərk-bərk bağlayın. Yalnız özünüz aça biləcəyiniz şəkildə...
Jalə Ağazadə
Virtualaz.org