Ziya Məmmədovun qardaşı oğlu “Yeni Müsavat“ı təhqir etdi - FOTOFAKT

15-09-2015, 21:17   
Ziya Məmmədovun qardaşı oğlu “Yeni Müsavat“ı təhqir etdi - FOTOFAKT

Xəbər verdiyimiz kimi, bir neçə gündür ki, Bakıda bahalı maşınlara qarşı ciddi reydlər başlayıb. Lüks avtomobillər Dövlət Yol Polisinin (DYP) əməkdaşları tərəfindən saxlanılır. Qayda pozuntularının qeydə alındığı avtomobillər cərimə meydançalarına aparılır.

Saxlanılan maşınlar arasında 10 TT 200 dövlət nömrə nişanlı “Maserati” avtomobili də olub.

“Yeni Müsavat”ın əldə etdiyi məlumata görə, bu maşın nəqliyyat naziri Ziya Məmmədovun deputat qardaşı Elton Məmmədovun oğlu Aynar Məmmədova məxsusdur.

Aynar Məmmədov ilk dəfə deyil ki, bu avtomobillə gündəmə gəlir. Ötən il Aynar Məmmədovun lüks avtomobil kolleksiyası barədə mətbuatda geniş yazılar dərc edilmişdi. Deputat oğlu lüks avtomobilləri, dəbdəbəli həyat tərzi haqda öz instagram səhifəsində məlumatlar, fotolar paylaşmışdı. Mətbuatda tənqidi yazılar dərc edildikdən sonra deputat oğlu səhifəsini bağlamaq məcburiyyətində qalmışdı.

Sosial şəbəkələrdə və youtube-da videoları yayılan digər bir avtomobil - 10 LZ 100 nömrəli “Nissan Skyline GT-R35” də deputat oğluna məxsus idi. Deputatın oğlu və qardaşı bu maşınla göstərdikləri “məharəti” videoya çəkib sosial şəbəkələrdə paylaşmışdılar. Daha sonra bu avtomobil uzun müddət cərimə meydançasında saxlanıldı.

AZXEBER.COM xəbər verir ki, Aynar Məmmədov bu xəbəri yayan qəzeti təhqir edib. Belə ki. o şəxsi "instagram" səhifəsində bu xəbəri paylaşıb və yazıb: "Əhəmiyyət vermədikcə ağ edirsiz, şərəfsizlər. Bəsdir yalan məlumatlar yazdınız, mənim belə maşınım yoxdur. Araşdırın sonra yazın, qeyrətinizə tüpürüm".

"Yeni Müsavat" qəzetinin redaktoru Xalid Kazımlı AZXEBER.COM-a açıqlamasında deyib ki, hər kəs qanun qarşısında bərabər olmalıdır: "Məncə, kimliyindən asılı olmayaraq, hər kəs qanunlar qarşısında bərabər olmalıdır. Ayrı-seçkilik edilməməlidir. Elə olsa, hamı dinməz-söyləməz cəriməsini ödəyər, cığallıq-filan da eləməz. Yoxsa indiyədək bu kimi insanlata, atasının, əmisinin vəzifəsi, imkanlı olan şəxslər güzəşt edirdilər, bu isə haqlı narazılığa səbəb olurdu. Qoy bundan sonra bu cür olsun, nazirin, deputatın oğlunun da avtomobilini cərimə meydançasına aparsınlar, artistin, jurnalistin, həkimin də. Bir adam narazılıq edə bilməz.

O Aynar Məmmədovun təhqirinə də münasibət bildirib: "Aynar Məmmədovun bu ritorikası isə avtomobillə qayda pozmasından qat-qat pis hərəkətdir. O, parlamentdə çalışan biri olaraq insanları təhqir edir. Bu hərəkət ilk növbədə onun ailəsinə, daşıdığı soyada yaraşmaz"
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar