Ziya Məmmədov izolyasiyada – “işə çıxmır...”

18-09-2015, 08:50   
Ziya Məmmədov izolyasiyada – “işə çıxmır...”

Nəqliyyat nazirinin niyə görünməməsi ilə bağlı sensasion xəbər; Ziya Məmmədov avqustun əvvəlindən prezidentin müşavirəsində və digər rəsmi tədbirlərdə iştirak etmir; onu müavinlərinin təmsil etməsi haqlı suallar yaradıb; nazir oğlu isə bir neçə gün əvvəl Amerikaya gedib...

Artıq 2 aya yaxındır ki, nəqliyyat naziri Ziya Məmmədov rəsmi tədbirlərdə iştirak etmir. İlk dəfə bu müəmma avqustun 3-də Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu - “Şixezi (Çin)-Dostık-Aktau-Ələt limanı” üzrə hərəkət edən “Nomand ekspress” ilk sınaq konteyner qatarının Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatması ilə bağlı tədbirdə diqqəti çəkdi.

İlk konteyner qatarının Bakıya çatması ilə əlaqədar keçirilən və baş nazirin müavini Abid Şərifov, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, Qazaxıstanın, Gürcüstanın dəmir yolları qurumlarının, Bakı, Batumi, Aktau limanlarının, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəhbərləri, diplomatik korpusun nümayəndələri və digər rəsmi şəxslərin qatıldığı qarşılanma mərasimində nəqliyyat nazirinin olmaması suallar yaratdı. Mərasimdə Z. Məmmədovu adətən dövlət tədbirlərindən kənarda saxlanılan müavini Arif Əsgərov təmsil edirdi. Qeyd edək ki, adı müxtəlif qalmaqallarda hallanan “Azərbaycan Dəmir Yolları” QSC-nin keçmiş sədri Arif Əsgərovun nəqliyyat nazirinin müavini vəzifəsinə təyin olunduqdan sonra işə çıxmadığı və hətta nazirlikdə kabinetinin müəyyən edilmədiyi barədə mətbuatda məlumatlar dərc olunmuşdu. A.Əsgərovun həmin tədbirdə iştirakı və hətta çıxış etməsinin də daha çox məcburiyyətdən irəli gəldiyi deyilirdi.




Amma bundan sonra Z.Məmmədov müəmmasına daha biri əlavə olundu. Prezident İlham Əliyevin iyulun 13-də keçirdiyi Nazirlər Kabinetinin geniş müşavirəsində nəqliyyat naziri iştirak etmirdi. Bu dəfə Z.Məmmədovun məzuniyyətdə ola biləcəyi ehtimalı vardı və bu səbəbdən də bu faktın üzərində çox dayanılmadı. Çünki Avropa Oyunlarından sonra bir sıra nazirlər məzuniyyətə getmişdi və müşavirədə baş nazir Artur Rəsizadə ilə yanaşı, vergilər naziri Fazil Məmmədov da iştirak etmirdi. Amma sonrakı günlərdə prezident rayonlarda bir neçə avtomobil yolunun açılışında iştirak etsə də, nəqliyyat naziri yenə gözə dəymədi.



Z.Məmmədovun Bakı-Sumqayıt elektrik qatarının açılışında da olmaması nəqliyyat naziri ilə bağlı sualları daha da artırdı. Media bunu artıq nazirin yaxın zamanlarda işdən çıxarılacağının ciddi siqnalı kimi izah etdi. Nəhayət, üç gün əvvəl Çexiya prezidentinin Bakıya səfərində hökumət üzvlərinin arasında olmaması Z.Məmmədovla bağlı məsələnin çox ciddi olduğunu sübut etdi. Naziri bu dəfə onun başqa bir müavini Musa Pənahov təmsil edirdi və o, Cavid Qurbanovla yanaşı oturmuşdu...



Məlumatlara görə, sentyabrın 1-də baş nazir Artur Rəsizadənin sədrliyi ilə Nazirlər Kabinetində 2016-cı il üzrə dövlət büdcəsinin müzakirəsində də nəqliyyat naziri iştirak etməyib.



Sentyabrın 16-da Nəqliyyat Nazirliyində Beynəlxalq Avtomobil daşımaları üzrə Azərbaycan-Belarus Qarışıq Komissiyasının növbəti iclası keçirilib. Belarus Nəqliyyat və Kommunikasiya Nazirliyinin idarə rəisi Sergey Dubinanın rəhbərlik etdiyi nümayəndə heyətini də Z.Məmmədov yox, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Elnur Abdullayev qəbul edib.



Qeyd edək ki, nazirin görünmədiyi müddətdə prezidentin imzaladığı fərmanla Z. Məmmədov taksi minik avtomobilləri ilə sərnişin daşınmasına lisenziya verilməsi kimi külli miqdarda gəlirli bir sahəni faktiki itirib. Nazirin yaxın ətrafına məxsus “Transqeyt” MMC-nin marşrut avtobusları şəhər nəqliyyatından çıxarılıb. Oğlunun rəhbərlik etdiyi Azərbaycan-Amerika Alyansı fəaliyyətini dayandırıb, Məmmədovlara məxsus “Rixos Quba” hoteli və hətta sənədlərlə onların mülkiyyəti hesab olunan Bakı Beynəlxalq Avtovağzalı da əllərində çıxıb. Nazirin qardaşı Elton Məmmədovun isə deputat seçkilərində iştirak edib-etməyəcəyi hələ məlum deyil. Yeri gəlmişkən, aldığımız məlumata görə, Anar Məmmədov bir neçə gün əvvəl Amerikaya gedib.

Beləliklə, sıraladığımız faktlar nəqliyyat nazirinin hökumətdən faktiki izolyasiya olunduğunu göstərir.

“Nəqliyyat naziri Ziya Məmmədov növbəti əmək məzuniyyətinə gedib”. Bu haqda modern.az saytına nazirliyin mətbuat katibi Namiq Həsənov məlumat verib. O, mətbuat nümayəndələrinə müraciət də edib:

“Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri kimi mətbuatın ”Ziya Məmmədov işə gəlmir", “Tədbirlərə qatılmır” kimi fikirlərinə cavab olaraq bəyan edirəm ki, Ziya Məmmədov sentyabrın 16-dan oktyabr ayının 22-nə qədər növbəti əmək məzuniyyətindədir.
Qoy, bütün kütləvi informasiya vasitələri bilsinlər ki, bu müddətdə nazirin işə çıxmamaq haqqı-hüququ var, yəni sensasiya deyil".

“Yeni Müsavat”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar