“Semaşko” bazarı nə vaxt bağlanacaq?
Jurnalist Rasim Əliyevin döyülərək, ağır vəziyyətdə, el arasında “Semaşko” kimi tanınan 1 saylı Şəhər Klinik Xəstəxanasına aparılması və orada dünyasını dəyişməsi hələ də gündəmi məşğul edən ağrılı mövzulardan biridir. Bu barədə, təbii ki, mətbuatda və saytlarda çox saylı yazılar verilib, fikirlər səsləndirilib. Onu da bilirik ki, R.Əliyevin döyülməsində və bunun da sonradan ölümə səbəb olmasında təqsirləndirilənlərin hamısı hazırda həbsdədir. İstintaq gedir, kimin günahı nə qədərdirsə, bunu məhkəmə prossesində aydın edəcəklər və günahkarlar da layiqli cəzalarını alacaqlar. Ancaq R.Əliyevin xəstəxanada dünyasını dəyişməsindən sonra, səslənən kəskin ittihamlardan biri də həkimlərin məsuliyyətsizliyi barədədir.
Konkret faktlarla ortaya qoylub ki, əgər həkimlər vaxtında müdaxilə etsəydilər, ağlı-huşu başında olan, telefonla qohumları və sevgilisi ilə danışa bilən həmkarımız dünyasını dəyişməzdi. Bu faciədə həkimlərin nə qədər günahının olub-olmaması da istintaq tərəfindən araşdırılır. İnanırıq ki, bir gəncin ölümünə səbəb olanlar, kimliyindən asılı olmayaraq, layiqli cəzalarını alacaqlar.
Ancaq bizi məhz bu mövzu yox, ümumiyyətlə, 1 saylı Şəhər Klinik Xəstəxanasında baş verən çoxsaylı ölüm halları çox maraqlandırır. Bəs, bu ölüm halları nədən baş verir? Bildiyimiz kimi, hər hansı səbəbdən bıçaqla və ya odlu silahla yaralananlar, avtomobil qəzasına düşənlərin əksəriyyəti məhz “Semaşko”ya gətirilir. Təbii ki, yaxınları hadisədən gec xəbər tutduqlarından, çox vaxt həmin yaralılar xəstəxanaya xeyirxah insanlar tərəfindən çatdırılır. Bu səbəbdən ilk vaxtlarda xəstənin yanında qohum-əqrəbadan heç kəs olmur. Ağır vəziyyətdə olan, olumla-ölüm arasında çarpışan yaralıdan isə, həkimlər heç nə uma bilmir. Bu zaman həkimlər xəstənin sahibini, xəstə isə ölümünü gözləyir. Burada olan azsaylı vicdanlı həkimlərdən üzr istəyərək qeyd etmək istəyirəm ki, elə bu səbəbdən “Semaşko”da ölüm hallarının sayı artır. Çünki yaralının yaxınları gəlməyincə, həkimi “görməyincə” əksər həkimlər öz Hippokrat andını pozaraq, vəzifə borcunu unudub, yaralıya ilkin tibbi yardım göstərmirlər. Yalnız xəstənin yiyələri gəlib, bazarlaşma aparandan sonra həkimlər hərəkətə keçirlər. Bəzən isə bu, artıq geçikmiş addım olur. Çünki elə yaralı olur ki, ona elə həmin andaca müdaxilə eləmək lazımdır ki, həyatını itirməsin. Həmin vaxtda hər saniyənin böyük əhəmiyyəti olur ki, bunu da müqəddəs peşə adını daşıyan həkimlər unudurlar. Nahaq yerə el arasında demirlər ki, “Semaşko”nun həkimləri cəlladdırlar.
Bir neçə dəfə özüm şəxsən şahidi olmuşam ki, avtomobil qəzasına düşmüş yaralıya vaxtında müdaxilə edilmədiyindən, xəstə dünyasını dəyişmişdir. Xəstənin bir az gec gəlib çıxmış sahibləri isə, həkimlərə hücum etmiş, onlar isə, mühafizəçiləri qabağa verərək, özləri qaçıb gizlənmişlər. Ölənin qohumları isə xəstəxanın şüşələrini sındırmaqla hirslərini boşaltmaq istəmişlər. Hətta mərhumun atasının qışqıra-qışqıra dediyi bu sözləri heç vaxt unuda bilmirəm: “Ay vicdansızlar, qansızlar, cəlladlar, siz məgər müsəlman deyilsiniz? Niyə Allahdan qorxmursunuz? Siz vaxtında əməliyyat edib, öz peşə borcunuzu yerinə yetirsəydiniz, biz sizin pulunuzu artıqlaması ilə verərdik. Sizin günahınızdan biz oğlumuzu itirdik.” Xəstəxanın şüşələrinin tez-tez sındırılması halları artıq burada adət halını alıb. Bunun nə demək olduğu yəqin ki, hamıya aydındır.
Görəsən, “Semaşko”-da işləyən belə soyuq qəlbli, peşəsinə məsuliyyətsiz yanaşan həkimləri haradan tapıb yığırlar? Axı, bu şəfa ocağıdır, bazar deyil. Ancaq yuxarıda qeyd etdiyim kimi bütün şəhərdə baş verən avtomobil qəzasında yaralananların, bıçaqlananların əksəriyyətinin məhz bu xəstəxanaya gətirilməsinin özü xeyli suallar doğurur. Təbii ki, çoxluq olan yerdə, nizam-intizam, məsuliyyət arxa plana keçir, nəticədə isə bazar qanunları işə düşür.
O da maraqlıdır ki, çox nadir hallarda həkimlərin günahından ölən insana görə, hər hansı bir həkim cəzalandırılır. Əksər vaxtlarda həkimlər sudan quru çıxırlar. Ölən insana elə bir diaqnoz qoyurlar ki, sanki bu insan bir çox aylar əvvəl ölməli idi, lakin gecikmişdi və “Semaşko”-ya çatan kimi gözlənilən ölüm baş verir. Hələ məsuliyyətsizlikdən “Semaşko”-da xəstələrin düzgün müalicə olunmaması, qanına mikrob salınması hallarından çox adam danışmır. Elə bu yazının yazılmasına səbəb də, bir vətəndaşın “Semaşko”-da qanına mikrob salınmasıdır.
TEREF.İNFO qaynarxətt.infoya istinadən yazır ki,Musayev Azər Fərhad oğlu Ağdaş rayon İcra Hakimiyyəti başçısının müavinidir. Xidməti işi ilə bağlı tapşırıq dalınca gedərkən, Bakı şəhərinə yaxın ərazidə 13.08.2015-ci il tarixdə “Niva” markalı maşında qəzaya uğrayır. Onu ağır vəziyyətdə elə həmin gün 1 saylı Şəhər Klinik Xəstəxanasına, yəni “Semaşko”-ya çatdırırlar. Burada reanimasiya şöbəsinə yerləşdirilən Azər Musayev, yenə də məsuliyyətsizliyin və baxımsızlığın qurbanına çevrilir. Reanimasiya şöbəsinin müdiri Mamed həkim( çox təəssüf ki, xəstənin yaxınları onu soyadını unudublar-E.M.) “bazar”-ın adət və ənənəsinə uyğun olaraq, xəstəyə qarşı laqeydlik göstərir, xəstə baxımsız qalır. Vaxtında yaralar yuyulub təmizlənmədiyindən A. Musayevin qanına mikrob düşür. Temperaturu yüksək səviyyəyə qalxan və heç bir gərəkən düzgün müdaxilənin edilmədiyini görən A.Musayevin yaxınları vəziyyəti düzgün qiymətləndirib, xəstəni ölümün ağuşundan alaraq, 2 gündən sonra oradan çıxardırlar. Çünki yaxşı bilirlər ki, 2 gün ərzində xəstənin qanına mikrob salan həkimlər, onun ölümünə də bais ola bilərlər. Axı, bu xəstəxananın açıq bazar olduğu hamıya məlumdur. Bəla ondadır ki, bu bazarda pulunu versən də, yenə həkimin bacarıqsızlığı, səriştəsizliyi müxtəlif faciələrə səbəb olur. Əgər bu xəstəxanadan və həkimlərindən kimin əziyyət çəkdiyi və zərər gördüyü barədə elan qəzetdə verilsə, inanın ki, müraciət edənlərin sayını hesablayıb qurtarmaq olmaz. Düzdür, şəhərimizin digər xəstəxanalarında da belə neqativ hallar baş verir, ancaq onlar “Smaşko”ya çata bilməzlər.
Reanimasiya şöbəsinin müdiri olan Mamed həkimə A.Musayevin yaxınları, o cümlədən bacısı, gözəl ziyalı insan, Bakı şəhər sakini Şirinova Şəfəq Fərhad qızı dəfələrlə müalicənin düzgün getmədiyi barədə iradlarını bildirsə də, heç bir nəticəsi olmayıb. Çünki əvvəlcə Mamed həkim xəstəyə düzgün diaqnoz qoymayıb və sonra isə vaxtında müdaxilə etməyib. Nəticə isə göz qabağındadır. Dövlət məmuru olan A.Musayev 40 gündən çoxdur ki, Mamed həkimin günahı üzündən temperatur içində çabalayır. Hazırda başqa xəstəxanada müalicə olunsa da, hələ də problemi tam aradan qaldırmaq mümkün olmayıb.
Redaksiyamıza yana-yana, ürək ağrısı ilə müraciət edən Şəfəq xanım bildirir ki, həkimlərin məsuliyyətsizliyindən qardaşı A.Musayev 40 gündür temperatur içindədir. Ş.Şirinovanın bizə söylədikləri ilə tanış olandan sonra, istər-istəməz insanın içindən bir sızıltı keçir və düşünürsən, ilahi, həkim adını daşıyan insan da bu qədər daş ürəkli olarmı? Bu yerdə rəhmətlik Mirzə Ələkbər Sabir yada düşür: “Bizdə bu soyuq qanları neylərdin, İlahi!?”
Qardaşın bacı üçün necə əziz və istəkli olması hamıya məlumdur. Amma Şəfəq xanım üçün qardaşı Azər Musayev sanki həyatının mənasıdır. Gəlin Şəfəq xanımın özünü dinləyək: “Mən qardaşımı dünyalar qədər sevirəm və inanıram ki, qardaş bütün bacılar üçün belə sevimlidir, əzizdir. Ancaq qardaşımın 40 gündür temperatur içində neçə əziyyət çəkdiyini görmək bir bacı kimi, mənə olduqca ağırdır. Məni və qohumlarımızı Azərə çəkilən xərc qətiyyən maraqlandırmır. Bütün varımız, dövlətimiz qurban olsun onun gözünə. Ancaq bizi maraqlandıran və ürəyimizi üzən həkimlərin öz peşə borcuna məsuliyyətsiz yanaşmasıdır. Sizə müraciət etməklə hər hansı bir kömək ummuram. Bizə olan onsuz da olub. Qardaşımı 2 aya yaxındır o vəziyyətdə görmək bizə böyük əzab verir. Mən bu əzabı ömrüm boyu unuda bilmərəm. Sizə müraciət etməkdə məqsədim odur ki, “Semaşko”-dakı Mamed həkim kimi, həkim adına ləkə gətirən insanları qoy hamı tanısın. Ona heç kəs müracət və etibar etməsin. İstəmirəm ki, mənim çəkdiyim əzabları başqaları da çəksin. Mən sizin qəzet vasitəsi ilə səhiyyə naziri, hörmətli Oqtay Şirəliyevə üz tuturam:- hörmətli Oqtay müəllim, Sizin nazir kimi fəaliyyətə başladığınız dövrdən indiyə qədər səhiyyə sahəsində böyük islahatlar aparılıb, çoxsaylı müsbət işlər görülüb. Xəstəxanların yüksək səviyyədə təmir edilməsi, ən müasir avadanlıqların alınması, yeni-yeni səhiyyə ocaqlarının tikilməsi Sizin yorulmaz fəaliyyətinizin nəticəsidir. Ancaq çox təəssüflə qeyd etmək istəyirəm ki, bu müasir səhiyyə ocaqlarında işləyən həkimlərin bir çoxu öz peşə borcunu yerinə yetirə bilmir. Mən istəyirəm ki, “Semaşko”xəstəxanasına diqqəti bir az artırasınız. Burada Mamed kimi, həkim adına ləkə gətirən ağxalatlılar bir az çoxdur. Sizdən qardaşı Mamed həkimin günahından 2 aya yaxındır zülüm çəkən bir bacı kimi xahiş edirəm, belə həkimləri ciddi şəkildə cəzalandırasınız ki, başqa bacılar mən çəkdiyim əzabı çəkməsinlər.”
Göründüyü kimi, fakt göz qabağındadır. Yuxarıda da qeyd etdik ki, “Semaşko”ya gətirilən xəstələr çoxdur. Əgər buradakı həkimlərin soyuqluğu, laqeydliyi həkim çatışmazlığındandırsa, bu da bir minusdur. Çünki iş axtaran həkimlərimiz “n” qədərdir. Yox əgər məsuliyyətsizlikdəndirsə, onda inanırıq ki, bu yazıdan sonra səhiyyə naziri cənab Oqtay Şirəliyev mütləq bu səhiyyə ocağına diqqəti bir az artıracaq. Axı, söhbət insan taleyindən gedir. İnsan taleyini isə “Semaşko”-nu bazara döndərənlər bazardan ala bilməzlər.
Hörmətli Oqtay müəllim, başına müsibətlər gətirilmiş insanların bizə olunan çoxsaylı müraciətlərini nəzərə alıb, Sizə üz tutaraq xahiş edirik: “ “Semaşko” bazarını bağlayın və oradakı insan taleyi ilə oynayan Mamed həkim kimi həkimləri elə cəzalandırın ki, bir də onlar “həkiməm”- deyib, xəstə qarşısına çıxa bilməsinlər. Biz Sizin qətiyyətinizə və ədalətinizə inanırıq.”
Əks tərəf kimi Mamed həkimin və ya 1 saylı Şəhər Klinik Xəstəxanası rəhbərliyinin mövqeyni də dərc etməyə hazırıq. teref.info