Qarabağla bağlı xatirələrini içində daşımaqla yanaşı, onu yaşatmağı da bacarır. Hər addımında Qarabağı hiss edən bu xanım üçün bir qarabağlının özünü Qarabağsız tam xoşbəxt hesab etməsi anlaşılan deyil. Söhbətimiz boyu Qarabağ haqqında həyəcansız danışa bilmədi.
Beləliklə, Modern.az saytında “Pəncərə” layihəsinin növbəti qonağı Milli Məclis sədrinin müavini Bahar Muradovadır.
- Bahar xanım, Qarabağ boyda böyük bir dərdimiz var. Bu gün qarabağlıları birləşdirən bir dərdin yaşatdığı faciəni necə xatırlayırsınız?
- Hamımız azərbaycanlıyıq, Qarabağ hamımızın faciəsiir. Təbii ki, hər birimizin dünyaya göz açdığı məkan, el, oba, bölgə var. Çoxları kimi mənim də bəxtimə ağır faciələr, təlatümlər yaşanan Qarabağ bölgəsində dünyaya gəlmək düşüb. Ümumi bir azərbaycanlı xarakterimiz var, o da bu millətin mentalitetinə, milli adət-ənənələrinə, dəyərlərinə, düşüncə tərzinə, tarixi keçmişinə, bu gününə, sabahına baxışlarını birləşdirən əsas amillərdir. Bir azərbaycanlının Qarabağda doğulub-doğulmamasının fərqi yoxdur. Qarabağı ömründə bir dəfə görməyən insanlar var, onlar da Qarabağ nisgilini içində gəzdirir. Belə də olmalıdır. Amma təbii ki, bir qarabağlı kimi bu həsrət bizi çox sıxır. Mənim düşüncəmə görə, normal məntiq də bunu söyləməyə əsas verir.
- Fərhad Bədəlbəyli müsahibələrinin birində deyib ki, Qarabağın ənənələrini artıq itirmişik. 20 il ərzində Qarabağı unutmağımız nə dərəcədə real görünür?
- Əsrlər keçsə də, Qarabağ unudulmayacaq. Amma hər kəsin doğulduğu məkanın özünəməxsus adət-ənənələri var və bunlar həmin bölgənin insanlarında rast gəlinir. O mənada Fərhad Bədələyli doğru buyurub, biz bu gün doğulduğumuz yerdən ayrı düşmüşük və hər kəs həyatını imkanı və bacarığı qədər idarə etməklə məşğuldur. Ona görə də bizi o bölgədə birləşdirən ümumi dəyərlərimizə məcburiyyət qarşısında müəyyən mənada zaman öz dəyişikliklərini edib. Hər elin-obanı, hər bir tayfanı birləşdirən adət-ənənələr vardı, bu gün hər kəs öz evində, həyatında onları yaşatmağa çalışır.
- Bakıda Qarabağı yaşatmaq çətin deyil?..
- Təbii ki, insan bu və ya digər səbəbdən məkanını dəyişir. Həmin məqamda ən kiçik detallara belə, fikir verilir. Harada yaşamağından asılı olmayaraq Azərbaycanı özünlə daşımalısan, Azərbaycan içimizdə olmalıdır. Biz Azərbaycanda yaşadığımız üçün bəlkə də bunu o qədər hiss etmrik. Adət-ənənələrə bağlı olan yaşılı insanlarımız, ağbirçəklərimiz, ağsaqqallarımız şikayətçidirlər. Onlar daim adət-ənənələrimizin unudulub yaddan çıxdığını dilə gətirirlər. Xeyir-şər məclislərində istədikləri kimi iştirak edə bilmirlər. Məsələn, yas mərasimi Qarabağda bir cür keçirilirdi, digər rayonlarımızda başqa cür təşkil olunur. Bir məsələ də var, insanlar harada məskunlaşırsa, çalışırlar ki, o yerin adət-ənənələrinə uyğun davransınlar. Bunu da şərait diqtə edir. Düşünürəm ki, heç kəsə adət-ənənələrini, dəyərlərini öz içində yaşatmaq üçün heç nə mane olmur. Təbii, biz bir gün mütləq o yurd-yuvamıza qayıdacağıq. Azərbaycanın bütövlükdə apardığı uğurlu siyasət məhz buna xidmət edir. Vətənpərvərlik ruhunu içimizdə daşıyırıq. Bəzi yerlərdə bunu büruzə veririk, bəzi yerlədə isə buna ehtiyac görmürük. Hər halda, hər bir azərbaycanlının içində bütöv bir Azərbaycan olduğu kimi, hər bir qarabağlının da içində Qarabağ var.
- Maraqlı bir fikir dediniz: “Qarabağla bağlı hisləri bəzi yerlərdə büruzə veririk, bəzi yerlərdə vermirik”. Bu hansı anlama gəlir? Bir qarabağlı üçün büruzə verməmək nə dərəcədə mənəvi əzab çəkməkdir?
- Hesab edirəm ki, bu gün hər bir azərbaycanlı Qarabağ itkisinin səbəb olduğu o mənəvi məhrumiyyətlərin, əzab-əziyyətlərin gətirdiyi sıxıntı içindədir. Bu və ya digər səbəbdən evini-eşiyini, doğma yurdunu itirən hər bir insanın içində Qarabağ nisgili var. Bir məqama toxunmaq istəyirəm. İnsanların harasa getmək imkanları olduğu kimi geri qayıtmaq seçimi də var. Yəni ildə bir dəfə də olsa getdiyin yerə geri dönə bilərsən. Amma biz qarabağlıların belə seçimi yoxdur. Çünki Qarabağa getməmək süni əngəllərlə bağlıdır. Üstəlik, hər dəqiqə ora getmək istəyirsən, amma bunu edə bilmirsən. Bu sözlə, ifadə edilə bilməyəcək sıxıntıdır. Məhz bu sıxıntının verdiyi ağrı çox dərindir. Hesab edirəm ki, bu gün özünü tam xoşbəxt hesab edən bir qarabağlıya rast gələ bilməzsən. Qarabağın işğal altında olmasından mənəvi əzab çəkdiyini bu gün hər bir Azərbaycan vətəndaşı söyləyir. Bunu hər addımda görmək mümkündür. Qarabağ bizim ümumi dərdimizdir. Ona görə də qarabağlı, bakılı, şirvanlıya bölmək istəməzdim. Amma bir məsəl də var, od düşdüyü yeri yandırır. Bir başqasının gözləri acışır, bir başqası isə odun içində yanır.
- Vətən yanğısının içində susduğunuz məqamlar olurmu?
- Sevincimizi bir paylaşdığımız kimi dərdimiz də ümumidir. Buna ümumi yanaşma sərgiləməyin tərəfdarıyam. Bəzən insan ən yaxın adamlarını belə öz dərdi ilə yükləmək istəmir. Susduğumuz məqamlar bax ona görədir. Kiminsə sevincli anlarında insan öz sevincini, kiminsə kədərinin yanında insan öz kədərini xatırlayır. Qarabağ boyda nisgil varsa, xoşbəxtliyi tam mənada nə xatırlaya, nə hiss edə, nə də özünü o insanların yerinə qoya bilirsən . Belə məqamlarda kədəri gizlətmək, sevinci artıq büruzə vermək iqtidarında qalırıq.
- Belə başa düşdüm ki, bu gün Bahar Muradova özünü tam xoşbəxt hesab etmir...
- Bunu kim söyləyirsə, deməli, məntiqsiz adamdır.
- Bir məsələni də qeyd edim. Bahar Muradova Qarabağın milli adət-ənənələrini, milli bayramlarımızı burada istədiyi kimi yaşadıb reallaşdıra bilirmi?
- İnsanın müxtəlif yaş dövrləri var. Həyatda baş verən hadisələr, içində olduğun proseslər, başına gələn qəzavü-qədər, taleyimizin fərqli məqamları, bunların hər biri insana müxtəlif yaş dövründə fərqli təsir göstərir. Mənim uşaqlıq illərim sovet dövrünə düşüb. Ən kiçik yaşlarımdan həvəslə, səbirsizliklə gözlədiyim bayram və əziz gün Novruz bayramı idi. O zaman Novruz bayramını hansı hisslərlə gözləyirdim, qarşılayırdımsa, bu gün də o şəkildə davam edir. İndi bahar fəslinin çox gözəl, təbiətin göz oxşayan vaxtıdır. İndi bahar fəslidir, düşünürəm, görəsən Qarabağın təbiəti necədir?
- Sizdə bir dəmir ledi obrazı var. Sanki Bahar Muradova heç vaxt ağlamır. Amma hər bir insanın kövrək məqamları mütləq olur...
- Kövrəlmək üçün vaxt müəyyən etmək mümkün deyil. Bəzən çox ciddi tədbir zamanı səni uzun illər əvvələ aparan hansısa sözdən kövrəlirsən. Dəfələrlə tribunada çıxış etdiyim vaxt bir anlıq qəhərlənib, kövrəlib çıxışıma davam etmişəm. Mütləq önəmli deyil ki, qəlbə toxunan söz deyilsin. Adicə bir qoxu, hərəkət, yarpaq xışıltısı, zahirən doğma olan kiməsə bənzətmə zamanı anlamadığım yurd həsrətilə yaşayan yaşlı insanların kövrəldiyini görəndə onları başa düşmürdüm. İndi anlayıram ki, bütün həsrətlər, bütün sevgilər, bütün ağrılar içindəki yurd həsrəti, vətən sevgisi ilə bağlıdır.
Azərbaycanın bəzi bölgələrində dini ənənələr daha güclü, bəzi yerlərdə isə zəif olub. Mənim doğulub-böyüdüyüm bölgədə dini ənənələr o qədər güclü deyildi. Əvvəla, Füzuli şəhərində demək olar məscid yox idi. Bir məscid vardı, oranı da şirniyyat sexinə çevirmişdilər. Yaşlı insanların hansısa günlərdə məscidə getmələrinin şahidi olmamışam. Bizim ailəmiz də dindar deyildi. Allahını tanıyan, dinini bilən, əməlinə, hərəkətinə diqqət yetirən, başqasının haqqını tapdalamayan çox sadə bir ailəmiz var idi. Biz dünyəvi dövlətdə yaşayırıq. Nə atamın, nə də anamın ali təhsili olub. Natamam orta təhsil alıblar. Amma valideynlərim həyata çox açıq gözlə baxırdılar. Dini fanatizmi bilmədən, anlamadan dini ayinləri təkrarlamağa meylli insanlar idi. Allahı, ədaləti içində gəzdirən, dünyəvi həyat sürən bir ailəmiz olub. Başqalarının dini hisslərinə hörmətlə yanaşılırdı. Bizim ailədə namaz qılıb oruc tutmağın şahidi olmamışam. Bunu açıq şəkildə deməliyəm. Bu gün cəmiyyətimizdə fərqlilik var. Dini ayınlərin nəyə xidmət etdiyini, məqsədini anlamayanlar özlərini dindar kimi təqdim etməklə sanki özlərini xüsusi şəkildə təqdim etməyə çalışırlar. Dini təbliğ etmək adi vətəndaşın işi deyil.
- Sadə ailədə böyümüsünüz. Sizin ali təhsil almağınız necə reallaşdı?
- Mən çoxuşaqlı ailədə böyümüşəm. Belə ailənin də yazılmamış qayda-qanunları, çətinlikləri olur. Bu çətinliklər mənim həyatıma stimul verib. Daha çox oxumaq, daha çox öyrənmək, daha çox nəsə əldə etmək üçün bir vasitəyə çevrilib. Valideynlərim, xüsusilə atam açıq fikirli adam idi. Nəzərə alaq ki, onun 9 övladının 7-si qız idi. Atam nəinki oğlanlarına, qızlarına daha çox diqqət yetirirdi. Qızlarına daha çox sərbəstlik verirdi. Biz hamımız eyni məktəbdə oxumuşuq. Bizim aramızdan biri yenicə məktəbə gələndə belə bir fikir səslənirdi: “Muradovlardan yeni bir nümayəndə gəlib, yəqin sən də bacı-qardaşın kimi yaxşı oxuyacaqsan”. Bizim ailədə uşaqların hamısı yaxşı oxuyub. Baxmayaraq ki, qızlar tez ailə həyatı qurdular, təhsillərini davam etdirmədilər. Amma ailəmizin bütün üzvləri orta məktəbi əla qiymətlərlə başa vurub. Bu, bizim ailə ənənəmiz idi. Hamı əlaçı olmalıydı. Onların təbii ki, heç də hamısı gəlib müəyyən mərhələyə çatmadı. Bu gün hər kəs öz ömrünü, taleyini yaşayır. Hər kəs də öz taleyindən razıdır. Çünki istədiklərini və bacardıqlarını əldə ediblər.
- Siz iddialı bir xanım olmusunuz. Yəqin ki, qəlbinizdə hansısa bir pilləni tutmaq üçün arzu ilə yanaşı, inam da olub...
- Orta məktəbə getməmişdən öncə digər bacı-qardaşımdan fərqli olaraq məndə müxtəlif məsələlərə fərqli yanaşma vardı. Xarakterimi nəzərə alaraq mənə həddindən artıq müstəqilik verilmişdi. Sənət seçimində də müstəqil idim. Orta məktəbdə oxuduğum vaxtlar hansı dərnəyə getməyin lazım olduğunu özüm seçirdim. Başqalarının göstərişlərini qəbul etməyən uşaq olmuşam. Görünür, bu xarakter insanla doğulur, onu dəyişdirmək mümkün deyil. Sadəcə, doğru istiqamətə istiqamətləndirmək olar. Özümü dərk edəndən sonra da az dəyişmişəm.
- Belə çıxır ki, Siz həm də zəhmətkeşsiniz?..
- Bilirsiz, zəhmət çəkmədən heç nəyə nail olmaq mümkün deyil. Müəyyən həddə qədər başqalarının köməyi ilə harasa getmək olar. Elə yer var ki, insan özü orda öndə olmalıdır. Səni heç kim nə əvəz edə, nə də işlərini görə bilər. Hər hansı işin arxasınca gedəndə, “qadınam, bunu bacarmaram” deyə düşünməmişəm. Eyni zamanda, başqalarına münasibətdə də bu bölgünü aparmıram. Həyat hər kəsə öz seçimini etməyə imkan verir. İnsan da öz təbiətinə uyğun olaraq seçimini edir. Onu da deyim ki, konkret qadın olaraq, “bu steorotipləri dağıdacağam və hara qədərsə gedəcəyəm” kimi məqsədlər qarşıma qoymamışam. Sadəcə, irəliyə baxaraq düşünmüşəm ki, daha çox oxumalı, məlumat əldə etməli və işləməliyəm. İnsan plan cızır, həyat hər şeyi yeribəyer edir. Əsas irəliyə getmək, bir yerdə dayanmamaq, əldə etdiyinlə qane olmamaqdır. Məndə nəyəsə qarşı güclü etiraz, üsyan olmayıb. Əgər nədənsə narazı qalmışamsa, bu ilk növbədə özümlə bağlı olub.
- Deməli, heç vaxt özünüzdən razı olmamısınız?
- Onu da deyim ki, həyat mənə qarşı xoş olub. Bəzən nədənsə şikayət etdiyimiz məqamlar olur. Deyirik ki, qadınlara imkan vermirlər, steoreotiplər mane olur. Şəxsi həyatımda bunlarla ciddi rastlaşmamışam. Həmişə mənə dəstək olan insanlarla rastlaşmışam.
- Bəlkə, ailənizin sizə qarşı hədsiz müstəqil yanaşmasının da təsiri olub?
- Qeyd etdim ki, evdə də mənə ciddi maneçiliklər, digər uşaqlarla müqayisədə qadağalar olmayıb. Hətta, orta təhsili başa vurmadan, 8-ci sinifdən sonra Bakıya gəlmək qərarını da özüm vermişəm. Valideynlərimə bu fikrimi deyəndə, bir müddət fikirləşdikdən sonra qərarımla razılaşıblar. Bütün işləri özüm həll etdikdən sonra yalnız nəticələrlə valideynlərimi məlumatlandırmışam. Onu da deyim ki, mənə ciddi köməklik də olmayıb. Gücüm çatan işdən yapışmışam və məndə alınıb. Bu da taleyimin bir naxışıdır. Nə əldə etmişəmsə taleyimə, tanrıma, valideynlərimə və bir də bu gün adını çox böyük ehtiramla çəkdiyim ulu öndərimizə minnətdaram.
- İnsanlara hamı uğur diləmir. Təbii ki, sizə paxıllıq edənlər də olub?
- Heç vaxt belə məsələlərin üzərində dayanmamışam. Onlar haqqında uzun-uzadı düşüncələrə dalmamışam. “Nə edim ki, mənə paxıllıq etməsinlər” deyə düşünməmişəm. Hər zaman yaddaşımda mənə edilən yaxşılıqları saxlamağa çalışmışam. Düzdür, həyat ikili standarlarla idarə olunur. Təbii ki, onları həyatımdan tam silmək imkanında deyiləm və gücümü də ona yönəltmək istəmirəm. Bu günə qədər də deyə bilmərəm ki, filankəs mənim adımı çəkdi. Hətta zahirən paxıllığı sezsəm də, heç vaxt ona adekvat yox, özümün lazım bildiyim münasibət sərgiləmişəm. Hesab edirəm ki, bu cür davranışım onları neytrallaşdırır. Neytrallaşdıra bilmədiklərim isə yəqin ki, məndən güclüdürlər. Məndən güclü olan rəqiblə ringə çıxmağın mənası yoxdur.
- Qadınlar bir yerə toplaşanda mütləq dedi-qodu edirlər. Maraqlıdır, Bahar Muradovanın qeybət edə biləcəyi rəfiqələri varmı?
- Doğrusunu deyəcəyəm, bu gün qeybət edəcəyim rəfiqəm yoxdu. Yəqin ki, inanarsınız?
- İnanmaram.
- İnanın. Çox yaxşı münasibətdə olduğum ziyalı, siyasətçi xanımlar var. Belələri arasında sinif yoldaşlarım, tələbə yoldaşlarım, qohumların da az deyil. Demirəm ki, tam formalaşmış, səhvsiz insanam. Kifayət qədər insan var ki, bir-birilə məndən narazılıqlarını bölüşürlər. Bu, normaldır. Bunu onların haqqı hesab edirəm. Görünür, hardasa, nəsə yerində olmayıb. Ona görə də özümdən narazılıq məqamları burdadır. Bir neçə dəfə müsahibələrimdə demişəm ki, etibar edərək fikirlərimi bölüşdüyüm həyat yoldaşım və bacımdır. Onlarla da sonuna qədər açıq deyiləm. Əgər bilsəm ki, hansısa məsələ qeybət xarakteri daşıyar, onu heç kəslə bölüşmərəm. O mənim içimdə qalır.
- Bəs, fikirlərinizi bölüşdüyünüz həyat yoldaşınız sizdən narazı olduğunu açıq deyə bilirmi?
- Həyatda qazandığım uğurların əksər hissəsi həyat yoldaşımın payına düşür. Siyasət elə bir sahədir ki, hər qadın bura gəlmir, buna imkanı olmur. Siyasətə gələn qadınların hamısı da tab gətirə bilmir. Bu, bəzi kişilərə də aiddir. Sadəcə, qadının şərtləri ağırdır. Çünki qadının işdən əlavə ailə yükü də var. Milli adət-ənənələr, yazılmamış qanunlar, başqalarının rəyi, sənin bir cür planlaşdırdığın işi başqa cür qələmə vermək var. Taleyimə minnətdaram ki, qarşıma çox yaxşı insan çıxarıb. Həyat yoldaşıma bu işin vacib olduğunu inandırmağa heç ehtiyac da qalmır. Həyat yoldaşım inanır ki, siyasətdə özümü daha rahat hiss edirəm. O düşünür ki, bu sahədə daha çox fayda verə bilərəm. Belə düşündüyünə görə də mənə hər anımda dəstək olur. Məni ailə yükünün bir çoxundan azad edib.
- Deməli, sizi başlamalı olduğunuz işdən ayırmaq çətin məsələdir?
- Əlbəttə, demirəm ki, məni məhdudlaşdırıb bir küncdə saxlamaq mümkün olardı. Bu, mümkün ola bilməzdi. Özümə yaxın, qiymətləndirdiyim və məni düz anlamağını istədiyim adamlara mövqeyimi izah etməyə üstünlük verirəm ki, onlar məni anlayaraq hansısa hərəkətimi, fəaliyyətimi qəbul etsinlər. Amma heç vaxt “bunu belə istəyirəm və sənin fikrini nəzərə almadan bunu edəcəyəmm” kimi yanaşmam olmayıb. Zamanında ailəmə, “bu işin arxasınca indi getməliyəm” deyib onların xeyir-duasını almışam.
- Gərgin iş şəraitində ailəyə nəzarət etmək mümkündürmü?
- Əlbəttə, mümkündür. Qadına aid olan bəzi işlər var, onları heç kimə etibar etmirəm. Desəm ki, mətbəxi kiməsə etibar etmirəm, yalan olar. Sadəcə, mətbəximə nəzarətimi itirmirəm. Ailədə elə məsələlər var ki, qadın onu daim nəzarətdə saxlamalıdır. Bunlar ailədəki atmosfer, ailə üzvləri arasında münasibət və mətbəxdir. Bunlara nəzarət qadının əlində olmalıdır.
- 15 yaşınızda Bakıya gələndə istədiyiniz fakültədə təhsil almaq şansınız olmayıb. Buna səbəb nə idi?
- Düzdür, Bakıya Kitabxanaçılıq Texnikumunun mədəni maarif fakültəsində təhsil almaq üçün gəlmişdim. Elə alındı ki, ora qəbul ola bilmədim. Lakin geri də qayıtmadım. Ona görə qəbul olunmadım ki, imtahandan keçə bilmədim. Sadəcə, 8 illiyi tərifnamə ilə bitirdiyimə görə imtahansız ora qəbul olunmalı idim. O vaxtlar gənc bir qızı başqa istiqamətə yönəltmək qəbul komissiyasının üzvlərinin əlində sadə bir iş idi. Mənə düşəcək bu yeri çox rahat əldə etdilər və məni başqa istiqamətə yönəldilər. Beləliklə, Azərbaycan Yüngül Sənaye Texnikumunda oxudum. Taleyimdən narazı deyiləm. Görünür, bu daha doğru addım idi.
- Beləcə, tale sizi tikiş fabrikinə gətirdi...
- Hətta, siyasətə gələndə bəzi jurnalistlər belə başlıqla yazılar yazmışdılar: “Keçmiş dərzi siyasətə gəldi”. Əslində elə deyil. Bizim evdə heç tikiş maşını olmayıb. Ailədə heç kimin tikiş qabiliyyəti də yox idi. Təbii ki, kimsə qırılan düyməsini tikə bilərdi. Amma bu o demək deyildi ki, o yaxşı dərzidir. Mənim dərzi olmağıma gəlincə, hələ kiçik yaşlarımdan əlimə düşən parçadan adi iynə-sapla özümə paltar tikməyi bacarırdım. Paltar tikməyə xüsusi qabiliyyətim vardı.Yüngül Sənaye Texnikumuna da bu qabiliyyətimi nəzərə alıb getdim və oranı fərqlənmə diplomu ilə bitirdim. Təbii ki, təyinatım yüngül sənaye obyektlərindən birinə olmalı idi. Ona görə də Bakı şəhər 1 nömrəli Tikiş Fabrikinə gəldim. Orada ilk gündən ictimai işə cəlb olundum. Komsomol, daha sonra partiya təşkilatında rayon miqyasında plenumun üzvü oldum. Gənc yaşlarımda bura qədər gəlib çıxa bildim. Sonrakı proseslər zamanı ən öndə gedənlərdən biri idim. YAP yarananda da ilk qoşulanlardan biri oldum. Həyatın hər çətinliklərini görmüşəm. Biz belə öyrənmişik, nə əldə edirsənsə, zəhmət bahasına əldə etmək olar.
- Sizin özünüzə paltar tikə bilməyiniz mənə maraqlı gəldi. Bu qabiliyyətiniz peşəkar səviyyədə idi?
- Əlbəttə, paltar tikmək bacarığım peşəkar səviyyədə idi.
- Deməli, bu gün istənilən bahalı paltarın qüsurlarını ayırd etmək Bahar xanım üçün çətin deyil?
- Bu gün istənilən paltarın qüsurlarını deyə bilərəm. Nəinki paltarın, hətta, parçaların belə, qüsurlarını ayıra bilirəm. Bu gün xanımlar üçün ən dəbdə olan sahə modelyerlikdir. Bütün dünyada hamı brendləri axtarır. Axı peşəkar yanaşma olmadan hər bir məhsul brendə çevrilə bilməz. İctimaiyyətlə ünsiyyətdə olan insanlar, adətən özlərinə imicmeyker seçirlər. Şükür Allaha, mənim bunlara ehtiyacım yoxdur.
- Bahar xanım, siyasi fəaliyyətiniz elmi fəaliyyətinizə zamanla necə təsir edib?
- Universitetdə oxuduğum vaxtlarda Azərbaycan tarixi, fəlsəfə, ədəbiyyatşünaslıq elmi məni çox maraqlandırırdı. Bunların arasında seçim aparırdım. Fəlsəfədən dərs keçən müəllimlər təklif edirdilər ki, bu sahəni davam etdirim. Tarıx, ədəbiyyatşünaslıqdan dərs keçən müəllimlər də elə idi. Bu gün də həmin müəllimlərimi minnətdarlıqla xatırlayıram. Çünki onlar tələbənin nəyə qadir olduğunu bilirdilər və mühüm tövsiyələr verirdilər. Tələbəlik illərim 80-ci illərin sonunda baş verən hadisələrə düşdüyündən Azərbaycan tarixinə xüsusi maraq var idi. Universitetin axşam fakültəsində oxumağıma baxmayaraq, hörmətli alimimiz Süleyman Əliyarova yaxınlaşdım. Dedim: “Azərbaycan tarixi ilə bağlı mövzular məni maraqlandırır. bununla bağlı hansı tövsiyələri verərsiniz?”.
O da mənə bir neçə elmi məqalə işləmək üçün tapşırıq verdi. Lakin sonradan mövqeyim dəyişdi. Düşündüm ki, ədəbiyyatşünaslıq mənim üçün daha məqbuldur. Buna da həvəsi ədəbiyyat tarixindən dərs keçən müəllimlərim oyatdı. Onlar mənə tapşırıqlar verib deyirdilər ki, mütləq bu sahədə özünü sınamalısan. Qədim orta əsrlər ədəbiyyatı üzrə mütəxəssis Əliyar Səfərli kafedra müdiri idi. Onun tövsiyəsi ilə diplom işi götürdüm. Onu davam etdirmək üçün yenidən mövzunu təsdiq elətdirdim. Həmin mövzunu işləyib müəyyən hala qədər gətirdim. Lakin Qarabağ məsələsi gündəmə gələndən sonra Qarabağ məni daha çox maraqlandırmağa başladı. Siyasi fəaliyyətim elmi axtarışları bir az arxa plana atdı. 2000-ci illərin əvvəllərində “ATƏT-in Azərbaycan-Ermənistan Dağlıq Qarabağ problemi həllində rolu” mövzusunda dissertasiya götürüb işlədim və müdafiə etdim. Bu gün siyasi elmlər üzrə fəlsəfə doktoruyam.