“Mənim üçün ən böyük cəza oğlumun qatilinə hansısa müddətdə azadlıqdan məhrumetmə cəzası verilməsi deyil…”
“Onun qanının prokurorluq orqanlarının nümayişkaranə şəkildə batırmağa çalışmaları və rəhbərliyin bunu görməməsidir”
Sentyabrın 10 – da “Qatilin atası zərərçəkmişə 100 min manat qanpulu təklif etdi” başlıqlı yazıda övladı keçmiş qaynı tərəfindən qətlə yetirilmiş Əli Rüstəmov baş prokuror Zakir Qaralova ünvanladığı müraciətdə istintaqın qeyri – obyektiv aparılmasından narazı qaldığını bildirmişdi.
Şikayətçi qeyd etmişdi ki, oğlu Kamal Rüstəmovun qətlə yetirilməsiylə bağlı Göygöl rayon prokurorluğunda aparılan istintaq işi qərəzli, qeyri-obyektiv aparılaraq zərərçəkmişə deyil, daha çox qatilə himayədarlıq olunmasıyla müşayət olunub. Şikayətçi bildirmişdi ki, istintaq dövrü prokurorluq orqanları onların heç bir vəsatətini qəbul etməyərək cinayət işinin mümkün qədər tez tamamlanaraq məhkəməyə göndərilməsinə səy göstərsələr də ilahi ədalət belə bir məkrli ssenarinin həyata keçməsinə imkan vermədi və nəticədə Gəncə Ağır Cinayətlər Məhkəməsi işi təkrar istintaqa qaytarmağa məcbur oldu. Loru dildə desək, işin təkrar istintaqa qaytarılması o anlama gəlirdi ki, məhkəmə Göygöl rayon prokurorluğunun müstəntiqi Rövşən Əmrahovun işi qanunsuz, başdansovdu, birtərəfli aparmasını etiraf edir.