Sentyabrın 25-də qoşunların təmas xəttində düşmənin mövqelərimizə basqın etməyə cəhd göstərməsi nəticəsində ağır və qanlı döyüş baş verib.
Virtualaz.org Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, erməni hərbi birləşmələrinin iriçaplı silahlardan, eləcə də 82 millimetrlik minaatanlardan istifadə etməsi nəticəsində Silahlı Qüvvələrimizin bir nəfər hərbi qulluqçusu əsgər Məmmədov Elşən Vaqif oğlu şəhid olub, 3 hərbi qulluqçumuz yüngül qəlpə yaraları alıb. Onlara ilkin tibbi yardım göstərilib. Vəziyyətləri kafidir.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidimizin yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir: "Bildiririk ki, şəhidlərimizin qanı həmişə olduğu kimi, bu dəfə də yerdə qalmayacaqdır".
Silahlı Qüvvələrimizin bölmələrinin düşmənə qarşı güc tətbiq etməklə həyata keçirdiyi adekvat tədbirlər zamanı ona endirilən raket-artilleriya zərbələri nəticəsində qarşı tərəfin 4 hərbi qulluqçusu məhv edilib və 16 nəfərədək yaralısı var. Onlardan 10 nəfəri ağır vəziyyətdədir.
Silahlı Qüvvələrimizin bölmələri bütün cəbhəboyu əməliyyat şəraitinə tam nəzarət edir, düşmənin istənilən hərəkətinin qarşısı daha üstün silahlar tətbiq edilməklə qətiyyətlə alınır.
Müdafiə Nazirliyi bir daha bildirir ki, cəbhədə vəziyyətin gərginləşdirilməsinə görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
* * *
Azərbaycan tərəfinin endirdiyi artilleriya zərbələri nəticəsində Ermənistan ordusunun 4 hərbçisi həlak olub.
Virtualaz.org saytı xəbər verir ki, bu barədə erməni KİV-ləri xəbər yayıb.
Ermənistan Müdafiə Nazirliyinin yaydığı xəbərdə deyilir: “Ermənistan ordusunun cəbhə xəttinin şimal-şərq istiqamətində yerləşən hərbi hissələrindən birinin mövqeləri sentyabrın 25-də saat 17:30-da Azərbaycan ordusu tərəfindən raket-artilleriya zərbələrinə məruz qalıb. Atəş Türkiyə istehsalı olan TR-107 qurğularından açılıb”.
Məlumata görə, artilleriya zərbələri nəticəsində hərbi qulluqçular Norayr Xaçatryan (1995-ci il təvəllüdlü), Robert Mkrtçyan (1995), Arut Akopyan (1997) və Karen Şaginyan (1997) aldıqları ölümcül qəlpə yaralarından həlak olublar. Başqa yaralılar da var.
Virtualaz.org