Milli Məclisin deputatı Rüfət Quliyev 2005 və 2010-cu illərdə, yəni 2 dəfə 73 saylı Lənkəran seçki dairəsindən parlamentə seçilib. Bu dəfə isə onun namizədliyi 15 saylı Yasamal birinci seçki dairəsindən verilib.
Onun da adı deputatlıq fəaliyyətilə biznes fəaliyyətini uzlaşdıran deputatlarla yanaşı şəkilir. Belə ki, o, “European Tobacco Baku” ASC İdarə Heyətinin sədridir. Yəni, ölkədəki siqaretlə bağlı nə varsa, Rüfət müəllimin nəzarətindədir. “European Tobacco Baku” ASC ölkəmizdə tütün məmulatlarının istehsalını yerinə yetirir. Qeyd edək ki, “European Tobacco-Baku” ASC 1999-cu ildə yaradılıb.
Şirkət “British American Tobacco” və “İmperial Tobacco Group” kimi qlobal şirkətlərlə birgə “Viceroy” və “Prima De Luxe” siqaret brendlərini istehsal edir.
“European Tobacco”nun potensial gücü Azərbaycanda siqaretə tələbatın 80-85 faizini qarşılamağa imkan verir. Bu isə R. Quliyevin İdarə Heyətinin sədri olduğu “European Tobacco Baku” ASC-nin həm də inhisarçılıqla məşğul olduğunu göstərir. Buradan belə görünür ki, əslində monopoliyaya qarşı qanunların qəbul edilərək onların reallaşmasına maneə olan məmurlardan biri də məhz Rüfət Quliyevin özüdür. Bildirildiyinə görə o nazirlərin, yüksək çinli məmurların istəyilə parlamentə düşməyi bacarıb.
Dünyada tütündən istifadə səbəbindən hər il təxminən 5,4 milyon insan ölür. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2030-cu ilə qədər ölənlərin sayının 8 milyondan çox olacağı gözlənilir. Hesablamalara görə, XX əsrdə tütün 100 milyon insanın ölümünə səbəb olub. XXI əsrdə isə tütündən 1 milyard insanın dünyasını dəyişəcəyi proqnozlaşdırılır. Təşkilat hesablayıb ki, 2030-cu ilə qədər hər il bu rəqəm dünyada 10 milyon nəfərə çatacaq. Tütündən istifadənin getdikcə artmasına, dünya səviyyəsində insan sağlamlığının təhlükəli həddə çatmasına və tütün şirkətlərinin bazar yaratma strategiyalarına qarşı ÜST-nin 56-cı Ümumdünya Səhiyyə Assambleyasında 21 may 2003-cü il tarixdə bu mövzuda ilk millətlərarası razılaşma xüsusiyyətlərini daşıyan “Tütünə qarşı mübarizə haqqında” ÜST-nin Çərçivə Konvensiyası imzalanıb. Azərbaycan 2005-ci ilin 01 noyabr tarixində sənədi ratifikasiya edib. 2011-ci ildə isə ölkədə tütünə qarşı mübarizə üzrə milli strategiya layihəsi hazırlanıb. Bütün bunlara baxmayaraq, hələ də ölkəmiz tütün istehlakına görə öncül yerlərdədir. Və hələ də siqaretin bahalaşması xəbəri istifadəçisi olan insanlarda narahatlıq yaradır.
Day.az saytının 24 oktyabr 2014-cü il tarixli xəbərində siqarətin qiymətinin qalxacağına dair məlumatlar yer almışdı. Özü də bu barədə məlumatlar “European Tobacco Baku” ASC (ETB) tütün şirkətinin İdarə Heyətinin sədri R. Quliyevin açıqlamasından sonra gündəmə gəlmişdi. O, bir qutu siqaretin qiymətində aksiz payının 70 faizədək (ƏDV nəzərə alınmamaqla) artırılmasını nəzərdə tutan tütünə qarşı mübarizə üzrə Ümumdünya Səhiyyə Təşkilatının Çərçivə Konvensiyası ilə bağlı bu yaxınlarda qəbul edilən qərarı şərh edərkən deyib ki, Azərbaycanda bir qutu siqaretin qiymətində aksizin payı 12,5 faiz, Rusiyada 40 faiz, Böyük Britaniyada isə 70 faizdir. R.Quliyevin sözlərinə görə, bütün dünyada siqaret çəkmə ilə mübarizə üzrə görülən tədbirlər nəzərə alınmaqla tütün məmulatlarının qiymətinin artması tendensiyası müşahidə olunur: “Bunların sırasında aksizlərin payının, vergi dərəcələrinin artırılması, ictimai yerlərdə siqaret çəkilməsini qadağan edən qanunun qəbul edilməsi var. Ümumilikdə Avropa və dünya iqtisadiyyatına fəal inteqrasiya şübhəsiz ki, siqaretin qiymətinə təsir edəcək. İstənilən halda bu məsələ hökumətin ixtiyarında qalacaq, lakin fikrimcə, Azərbaycan gec-tez siqaretin qiymətini yüksəltmək zərurəti ilə qarşılaşacaq”.
Şirkət rəhbərinin fikrincə, idxalçı ölkələr arasında siqaretin qiymətinin artması Azərbaycanda xüsusi narahatlıq doğurmamalıdır: “Məsələ burasındadır ki, hazırda Azərbaycanda yerli istehsal tütün məmulatlarına olan daxili tələbatın 20-25 faizini qarşılayır, halbuki “European Tobacco”nun potensial gücü Azərbaycanda siqaretə tələbatın 80-85 faizini qarşılamağa imkan verir. İndiki halda söhbət brendlərdən gedir. Əhalinin rifahı artdığına görə Azərbaycanda daha bahalı siqaret markalarına üstünlük verilir. Lakin hesab edirəm ki, bu, idxal qiymətlərinə təsir etməməlidir, çünki aksiz payının artması adətən daxili bazarda qiymətlərə təsir edir”.
O bildirib ki, siqaretin qiymətinin artması da xammalın bahalaşması ilə əlaqədar ola bilər: “Avropada tütün əkmək qadağan edilib və tütünçülük daha çox Latın Amerikası və Afrika ölkələrində yayılır. Xammal bahalaşır, onun tədarükünə çəkilən xərclər də artır. Nəticədə istehsalçılar da məhsulun qiymətini artırmaq məcburiyyətində qalırlar”.
“European Tobacco” ildə 2 milyard siqaret istehsal edir ki, bu da hazırda bazarın 25-27 faizini təmin etməyə imkan verir. Bununla belə, zavod 3 dəfə daha çox istehsal etmək gücündədir.
Qeyd edək ki, 2014-cü ilin əvvəlindən siqaretin qiymətində 10-40 qəpik arasında artım müşahidə edilib. Belə ki, məsələn, ilin əvvəlində 1,6 manata satılan, o qədər də bahalı hesab edilməyən “Sobiraniya” siqareti artıq 2 manata satılır.
Bu açıqlamadan göründüyü kimi R. Quliyevin burada bir nömrəli məqsədi siqaretin qiymətinin qaldırılmasına çalışmaq olub ki, müəyyən mənada buna da nail olub.
Beləliklə, R. Quliyevin də deputat olaraq əsasən öz biznesinin “çiçəklənməsinə” çalışdığını görürük. O bir tərəfdən, siqaret biznesilə məşğul olmaqla deputat kimi qanunları pozur, digər tərəfdən məşğul olduğu sahə üzrə Azərbaycanda 80-85 faiz paya sahib olmaqla həm də inhisarçılığı təbliğ edir. Bütün bunlar azmış kimi, o da öz biznesini genişləndirmək, yəni siqarət istehsalını artırmaqla həm də Azərbaycan insanının zəhərlənməsinə öz “töhvəsini” vermiş olur.
Lənkəran sakini Məzahir Mürsəlov: “Rüfət Quliyevin bir deputat olaraq parlamentdə fəaliyyitini görməmişəm. Eyni zamanda seçicilərinin problemləri ilə də məşğul olmur. Çünki, əsas diqqəti verib öz biznesinin inkişaf etdirilməsinə. Siqaret istehsalı ilə məşğul olub, insanları zəhərləyən bu insandan vətəndaşların maraqları üçün nəsə edəcəyini gözləmirəm də.//yenicag.az