Cəlilabad rayonunda intihar qeydə alınıb. Hadisə rayonun Əsədli kəndində baş verib.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, 1973-cü il təvəllüdlü Seymur Ziyafət oğlu Bədirov meşədə "Soyuq bulaq" deyilən ərazidə özünü ağacdan asaraq öldürüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər. Hələlik Seymurun nəyə görə intihar etməsi məlum deyil.
Canına qəsdin baş vermə səbəbləri Cəlilabad rayon prokurorluğunda aparılan araşdırma nəticəsində bəlli olacaq.
Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Bu intihar hadisəsi bu gün baş verən 3-cü özünü öldürmə faktıdır.
İlk hadisə Lerik rayonunda baş vermişdi. Rayonun Soru kənd sakini 1995-ci il təvəllüdlü Çinarə Balamirzə qızı Novruzova yaşadığı evdə özünə boyun nahiyəsindən ov tüfəngi ilə atəş açmış, yaralı dərhal ailə üzvlərinin köməyi ilə xəstəxanaya aparılarkən xəsarətlərinin ağırlığından yolda keçinmişdi.
İkinci hadisə isə Şabranda qeydə alınıb. Rayonun Liman kənd sakini 1988-ci il təvəllüdlü Amil Asvar oğlu Bədəlov özünü yaşadığı evin həyətindəki tövlədən asmışdı.
Hər üç faktın başvermə səbəbləri müvafiq prokurorluqlarda araşdırılır.