Tənzilə Rüstəmxanlı özünə qarşı olan addımlara sərt cavab verdi
Parlament seçkilərilə bağlı ən qalmaqallı olay Azər-Türk Qadınlar Tənzilə Rüstəmxanlının namizədliyinin qeydə alınmaması oldu. Xatırladaq ki, əvvəlcə Tənzilə Rüstəmxanlının həyat yoldaşı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının namizədliyinə əngəl yaradıldı. Sabir Rüstəmxanlı bu ilki parlament seçkilərinə qatılmaq iddiasında idi, bunu əvvəldən də bəyan etmişdi.
Lakin sonradan fikrindən daşındığını bildirdi. O zaman belə iddialar səsləndirilirdi ki, Tənzilə Rüstəmxanlı seçkiyə qatılmaq istədiyinə hakimiyyət düşərgəsindən Sabir Rüstəmxanlıya “dur” deyilib. Lakin sonradan Tənzilə Rüstəmxanlının da namizədliyi qeydə alınmadı. Mərkəzi Seçki Komissiyası tərəfindən bunun izahı isə Tənzilə Rüstəmxanlının aşağılanması şəklində oldu. Guya seçicilər namizədliyini verən şəxsin müğənni Tünzalə Ağayeva olduğunu zənn ediblər. Sonradan biləndə ki, namizəd müğənni deyil, imzalarından imtina ediblər.
Tənzil Rüstəmxanlının da bütün bunlara cavabı sərt olub. Onun Facebook səhifəsində yazdıqlarını ixtisarla təqdim edirik: “Həyat yoldaşım Sabir Rüstəmxanlının bu ilki seçkilərdə iştirakı əngəllənəndən sonra hər bir Azərbaycan vətəndaşı kimi mən də millətimin səsi olmaq üçün bu marafona qoşuldum və Sumqayıt 42 saylı ikinci seçki dairəsindən MM-ə namizədliyimi irəli sürdüm. Mən ilk dəfə 2005-ci ildə seçkilərə qatılmışdım və çox uğurlu bir seçki kampaniyası aparmışdım. O zaman seçkilər daha demokratik keçirdi və hər hansısa bir əngəllə qarşılaşmamışdım. Sadəcə olaraq, bir evdən iki namizəd olmasın deyə, geri çəkilmişdim. Deməyim odur ki, mənim bu sahədə yetərincə təcrübəm var və qanunları yaxşı deyil, çox yaxşı bilirəm. Bilmədiyim isə oyunun yazılmamış qaydalarıymış ki, onu da bu seçki marafonu başlamamış önümə çəkilən əngəllər sayəsində öyrənmiş oldum. Təfərrüat qoy məndə sirr olaraq qalsın…
…Mən Qarabağ savaşında bölgələri qarış-qarış gəzəndə, qaçqınlara yardım aparanda, Şəhid analarının acılı göz yaşlarını siləndə, bu gün qarşıma keçib mənə əngəl törədənlər, haradaydınız? Harada olduğunuzu bilməsəm də, o ər meydanında olmadığınızı gözəl bilirəm. Bəziləriniz xəstəlik kağızı alaraq evinizdən kənara çıxmırdınız, bəziləriniz isə uzaqdan ölkənin ağır durumunu izləyirdiniz?..
…Üstümüzə topla tüfənglə gəlmək istəyənlər də anlasın ki, şəxsən mən savaş görmüş birisi olaraq qorxaq da deyiləm! Mən həmişə vətən xainləri, türk düşmənləri ilə savaşdım və savaşacağam. Biz nə rusun, nə erməninin uşağı olmadıq, biz Türk oğlu Türkük! Bizimlə savaşacaqsınızsa, bunun untmayın.
Türk adı altında gizlənən erməni törəmələri, bizə qarşı kinlərini qusmaqdadırlar. Bəziləri də qulaqdandolma ədəbiyyatlarla onlara “qılverənlik” edirlər. Günahdır, etməyin! Bizimlə savaşacağınıza əsirlikdəki qız-gəlinimiz üçün ermənilərlə mübarizə aparın. Mənim düşmənim ermənilərdir, onlarla mübarizə aparıram. Budur sizi narahat edən?”
Tənzilə Rüstəmxanlı ad çəkməsə də, onun bu ittihamlarının seçkinin keçirilməsinə məsul qruplaşmaya ünvanlandığını söyləmək olar. Yeri gəlmişkən, Rüstəmxanlılar nəqliyyat naziri Ziya Məmmədovun qardaşı ilə qudadırlar. Bundan başqa Tənzilə Rüstəmxanlının prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovla qohum olduğu barədə iddialar var. Ehtimal olunur ki, Rüstəmxanlılara qarşı atılan addımlar həm də parlament seçkilərində hökumətiçi savaşdan qaynaqlanır.