Elşad Babayevin bacısı: “Mən bu adamlardan hər şey gözləyirəm, onu öldürüblər” Elçin Behbudov: “Ölüm faktı tam, hərtərəfli araşdırlmalıdır”
Məhkumların müalicə müəssisəsində saxlanılan məhkum Yadigar Nuriyevin qəfil və müəmmalı şəkildə dünyasını dəyişməsi haqda xəbər vermişdik. Məhkumun ölümü ilə bağlı redaksiyamıza daxil olan məlumatda deyilir ki. o, narkotik maddə qəbul edərkən dozanı aşdığına görə dünyasını dəyişib.
Y.Nuriyev ötən il dekabrın 22-də saxlanıldığı 14 saylı cəzaçəkmə müəssisəsində vəhşicəsinə döyülərək öldürülən məhkum Elşad Babayevin işi üzrə yeganə şahid idi. Daha doğrusu, gördüklərini deyən və geri çəkilməyən yeganə məhkum-şahid!
Mərhum E.Babayevin bacısı Simuzər Babayeva Y.Nuriyevin ölümündə böyük müəmma olduğunu, bu haqda məlumat alandan sonra sarsıldığını deyib: “Elşadın ölümündən sonra Yadigar bizimlə əlaqə saxlamışdı. Qardaşımın ölümündə əli olan şəxslərin adlarını demişdi. Demişdi ki, DPNK-nın otağına rejim rəisi Faiq, DPNK Vüqar, baş “starşina” Rahib, bir də rəisin Hafiz adlı müavini Elşadı vəhşicəsinə döyüblər. Hadisənin onun gözləri qarşısında olduğunu, bunu istintaqa da deyəcəyini gizlətmirdi. Bizə də deyirdi ki, gəlin görüşək, hər nə varsa deyəcəyəm. Təəssüf ki, məni onun yanına buraxmadılar. Bilirdilər ki, mən Elşadın bacısıyam, Yadigar mənə hər şeyi deyəcək. Mən bu adamlardan hər şey gözləyirəm, onu öldürüblər”.
S.Babayeva deyib ki, qardaşının qətlindən sonra Y.Nuriyev 14 saylı cəzaçəkmə müəssisəsindən məhkumların müalicə müəssisəsinə köçürülməklə istintaqdan gizlədilməsinə cəhd olunub: “Müalicə müəssisəsinə göndərib geri qayıtmasına da imkan vermirdilər. Müstəntiq də onu dindirməyə həvəsli deyildi. Müstəntiq ən sonda gedib onu dindirmişdi, Yadigar da nə bilirsə, ona demişdi. Sonradan “Yeni Müsavat”da açıqlama verib həmin fikirləri təkrarlamışdı. Yadigar Elşadla cəza yerində dostlaşmışdılar. O, sözünü deyən idi. Qardaşımın ölümü ilə bağlı susmurdu. Onun dərman zəhərlənməsindən ölməsinə inanmıram. Məhkumda dərman olur?”
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov da məhkum Yadigar Nuriyevin ölümünə münasibət bildirib. Komitə sədri deyib ki, Y.Nuriyevin ölümü hüquq-mühafizə orqanları tərəfindən diqqətlə araşdırılmalıdır: “Bunlar bildiklərini edirlər, mən bunları gedib araşdıra bilmirəm. Digər nazirliklərin istintaq təcridxanalarında, saxlama yerlərində gedib monitorinqlər apara bilirik. Penitensiar Xidmətə tabe olan təcridxanalarda, müəssisələrdə isə monitorinq aparmağımız mane olur, imkan vermirlər. Əlbəttə ki, Yadigar Nuriyevin ölümü diqqətlə, hərtərəfli araşdırlmalıdır. O, məhkum Elşad Babayevin ölüm işində şahid idi. Penitensiar Xidmətin müalicə müəssisində məhkumlar həkimlərin nəzarəti altındadırlar. Oradakı həkimlər də zabitlərdir. Necə yəni o dərmandan ölüb? Elə şey olar? Kameraya dərman necə keçib? Elşad Babayevin özünün də ayaqlarında, qollarında qançırlar vardı. Bu bizə təqdim olunan fotolardan da açıq-aşkar görünürdü. Bu onu deməyə əsas verirdi ki, qançırlar, xəsarətlər onunla qeyri-insani rəftarın təsirindən əmələ gəlib.
Yadigar Nuriyevin ölümünün səbəbini bilmək üçün ekspertiza keçirilməlidir. Qollarına, ayaqlarına, bədəninə baxıb ona qarşı qeyri-insani rəftar, zorakılıq olub-olmamasını aydınlaşdırmaq olar. Baxış keçirmədən döyülmə əlamətlərinin olub-olmamasını söyləmək mümkün deyil. Əgər Yadigar Nuriyev müalicə müəssisində, qapalı bir yerdə ölübsə, müəyyən olunmalıdır ki, onun “dozanı aşması”na səbəb nədir? Dərmanlar onun bədəninə hansı üsulla yeridilib? Axı bu adam küçədə və ya evində ailə üzvlərinin əhatəsində dünyasını dəyişməyib! Dərmanı ona kim verib? O dərmanları məhkum əldə edibsə, bunu necə edib? Bu dəqiqə onun ölümü ilə bağlı bütün mümkün versiyalar əsas kimi götürülə bilər. Yəni Yadigar Nuriyev məhkum Elşad Babayevin ölümü ilə bağlı ifadəsindən imtina etməyibsə, buna görə ona təzyiqlərin olduğunu deyibsə, ona hər şey ola bilərdi! Bir daha deyirəm, Yadigar Nuriyev qapalı yerdə dünyasını dəyişibsə, bu hamını düşünməyə vadar edir ki, məhkum nədən öldü? Bu işdə ilk növbədə nəzarətçilərin məsuliyyəti var. Ölən insandır, hər bir halda onun ölümü ilə bağlı bütün detallar araşdırılmalıdır. Əgər o, cinayət törədibsə, həmin cinayətə görə cəza çəkir, illərini qapalı yerdə keçirir, azadlığı əlindən alınır. Amma bu o demək deyil ki, o, saxlanıldığı, dövlətin himayəsində olan cəza yerində ölməlidir! Ölüm faktı tam, hərtərəfli araşdırlmalıdır. Bizə araşdırma aparmağa imkan vermirlər. Ədliyyə Nazirliyindən komitəmizə cəzaçəkmə müəssisələrində monitorinq keçirməyə, araşdırma aparmağa şərait yaradılmır”.
E.Behbudov məhkum Y.Nuriyevin müəmmalı ölümü haqda hesabat yazaraq beynəlxalq təşkilatlara da təqdim edəcəyini söylədi.
Xatırladaq ki, bu ilin avqustunda redaksiyamızla əlaqə saxlayan Yadigar Nuriyev Elşad Babayevin ölümünə yol açan vəhşicəsinə döyülməsi səhnəsi haqda gördüklərini deməkdən çəkinmədiyini, istintaqa dediklərini açıq şəkildə ictimaiyyətə çatdırmaq istədiyini söyləmişdi. Fikirlərinin həyatına təhlükə yarada biləcəyini nəzərə alıb adı çəkilmədən çap edə biləcəyini söyləmişdik. Lakin məhkumun israrından sonra onun fikirlərini həqiqətin üzə çıxması ümidi ilə çap etmişdik. Belə bir halda Y.Nuriyev saxlanıldığı Məhkumların
Müalicə Müəssisəsində “həddindən artıq qəbul olunan dərman preparatlarından zəhərlənməməsi” çox şübhəli görünür. Hətta onun qəfil dünyasını dəyişməsini “öldürülə bilməsi” kimi də qiymətləndirmək olar. Yadigar Nuriyevin fikirləri “Yeni Müsavat”ın 26 avqust 2015-ci il tarixli sayında “Öldürülən məhkumun işindəki ilginc ifadə üzə çıxdı” başlığı, “Məhkum Yadigar Nuriyev: ”Mən içəri girəndə təpik, dubinka... daha nə ilə vurmurdular onu" yarımbaşlığı altında dərc olunmuşdu.
Qeyd edək ki, ötən il dekabrın 22-də Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsində məhkum Elşad Babayev dünyasını dəyişib. Ölümündən sonra onun meyiti Qaradağ Rayon Məhkəmə Tibb Ekspertizasına aparılıb. Bacısı S.Babayeva orada qardaşının meyitinin fotolarını çəkib və ictimailəşdirib. İş üzrə araşdırma aparmalı olan istintaq orqanına də həmin fotoları təqdim edib. Amma gözlənildiyinin əksinə olaraq məhkumun ölümü ilə bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 309.1-ci - vəzifə səlahiyyətlərini aşma maddəsi ilə cinayət işi başlanıb. Sonradan isə cinayət tərkibi olmadığından işə xitam verilib...
E.MƏMMƏDƏLİYEV musavat.kom