Bakı sakini Dürdanə Hadıyeva daxili işlər naziri Ramil Usubova müraciət edib. Dürdanə Hadıyeva müraciətin bir surətini də “Azadlıq”a ünvanlayıb. Onun sözlərinə görə, oğlu Fuad Hadıyev sentyabrın 19-da “Xudafərin” şadlıq sarayında toyda olub. Lakin həmin gün evə gəlməyib.
“Sentyabrın 20-də səhər 08.50-də zəng vurub ki, çuxura düşmüşəm və yaralıyam. Bundan sonra iki gün onun telefonu işlək vəziyyətdə olub. Lakin zənglərə cavab verməyib. Məsələ ilə bağlı Nizami Rayon Polis Idarəsinə müraciət etmişik. Amma hələ də polis oğlumun yerini müəyyənləşdirə bilməyib. ”Neftçilər” metrostansiyasının yaxınlığında 30 saylı marşrutun dayanacağına qədər kameralarda görüntülər qeydə alınıb. Ancaq sonrakı görüntülər yoxdur. Deyirlər ki, kameralar həmin gün işləməyib. Texnikanın inkişaf etdiyi dövrdə oğlumun yerini müəyyənləşdirmək o qədər də çətin olmamalıdır. Hər halda hansı ərazidən zəng elədiyini bilmək olar.
Cənab nazir, bir ana kimi sizdən xahiş edirəm ki, bu məsələnin ciddi araşdırılması üçün göstəriş verəsiniz”, – deyə Dürdanə Hadıyeva bildirir.