Anar Məmmədov 2 aydır ki, “Garant”ın ofisinə getmir; binanın mühafizəçiləri müxbirimizə “o, daha buralara gəlmir” deyiblər; nazirin və oğlunun ətrafındakı müəmma pərdəsi daha da qalınlaşır
Azərbaycanın ən qüdrətli və zəngin nazirlərindən biri olan Ziya Məmmədov və klanı haqda müəmmalar davam edir. Nəqliyyat naziri barədə mediada hər gün müxtəlif məlumatlar gedir. Lakin bu məlumatlara nazir heç bir reaksiya bildirmir. Nəqliyyat Nazirliyindən isə bildirilir ki, Z.Məmmədov oktyabrın 22-nə kimi məzuniyyətdədir. Onun hazırda Azərbaycanda olmadığı deyilir. Nazirlə bərabər onun oğlu, bir qədər əvvəl fəaliyyətini dayandıran Azərbaycan Amerika Alyansının prezidenti, “Garant Holdinq"in təsisçisi Anar Məmmədov da yoxa çıxıb.
Son günlərə qədər mətbuatda qardaşı, qardaşı oğlu və yaxınları barəsində yazılanlara münasibət bildirən Z.Məmmədovun deputat qardaşı Elton Məmmədov da Milli Məclisin oktyabrın 13-də baş tutan axırıncı iclasında gözə dəyməyib.
Nə baş verir? Ziya Məmmədov məzuniyyətdə ikən səlahiyyətlərinin alınaraq ayrıca qurumlara verilməsi təsadüfidirmi? Onun anadan olduğu rayonda prezidentin iştirakı ilə yol açılışına dəvət almaması sıradan bir hadisədirmi?
Prezident bu il oktyabrın 6-da Anar Məmmədovun “Garant Holdinq”inə daxil olan və Məmmədovların ata yurdu olan Ucarın Qazıqumlaq kəndindəki quşçuluq fabrikində istehsalatla tanış olmağa gedib. Həmin səfərlə bağlı yayılan foto və videolarda Anar Məmmədov yoxdur. Prezident “Garant Holdinq”ə daxil olan “Ucar aqro” MMC-nin Qazıqumlaqdakı fabrikinə baş çəkəndə holdinqin təsisçisinin orada olmaması nə dərəcədə uyğun haldır?
Nazirin oğlunun Bakıda inşa etdirdiyi hotelə adını vermiş, ABŞ-da baş tutacaq prezident seçkilərində şanslı namizədlər sırasında özünə yer etməyə nail olmuş Donald Trampla şərikliyinin zirvəsində olduğu bir vaxtda Anar Məmmədovun Azərbaycan Amerika Alyansı niyə qapadıldı? Ziya Məmmədov, Anar Məmmədov hazırda haradadırlar?
Bir neçə gün əvvəl “Garant Holdinq”lə əlaqə saxlayaraq Anar Məmmədovla danışmaq, yaranmış duruma aydınlıq gətirməsi üçün suallarımıza cavab almaq istədiyimizi bildirmişdik. Nazir oğlunun köməkçisi olan xanım adımızı, soyadımızı, hansı təşkilatdan olduğumuzu bir neçə dəfə dəqiqləşdirəndən sonra bizi Anar Məmmədovla əlaqələndirməyə çalışdığını söyləmişdi. Amma xəttin əks tərəfində dəstəyi qaldıran olmamışdı. Xanım köməkçinin hərəkətlərindən belə anlaşılırdı ki, apardığı dəqiqləşdirmələr Anar Məmmədovun özünün tapşırığına əsasən baş tutur.
***
Dünən “Garant Holdinq”ə yollanıb A.Məmmədovla görüşmək istədiyimizi açıqladıq. Holdinqin yerləşdiyi binanın mühafizəçiləri kimliyimizlə maraqlanıb Anar Məmmədovla görüşümüzün baş tutmayacağını söylədi.
Dedi ki, Anar Məmmədov daha “Garant Holdinq”də oturmur! Mühafizəçi digər suallarımıza da nəzakətlə cavab verib holdinq təsisçisinin baş ofisə 2 aydır ki, gəlmədiyini açıqladı.
Necə yəni gəlmir? Bəs harada oturur?
Mühafizəçi “bilmərik” deyib “bizə də heç nə demirlər” əlavə edib susdu.
Düşündük ki, suallarımıza holdinqin hüquqşünası Ruslan Məmmədov da aydınlıq gətirə bilər. Lakin mühafizəçi onun da ofisdə oturmadığını dedi.
“Onlar hara köçüblər” sualına isə mühafizəçi çiyinləri çəkməklə cavab verdi.
Bir vaxtlar Anar Məmmədovla bağlı yazılara operativ reaksiya verən Ruslan Məmmədovun baş ofisdə olmaması da sual doğurur. Onu işdən çıxarıblarmı? Və ya o da məzuniyyətdədirmi?
Yeri gəlmişkən, Anar Məmmədovun şəriki Donald Trampın məzuniyyət haqda fikirlərini də yazaq. O, təşviqat kampaniyası çərçivəsində seçicilərdən birinin “həyatda uğur qazanmağınızın sirri nədir” sualına “Heç vaxt məzuniyyət götürməyin. Məzuniyyət nəyinizə gərəkdir? Əgər işiniz sizə zövq vermirsə, deməli, siz sizə uyğun olan işdə deyilsiniz” deyə cavab verib.
Əlbəttə ki, Anar Məmmədovun şərikinin sözlərini onun nazir atasına aid etmək doğru olmaz.
***
Məşhur aktyor Hüseynqulu Sarabskinin adını daşıyan küçənin digər başında “Garant Holdinq”ə daxil olan “Ucar Aqro” MMC-nin ofisi var. Bu MMC bir qədər əvvəl qeyd etdiyimiz kimi, Ziya Məmmədovun ata yurdunda, Ucarın Qazıqumlaq kəndində böyük quşçuluq fabrikinə sahibdir. Orada istehsal olunan toyuqlar “Mərcan” adı altında satışa çıxarılır. Bakıda “Ucar Aqro”nun ofisi 2 ay əvvələ qədər Hüseyqulu Sarabski 115 b ünvanında yerləşib. Yəni Ziya Məmmədovun oğlu Anar Məmmədov Hüseynqulu Sarabski 57 ünvanındakı “Garant Holdinq”də olan iş yerinə gəlib-gedənə qədər.
Ora baş çəkib öyrəndik ki, “Mərcan”ı oradan çıxarıblar. Əvəzinə isə “İmişli” broyleri yerləşdiriblər. “Mərcan”ın illərlə qərarlaşdığı ofisdən çıxarılmasının nə ilə əlaqəli olduğunu “İmişli” broylerin işçiləri bilmədiklərini söylədilər. Həmin ünvandakı ofisin şüşələrinə “Mərcan” toyuqlarını reklam edən üzlüklərdəki qaralamalar da diqqətimizi çəkdi. Reklam üzlüklərinin kənarında nazir oğlunun holdinqinin brendi - “Garant” sözləri qara rənglə pozulub. Bu qaralamanın nə ilə əlaqəli olduğunu da ofisdə izah edə bilmədilər. Reklamın tezliklə söküləcəyini söylədilər.
Niyə məhz “Garant Holdinq” sözləri qaralanıb? Bu qaralama nazir oğluna mesaj ola bilərmi?
Maraqlıdır ki, Məmmədovlar ətrafında baş verənlərə aydınlıq gətirmək ümidi ilə baş çəkdiyimiz ünvanlardan topladığımız məlumatlar yaranmış qeyri-müəyyənliyi daha da dərinləşdirdi.
[thumb]http://anaxeber.info/uploads/posts/2015-10/1444798701_unnamed_67.jpg[/thumb
E.MƏMMƏDƏLİYEV