Üzən məzənnə - yeni devalvasiyaya doğru...

15-10-2015, 10:05   
Üzən məzənnə - yeni devalvasiyaya doğru...

Ekspertlər baş bankirin açıqlamasını çevik məzənnə siyasətinə keçid mesaji kimi də dəyərləndirirlər...


Milli valyutanın - manatın dəyərdən düşməsi yenə gündəmdədir. Son olaraq Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bu barədə bildirib. “Yüksək dollarlaşma səbəbindən Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları azalıb”,- deyə o, Milli Məclisin növbəti plenar iclasında Azərbaycanın 2016-cı il üçün dövlət büdcə zərfinin müzakirəsi zamanı manatla bağlı məsələyə toxunub.

APA-nın məlumatına görə, E.Rüstəmov 2014-cü ildə AMB-nin valyuta ehtiyatlarının 15 milyard dollar olduğunu vurğulayıb: “Bu ehtiyatları biz daxili bazardan almışdıq. Devalvasiyadan sonra ilk dəfə may-iyun aylarında biz daxili bazardan dollar aldıq. İyul ayında isə dollarlaşma səviyyəsi yenidən yüksəldi. İndi dollarlaşma səviyyəsi 10 il əvvəlki səviyyədədir”.

Hazırda AMB-nin valyuta ehtiyatlarının 7 milyard dollar olduğunu deyən E. Rüstəmov bu göstəricinin beynəlxalq normalara uyğun olduğunu bildirib. Baş bankir əlavə edib ki, çevik məzənnə siyasətinə keçidlə bağlı məsələlər ciddi araşdırılır: “Bu siyasətə keçid texniki hazırlıq və soyuqqanlı yanaşma tələb edir. Bununla bağlı beynəlxalq təşkilatlarla müzakirələr aparırıq. Manatın məzənnəsi neftin qiyməti, tədiyyə balansının vəziyyəti və tərəfdaş ölkələrin valyuta siyasəti ilə müəyyənləşir. 2016-cı ildə də belə olacaq. Göründüyü kimi, məzənnəyə təsir edən başlıca amillər ölkədən, milli iqtisadiyyatdan kənarda formalaşır. Müxtəlif çevik məzənnə siyasəti çoxdandır ki, AMB-nin gündəliyindədir. Bu məsələlər ciddi araşdırılır. Əlaqədar beynəlxalq təşkilatlarla geniş müzakirə edilir”.



E.Rüstəmov bildirib ki, qarşıdakı ildə neftin qiymətləri əhəmiyyətli dərəcədə aşağı olacaq: “2011-ci ildə tədiyyə balansı 17 milyard dollar idi. 2015-ci ilin sonunda tədiyyə balansının 2 milyard dollar olacağı gözlənilir. Başqa sözlə, tədiyyə balansı 2011-ci illə müqayisədə 8 dəfə az olacaq”.




Ekspertlər isə bu fikirləri növbəti devalvasiyanın anonsu kimi dəyərləndirirlər. Ekspert Əkrəm Həsənov məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, üzən məzənnə yanaşması yaxşı olardı: “Amma iqtisadiyyatın artımı, valyuta axınının artımı halında. İndi isə neftin hasilatı, həcmi və qiyməti düşdüyü vəziyyətdə üzən məzənnə manatın devalvasiyası deməkdir. Bir neçə il əvvəl AMB üzən məzənnəyə keçsəydi, başqa cür olardı. Manat həqiqətən bazardan asılı olardı, qalxıb-düşərdi, hamı da buna alışardı. İndi isə üzsə, batacaq! Müqayisə üçün Rusiyanı götürək. Orada rubl bizə nisbətən həmişə üzüb. Amma tam üzməyə buraxan kimi dəyəri iki dəfə azaldı. Bizdə bundan betəri ola bilər. Sadəcə, AMB belə mesajlar verir ki, sabah devalvasiya olanda desin ki, biz siqnal vermişdik əhaliyə”.

Ekspert Qubad İbadoğlu da bildirib ki, parlamentdə büdcə müzakirələri zamanı Elman Rüstəmovun çıxışında səsləndirdiyi faktlar Azərbaycan iqtisadiyyatında mövcud durumun sürətlə pisləşdiyini göstərir: “Bu çıxışda diqqəti çəkən 2 neqativ tendensiyaya və 1 məqama münasibət bildirmək istərdim. AMB sədri çıxışında səsləndirib ki, 2011-ci ildə tədiyyə balansı 17 milyard dollar idi. 2015-ci ilin sonunda tədiyyə balansının 2 milyard dollar olacağı gözlənilir. Başqa sözlə, tədiyyə balansı 2011-ci illə müqayisədə 8 dəfə az olacaq. Həmçinin 2014-cü ildə AMB-nin valyuta ehtiyatları 15 milyard dollar olub. İndi dollarlaşma səviyyəsi 10 il əvvəlki səviyyədədir. Hazırda AMB-nin valyuta ehtiyatları 7 milyard dollardır. Elman Rüstəmovun qeyd etdiyi maraqlı məqam isə çevik məzənnə siyasətinə keçidlə bağlı məsələlərin ciddi araşdırılması ilə bağlıdır. AMB sədrinin bu çıxışını çevik məzənnə siyasətinə keçid mesaji kimi də dəyərləndirmək olar. Çünki 21 fevral devalvasiyası qarşıya qoyulan məqsədlərə çatmaq üçün yetərli olmadı.



Devalvasiyadan sonrakı dövrdə nə makroiqtisadi səviyyədə ixrac potensialının genişlənməsi, rəqabət qabiliyyətliliyinin artırılması, nə də pul-kredit göstəricilərində müsbət dəyişikliklər müşahidə olunmadı. Belə ki, ötən dövrdə kredit qoyuluşlarının həcminin azalmasına baxmayaraq, geri qayıtmayan problemli kreditlərin həcmi artdı. Bankların cəlb etdiyi əmanətlərin səviyyəsi aşağı düşməsi ilə yanaşı onun valyuta tərkibində dollar hökmran mövqeyə çıxdı. Hər iki tendensiyanın davamlı olması AMB-dən yeni addımlar atmağı tələb edir. Odur ki, AMB sədri parlament kürsüsündən başqa alternativlərlə bağlı araşdırmalar apardıqlarını bəyan etdi. Hesab edirəm ki, AMB manatın sabitləşməsinə təmin edəcək çoxlu variantlar üzrə seçim qarşısında deyil. Burda məzənnənin tənzimlənməsinin 2 yolu qalıb. Onlardan biri valyuta bazarına müdaxilələr yolu ilə hazırkı inzibati tənzimləmə siyasətini davam etdirməklə AMB-nin malik olduğu 7 milyard dolları da qısa müddətə xərcləmək, ikincisi isə valyuta bazarına müdaxiləyə son qoyaraq manatın məzənnəsinin tənzimlənməsini bazaq iştirakçılarının ixtiyarına vermək. İkinci yanaşma yeni olduğuna görə ona keçid hazırlıq tələb edir. Əks təqdirdə, 21 fevral devalvasiyasından sonra manatın qiymətdən düşməsi, dəyərini və etibarını itirməsi onun bazar tənzimlənməsi zamanı ucuzlaşmasını şərtləndirə bilər. Buna yol verməmək üçün yenidən devalvasiya keçid dövrünün tədbirlərindən biri ola bilər”.



Ekspert Natiq Cəfərli də devalvasiya təhlükəsinin gözlənilən olduğunu bildirib. O, həmçinin bu halda manatın vəziyyətinin yaxşı olmayacağını da vurğulayıb: “Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov manatın ”üzən məzənnəyə" keçə biləcəyinin anonsunu verdi. Bəzi nazirlər də buna bənzər açıqlamalar vermişdilər. Cənablar, nə özünüzü, nə də bizi aldatmayın, ölkədə manatın “üzməsi” üçün “su hövzəsi” yoxdur. Yəni ölkədə qiymətli kağızlar bazarı yox, valyuta birjası yox, ölkəyə valyuta gətirən şirkətlər yox, iqtisadi azadlıqlar yoxdur. Normal iqtisadi model yoxdur, tək bir borudan sallanıb asılı qalan bir modeldə manat necə “üzəcək?” Bu yazıq manata “üzməyi” siz nə vaxt öyrətdiniz ki, indi onu “suya” buraxırsınız? Manat “üzməyi” bacarmır, buna görə də “batacaq”. Açıq deyin ki, məzənnəni saxlaya bilmirik, bir müddət sonra yavaş-yavaş manat ucuzlaşacaq, vəssalam".
Qeyd edək ki, əksər ekspertlər 21 fevral devalvasiyasını çevik məzənnə siyasətinə keçid istiqamətində addım kimi qiymətləndirirlər. Bildirilir ki, öz-özlüyündə devalvasiya qarşıya qoyulan məqsədlərə çatmaq üçün yetərli deyil. Ekspertlərin fikrincə, əgər Mərkəzi Bank 1-ci devalvasiya ilə kifayətlənərsə, bu tədbirin neqativ təsirlərini neytrallaşdıra bilməyəcək. Məsələn, hazırda kreditlər ümumilikdə azalmasına baxmayaraq, problemi kreditlərin həcmi artır. Əmanətlərin həm həcmi azalır və həm də valyuta tərkibində dollar hökmran mövqeyə çıxır. Həmçinin qeyd edilir ki, 21 fevral devalvasiyasından sonra manatın qiymətdən düşməsi, dəyərini və etibarını itirməsi son nəticədə onun daha da ucuzlaşmasını şərtləndirə bilər. Ona görə də üzən kursa keçid dövründə yumşaq devalvasiyaların baş verməsi ehtimalı yüksəkdir.

Röya RƏFİYEVA musava.kom
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar