Ölkədə “sürünən bahalaşma”nın yeni dalğası başlayıb

19-10-2015, 09:22   
Ölkədə “sürünən bahalaşma”nın yeni dalğası başlayıb


Yeni qiymət artımının da süni olduğu bildirilir; satıcılar topdansatış işbazlarını günahlandırır; iqtisadçı ekspert isə...
Son günlər bir sıra ərzaq məhsullarının qiymətində artım müşahidə edilməkdədir. Bir neçə marketdə apardığımız müşahidələr zamanı məlum oldu ki, elə ərzaq məhsulları var ki, onların qiymətində artım nəzərə çarpacaq dərəcədə hiss edilir. Ancaq digər ərzaq məhsullarında artım 3-5 qəpik olduğu üçün bir elə diqqət çəkmir.

Ümumilikdə isə zəruri ərzaq məhsullarının qiymətində 10-60 qəpik arası artım var. Məsələn, bir neçə gün əvvələ qədər 8 qəpiyə satılan yumurta indi 18 qəpiyə satılır. Çayların qiymətində də növündən asılı olaraq 3-10 qəpik arası bahalaşma vardı. Həmçinin düyü, qaymaq, qəndin qiymətində də cüzi də olsa artım müşahidə edilirdi. Görünür, işbazlar ərzaq məhsullarının qiymətini insanları öyrəşdirə-öyrəşdirə qəpik-qəpik artırırlar.

Satıcılardan bahalaşmanın səbəbini soruşduqda onlar ərzaqları yerindən baha aldıqlarını dedilər. Satıcı Elman Yusifov bildirdi ki, qiymətlər yerində, yəni topdan satış mərkəzində də bahadır: “Biz baha aldığımız üçün baha satırıq. Alıcı daha çox yumurtanın bahalaşmasına etiraz edir. Gəlib bizə irad tuturlar ki, qiymətlər niyə belədir. Biz topdan satış mərkəzindən 10-15 qəpiyə aldığımız yumurtanı necə 8 qəpiyə sataq?!”

Alıcı Həqiqət Məmmədova da bahalıqdan gileylənirdi: “Ərzaqların qiymətini nə vaxta kimi bahalaşdırmağı düşünürlər? İnsanların aldıqları məvacib bir aylıq ərzağına çatmır. Yumurta kasıbın istifadə etdiyi ən zəruri ərzaqdı. Barı onun qiymətini artırmazdılar”.

Doğrudan da əsas sual yumurtalarla bağlı ortaya çıxır. Necə ola bilər ki, ildə 1 milyarddan çox yumurta istehsal edən ölkədə bu məhsulun qiyməti baha olsun? Hazırda ölkədə ildə 1 milyard 300 milyon ədəd yumurta istehsal edilir. Ölkə əhalisinin yumurtaya tələbatı isə 2 milyard 600 milyon ədəddir.

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov mətbuata açıqlamasında yumurtanın maya dəyərinin 7-8 qəpikdən çox olmadığını bildirmişdi. Ekspertin sözlərinə görə, ölkəyə tələbata uyğun yumurta gətirilərsə, qiymətlər aşağı salına bilər: “Mövsümlə əlaqədar istehsal zəifləsə də hazırda bir yumurtanın maya dəyəri 7-8 qəpikdən çox deyil. Təəssüf ki, bu sahədə rəqabət yoxdur. Buna görə də yumurtanın qiymətini istənilən vaxt artırıb-azaldırlar. Hazırda Ukraynada yumurtanın qiyməti 5 qəpikdir. Rusiyada 6, Gürcüstanda 6-7 qəpik arasında dəyişir. Azərbaycanda isə sahibkarlar sövdələşməyə gedirlər. Ölkəyə digər sahibkarların yumurta gətirməsinə imkan verilmir. Yumurta istehsalı, satışı bir dairədən idarə olunduğu üçün istənilən zaman qiymətləri dəyişə bilirlər”.



İqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a bahalaşmanın səbəbinin sırf inhisarçılıqla bağlı olduğunu söylədi: “Normal qayda-qanun, rəqabət olan ölkələrdə süni qiymət artımı anlayışı ümumiyyətlə, olmur. Bu sovet dövründən qalma bir yanaşmadır. Süni qiymət artımı, alverçilər terminləri sovetlərdən qalmadır. Sovet dövrünün dağılmasından 25 ildən çox vaxt keçməsinə baxmayaraq təəssüflər olsun ki, hələ də Azərbaycanda və postsovet məkanın bəzi ölkələrində bu terminologiyalardan istifadə olunur. Əgər normal rəqabət mühiti olsa, normal şəkildə bazar iqtisadiyyatının qanunları, tələb və təklif qanunları, rəqabət qanunları işləsə süni qiymət artımı mümkün deyil. Azərbaycanda süni qiymət artımının yeganə səbəbi inhisarçılıqdır. Yəni inhisarçılıq olan yerdə mütləq dar çərçivədə insanlar bazara gələn mallara nəzarət edir və o nəzarətin nəticəsində qiymətləri özləri bazara diktə edirlər. Bu anlamda Azərbaycanda, təbii ki, süni qiymət artımı var. Amma bu, sovetlərdən qalma bir yanaşma deyil, inhisarçılıqla bağlı olan bir məsələdir. Əgər bu 24 illik müstəqillik dövründə rəqabət mühiti yaransaydı, bazar qaydalarının tamamı tətbiq olunsaydı, ədalətli bir sistem olsaydı təbii ki, süni qiymət artımı olmazdı. Bazarda da tələb və təklifin yaratdığı məsələlər qiymətə təsir göstərərdi”.



Bu cür süni bahalaşmanın qarşısını almaq üçün normal rəqabət mühitinin yaradılmasının vacib olduğunu deyən ekspert illərdir bu məsələ qaldırılsa da bir nəticəsi olmadığını dedi: “Bu barədə dövlət başçısından tutmuş, nazirlərə qədər illərdir dəfələrlə bu məsələ qaldırılıb. Son iclasda da inhisarçılıqla, korrupsiya ilə bağlı məsələlər qaldırıldı, gündəmə gəldi. Amma təəssüf ki, bu illər ərzində ciddi addımlar atılmayıb. Azərbaycanda nə rəqabət məcəlləsi qəbul olunub, nə dənormal məhkəmə sistemi qurulub. Bəlkə də ilk baxışdan bir aidiyyəti olmasa da, inhisarçılıqla mübarizədə mülkiyyət toxunulmazlığı məsələlərinin önə çıxmasında ədalətli məhkəmə sisteminin olması çox vacibdir ki, insanların hüququ, rəqabət qaydaları pozularkən insanlar məhkəmə yolu ilə öz hüquqlarını bərpa edə bilsinlər.



Yəni investorlar üçün də bu vacibdir. Ədalətli məhkəmə sistemi olan ölkələrdə investorlar aktivlik göstərirlər. Azərbaycanda bütün bu məsələlər illərdir həll olunmayıb deyə, inhisarçılıq çox yüksək səviyyədə sistemli hal alıb. Ona görə də ölkəyə gətirilən məhsulların qiyməti qonşu dövlətlərə nisbətən xeyli yuxarıdır. Məsələn, Gürcüstanda inhisarçılıqla, korrupsiya ilə bağlı mübarizə uğurla həyata keçirildi. Son illərdə sistem dəyişiklikləri baş verdi və bunun nəticəsi olaraq xarici ölkələrdən Gürcüstana gətirilən məhsulların qiymətində Azərbaycana nisbətən azı iki dəfəyə yaxın fərq, ucuzluq var. Amma baxmayaraq ki, məsafə olaraq Gürcüstanla Azərbaycan eyni zonada yerləşir və məhsulların gətirilməsinə eyni nəqliyyat xərcləri tələb olunur. Məsələn, Avstraliyadan gətirilən yağ Gürcüstanda Azərbaycandan iki dəfə ucuz satılır. Bunun səbəbi də sırf inhisarçılıqla, bazara nəzarət edən qrupların digər rəqibləri bazara buraxmaması ilə bağlıdır ki, haqsız qazanc əldə etsinlər. Məhz bu haqsız qazanc nəticəsindədir ki, Azərbaycanda qiymətlər bahalaşır və xeyli dərəcədə həm Türkiyə, həm də Gürcüstanla qiymət fərqi yaranır”.

Günel MANAFLI MUSAVAT.kom
Fotolar müəllifindir
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar