Oqtay Əsədovdan sensasion Rusiya açıqlaması

27-10-2015, 09:46   
Oqtay Əsədovdan sensasion Rusiya açıqlaması
Rəsmi Bakıdan seçki ərəfəsi Qərbə iki mühüm mesaj; Prezident Administrasiyasının rəhbəri Azərbaycan hakimiyyətinin mövqeyini açıqlayan məqalə yazdı: “Prezidentin yürütdüyü siyasət ölkəmizi qeyri-sabit görmək istəyən Qərb dairələrini qıcıqlandırır”; spiker isə Azərbaycanın Rusiya ilə yaxınlaşdığı üçün Qərbin təzyiqlərinə məruz qaldığını dedi




“MTN işi” seçkiyə diqqəti arxa plana keçirib, amma...

MTN-də baş verən proseslər sayılı günlər qalmış 1 noyabr parlament seçkilərini tam arxa plana keçirib. Məlumdur ki, Avropa Parlamentinin seçkiləri boykota çağırışın da əksini tapdığı qətnaməsindən sonra ATƏT 1 noyabr seçkilərinə müşahidəçi göndərə biləcəyini bəyanlamışdı, həmçinin konkret say da açıqlamışdı. Rəsmi Bakı isə ATƏT-in Azərbaycana 125 seçki dairəsi üzrə 400 nəfər qısa və uzunmüddətli müşahidəçinin göndərilməsinə etiraz etdi və nəticədə Avropanın ən böyük qurumu seçkilərə müşahidəçi göndərməməyə qərar verdi.

Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyi ATƏT-in Daimi Şurasının ötən həftə keçirilən iclasında təşkilatın Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) mandatını pozması məsələsini qaldırıb. Daimi nümayəndəliyin bəyanatında bildirilib ki, nümayəndəlik səlahiyyətini aşaraq noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidəçi missiyası göndərməkdən imtina etmiş DTİHB ilə yaranmış vəziyyətdən çıxış üçün intensiv danışıqlar aparıb.



Tam tərkibli müşahidəçi missiyasının bərpa edilməsinin bu mərhələdə mümkünsüz ola biləcəyini nəzərə alaraq, Azərbaycan tərəfi qarşıdan gələn parlament seçkilərində DTİHB-nin başqa formada iştirakını nəzərdən keçirməyə hazır olduğunu bildirib: “Təəssüf ki, DTİHB heç bir tutarlı arqument göstərmədən iştirakçı dövlətin dəvəti əsasında ona yardım göstərməkdən məqsədyönlü şəkildə imtina edib”.

Azərbaycan tərəfi “DTİHB-nin bu qeyri-konstruktiv mövqeyini qurumun mandatına və ATƏT-in əməkdaşlıq ruhuna zidd olduğunu və qurum tərəfindən DTİHB-ə həvalə edilmiş mandatı pozmasına zəruri qiymət verilməsinin vacib olduğunu bəyan edib”.

ATƏT-dən fərqli olaraq AŞ PA seçkiləri izləməyə həvəslidir və qurum təmsilçilərinin Bakıdakı son görüşləri də bunu təsdiqlədi.

Ancaq belə yanaşmalar da var ki, beynəlxalq təşkilatlar konfrantasiya mühitinin hökm sürdüyü bir vaxtda keçirilən seçkilərin legitimliyini şübhə altına ala, tanımaya bilər. Hakimiyyət təmsilçiləri iddia edir ki, beynəlxalq institutların tutduğu mövqe seçkilərin nəticələrinə heç bir təsir göstərməyəcək.

PA rəhbəri Qərblə münasibətləri geniş təhlil edib



Qarmaqarış siyasi gəlişmələrlə zəngin olan ötən həftə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Avropa strukturlarının deqradasiyasının mənbələri haqqında, yaxud Azərbaycana münasibətdə ikili standartlar” məqaləsi qismən diqqətdən kənarda qalıb. PA rəhbəri yaxınlaşmaqda olan seçkilərdə hakimiyyətin strategiyasını bir daha açıqlayıb və məqalədə əsas xətt kimi Qərbin təzyiqləri fonunda rəsmi Bakının tutduğu mövqedən çəkilməyəcəyi vurğulanıb.

R.Mehdiyev məqalədə bir daha Qərbin “rəngli inqilablar” siyasətinə toxunub: “Qərb dövlətlərinin və onların xidmətində duran institutların düşünülməmiş, başqa dövlətlərin və regionların mədəni, dini, tarixi inkişaf determinantlarını nəzərə almayan qloballaşma siyasəti qlobal miqyasda münaqişələrin və qeyri-sabitliyin artmasına gətirib çıxardı. Yeni müstəqil dövlətlərin yerləşdiyi coğrafi ərazi mübarizə məkanına çevrilib və maraqların sərt toqquşması vahid iqtisadi vəziyyətə dağıdıcı təsir göstərir. Böhranın dərinləşməsi, beynəlxalq hüququn təsirindən kənarda qalan qaynar bölgələrin meydana çıxması üçün şəraitin yaradılması suveren milli dövlətlərin inkişafı prosesinə ağır zərbə vurur, qarşı duran tərəflər arasında kompromis axtarışlarını son dərəcə çətinləşdirir”.



PA rəhbəri müasir dünyada böhranın böyüməsində rolu olan Avropa Birliyini göstərir: “Yalnız Avropa Birliyinin deyil, həm də ATƏT, Avropa Şurası, İnsan Haqları üzrə Avropa Məhkəməsi kimi kontinental institutların anti-Azərbaycan siyasətinin analizi Azərbaycanın milli maraqları üçün praktik əhəmiyyət malikdir. Rəsmi Bakı üçün müstəqil Azərbaycan barəsində bu strukturların həm qlobal, həm də regional determinantlar kimi qərəzli siyasətinin öyrənilməsi vacibdir”.

R.Mehdiyev məqalədə vurğulayır ki, Avropa institutlarının Azərbaycana qarşı fəaliyyəti zamanı suveren dövlətə siyasi təzyiq metodu kimi insan hüquqları məsələsindən istifadə olunur: “Süni böyüdülən problemlərin və ənənəvi alətlər dəstinin köməyi ilə dövlətin daxili işlərinə müdaxilə həyata keçirilir, əhəmiyyətli qərarların qəbulu təcrübəsində ”ikili standartlar" tətbiq edilir".

PA rəhbəri vurğulayır ki, “prezident İlham Əliyevin yürütdüyü suveren və müstəqil siyasət, iqtisadi sərbəstlik öz geosiyasi məqsədlərini reallaşdırmaq üçün ölkəmizi qeyri-sabit görmək istəyən bəzi Qərb dairələrini qıcıqlandırır.”

R.Mehdiyev Avropa Parlamentinin qəbul etdiyi qətnamələrə də toxunub: “Avropa Parlamenti bu gün faktiki olaraq ittifaq məkanında heç bir real gücə malik deyil. Bu orqanın icrası məcburi xarakterə malik qətnamə qəbul etmək səlahiyyəti yoxdur. Onun tərəfindən qəbul olunan rəsmi sənədlərin əksəriyyəti tövsiyə xarakteri daşıyır və onların icrasına nəzarət Avropa İttifaqı Parlamentinin üzvlərinə ötürülür. Mövcud vəziyyətdə öz statusunu saxlamaq üçün Avroparlament onun səlahiyyətlərinə aidiyyəti olmayan alternativ fəaliyyət platforması axtarır. Avroparlamentin fəaliyyəti nəticəsində müəyyən tendensiyalar yaranır ki, bu da onun Aİ-yə daxil olmayan, lakin Avropa İttifaq üçün böyük əhəmiyyətə malik ölkələrə qarşı informasiya təzyiqi meydançası, ”yumşaq güc" rıçaqı kimi istifadə olunmasına gətirib çıxarır. Saysız-hesabsız reproduksiya çoxluğu heç kimə lazım deyil, qərəzli qətnamələr isə əsasən Azərbaycan kimi müstəqil siyasət yürüdən ölkələrə təsir etmək məqsədi daşıyır. Lakin avropalı deputatlar anlamırlar ki, onların sakitləşdirmə və qorxutma cəhdləri əvvəlcədən müvəffəqiyyətsizliyə məhkumdur və Aİ-nin özünün vəziyyətini yaxşılaşdırmaq əvəzinə daha da pisləşdirir".

PA rəhbəri Azərbaycanla bağlı keçirilən dinləmələr, müzakirələr və qətnamələri xatırladaraq yazır: “2004-cü ildən bəri Avroparlament Azərbaycana qarşı 11 qətnamə qəbul edib, 200-dən çox debat, dinləmələr keçirib, bəyannamələr, parlament müraciətləri və ərizələr qəbul edib. Müqayisə üçün: bu dövrdə Gürcüstanla bağlı bir qətnamə qəbul edilib, 10-dan az müzakirə keçirilib, bəyannamə, parlament müraciəti və bəyanatı qəbul edilib. Ermənistanla bağlı bir qətnamə qəbul edilib, 20-dən az müzakirə keçirilib, bəyannamə, parlament müraciəti və bəyanatı qəbul edilib. Azərbaycan və Ermənistanda demokratiyanın inkişafına ayrılan diqqət arasında bu cür kəskin fərqi necə izah etmək olar?

Bu ölkənin profil ehtiyacları artıq avroparlamentariləri narahat etmirsə, bəlkə demokratiyanın inkişafı ilə bağlı Ermənistanda Skandinaviya modeli qalib gəlib, sadəcə, bizim bundan xəbərimiz yoxdur?!”

R.Mehdiyevin məqaləsindən daha bir sitat: “Əgər böyük güclər XXI əsri qanlı müharibələr əsri, uzanan münaqişələr, soyqırım, davam edən və pislənilməyən işğal kimi yox, sabitlik, inkişaf və əməkdaşlıq əsri kimi görmək istəyirlərsə, onda beynəlxalq hüququ normalarına hörmət etmək, əməkdaşlığı bərabərhüquqlu dialoq əsasında qurmaq, digər ölkələrin maraqlarına hörmət etməli və müstəqil ölkələrin daxili işlərinə qarışmamalıdırlar”. Göründüyü kimi, PA rəhbəri həm də prezident İlham Əliyevin son çıxışlarını umumiləşdirərək rəsmi Bakının həftəsonu baş tutacaq parlament seçkiləri ərəfəsi mövqeyini bir daha ortaya qoyub.

Spiker və niyə məhz indi...




Qərbin Azərbaycana təzyiqlərinin əsas səbəbləri sırasında rəsmi Bakının Rusiya ilə daha da yaxınlaşması da var ki, bu barədə spiker Oqtay Əsədov bəyan edib. Parlament seçkiləri ərəfəsində ölkəmizə gəlmiş Rusiyanın aparıcı KİV nümayəndələrinin bir qrupu oktyabrın 26-da Milli Məclisdə olub. Ölkə.az xəbər verir ki, O.Əsədov rusiyalı jurnalistlərlə görüşündə Qərb ölkələrinin Azərbaycana təzyiqindən danışıb.

O.Əsədov bildirib ki, Azərbaycan Rusiyaya qarşı sanksiyalara qoşulmaqdan imtina etdiyinə görə Qərb ölkələri tərəfindən təzyiqlərə məruz qalır.

“Azərbaycan öz siyasətini müstəqil şəkildə yürütmək niyyətindədir. Bizə qarşı təzyiqin əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycan Rusiyaya qarşı sanksiyalara qoşulmayıb. Bizim prezident sərbəst siyasət aparmaq istəyir. Bu isə çoxlarının xoşuna gəlmir və bizə qarşı hücumların mahiyyəti də məhz bundan ibarətdir” deyə, O. Əsədov bəyan edib.

Onun sözlərinə görə, iki ölkə arasında əməkdaşlığa dair 200-dən artıq saziş imzalanıb və Rusiya yeganə ölkədir ki, Azərbaycan onunla dövlət sərhədlərinin delimitasiya prosesini tamamilə başa çatdırıb.

O əlavə edib ki, iki ölkə bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir, uğurla hərbi əməkdaşlığı inkişaf etdirir.



Əsədov bildirib ki, bu gün respublikada 300-dən çox məktəb rus dilində tədris aparır və rus dili bütün ali təhsil müəssisələrində keçirilir. Yüksək iqtisadi münasibətlərdən söz açan O.Əsədov qeyd edib ki, Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi 4 milyard ABŞ dolları təşkil edir və Azərbaycanda 300-ü Rusiya kapitalına malik olan 500 şirkət fəaliyyət göstərir.
Azərbaycana Qərbin təzyiqlərinin əsl səbəbi barədə ölkənin faktiki ikinci səlahiyyətli şəxsi səviyyədə bəyan edilməsi, zənnimizcə, ilk dəfədir. Bu barədə mediada müxtəlif şərhçilər danışsa da, Azərbaycan hakimiyyəti Rusiyanın yanında olduğu üçün təzyiqlərə məruz qaldığını birmənalı və bunca açıq şəkildə dilə gətirməmişdi. Rusiya rəsmiləri son günlər iki dəfə Azərbaycandakı seçkiləri müşahidə etməkdən imtina edən ATƏT-i sərt şəkildə qınayıb. Həm xarici işlər naziri Sergey Lavrov və Rusiya MSK-sının sədri Vladimir Çurov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Azərbaycana müşahidəçi göndərməsini pisləyib.

Rəsmi Bakının hər iki mövqeyinin daha çox Qərbə ünvanlandığı aydındır. “Rusiya məsələsinin” məhz indi qabardılması isə ehtimal ki, Azərbaycanda hansısa seçkisonrası planlar qurmaq istəyinə düşə biləcək qüvvələrə yönəlib...

“Yeni Müsavat”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar