Əlikram Əliyevin vəzifədə qalmasına və bu kimi neqativ halların davam etməsinə Əbülfəs Qarayev niyə susur?
Bolgexeber.com-un redaksiyasına bir qrup mədəniyyət işçiləri adından müraciət daxil olub
Həmin müraciəti təqdim edirik:
Artıq dəfələrlə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsidə baş verən özbaşınalıqlar barəsində şikayətlər dərc olunur. Amma çox təəssüf ki, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev minlərlə mədəniyyət işçisinin narazılıqlarına və haqlı şikayətlərinə reaksiya vermir. Buna görə də neqativ hallar günü-gündən artmaqda və mədəniyyət işçilərini bu sahənin rəhbərlərindən narazı salmaqdadır.
Mədəniyyət işçiləri böyük ümidlərlə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyevin korrupsiya bataqlığına çevirdiyi İdarənin vəziyyətinin düzələcəyinə inanırlar. Amma görünən odur ki, Əbülfəs Qarayav nədənsə tələsmir. Nəzarətsizlik səbəbindən bu İdarədə ümumi vəziyyət günbəgün ağırlaşmaqda, dözülməz həddə çatmaqdadır.
İdarədə baş verən korrupsiya halları haqqında dəfələrlə yazılar dərc olunsa da, 2015-ci ilin ilk 3 ayı ərzində İdarədə 2 milyondan çox silinmənin olması işıqlandırılsa da bunun əməli nəticəsi olmadı.
Məlumat üçün bir neçə faktı diqqətinizə çatdırırıq.
Azərbaycan Respublikası Hesablama Palatasının 2015-ci il 31 mart tarixli Q-39 nömrəli Kollegiya Qərarına əsasən dövlət büdcəsinin yerli xərclərindən Bakı şəhər Mədəniyyət və Turizm idarəsinə və struktur bölmələrinə ayrılmış vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair audit yoxlamalar həyata keçirilmişdir. Hesablama Palatasının 30 iyul 2015-ci il tarixli Q-115 saylı qərarına nəzər saldıqda isə yoxlamalar nəticəsində İdarədə aşkarlanmış 1 milyon manat civarında korrupsiya faktının şahidi oluruq.
Bolgexeber.com-a daxil olan şikayətə görə Azərbaycan Respublikası Hesablama Palatasının 2015-ci il 31 mart tarixli Q-39 nömrəli Kollegiya Qərarının 3.1-ci bəndinə əsasən Hesablama Palatasınn Kollegiyası auditin nəticələrini müzakirə edərək qərara almışdır ki, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin 1 nömrəli Maliyyə və İqtisad Regional bölməsi tərəfindən işçilərin Türkiyə Respublikasının İstanbul şəhərində istirahəti üzrə xərc edilmiş 18.018,0 manat, Xızı rayonunun Altıağac qəsəbəsində treninqin təşkili üzrə xərc edilmiş 36.800,0 manat, Novruz Bayramı şənliklərinin keçirilməsi üzrə 5850,0 manat, silinmiş mal-material qiymətlilərinin dəyəri üzrə 47.932,4 manat, mərkəzləşdirilmiş xərclər hesabına verilən mal-materialların çatışmazlığı üzrə 152.783,0 manat, artıq ödənilmiş əmək haqqı üzrə 665,1 manat, artıq ödənilmiş ezamiyyə xərci üzrə 27.204,8 manat vəsaitin nəğd qaydada, 173.553,8 manat dəyərində mal-materialların natura formasında bərpası, 299.634,5 manat dəyərində mal-materialların isə digər uyğun mallarla əvəzləşdirilməsi, muzeylərə alınmış 46.676,8 manat eksponatların əsas vəsait kimi, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən əvəzsiz qaydada verilmiş mal-material qiymətliləri üzrə 560.280,0 manat ƏDV-nin uçota götürülməsi nəzərə alınsın.
Sözügedən Qərarın 3.2-ci bəndinə əsasən Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin 2 nömrəli Maliyyə və İqtisad Regional bölməsi tərəfindən artıq ödənilmiş 21.404,0 manat ezamiyyə xərcinin, silinmiş mal-material qiymətlilərinin dəyəri üzrə 36.820,0 manat vəsaitin nəğd qaydada bərpası nəzərə alınsın.
Həmçinin Qərarın 4.4-cü bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2011-ci il 17 noyabr tarixli 3-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mədəni-maarif, turizm müəssisələrində olan qulluqçu vəzifələrinin Vahid tarif-ixtisas sorğu kitabçası”nın tələblərinə əməl edilməklə artıq əmək haqqı ödənilməsinin qarşısının alınması və tarif səhfi nəticəsində artıq ödənilmiş 117.304,8 manat əmək haqqının bərpası istiqamətində zəruri tədbirlər həyata keçirilsin.
Bundan əlavə Kollegiyanın Qərarının 4.6-cı bəndində İdarənin tabeliyində olan musiqi məktəbləri, mədəniyyət evləri və kitabxanalar üzrə artıq saxlanılmış 108, ştatdankənar işçi adı ilə isə saxlanılmış 32 ştat vahidinin ixtisar edilməsi tapşırılmışdır.
Bununla yanaşı olaraq Hesablama Palatasının Kollegiyasının müvafiq Qərarının 5.1-ci bəndinə əsasən Mədəniyyət və Turizm Nazirliyi öz növbəsində Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeçiliyində olan mədəniyyət müəssisələrində dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclər hesabına verilməsi rəsmiləşdirilmiş mal-materialların çatışmazlığı üzrə 66.936,0 manat, o cümlədən Şaroyev adına 35 saylı Musiqi məktəbi üzrə 11.490,0 manat, F.Əmirov adına 6 saylı Uşaq İncəsənət məktəbi üzrə 8510,0 manat, Bibi Heybət qəsəbə Mədəniyyet evi üzrə 12.000,0 manat və 5 saylı Uşaq İncəsənət məktəbi üzrə 6586,0 manat vəsaitin büdcəyə bərpasını təcili təmin etməlidir.
Həmçinin Kollegiyanın Qərarının 5.4-cü bəndində göstərilmişdir ki, bu Qərarla müəyyən edilmiş qanunvericiliyin pozulması halları qısa müddətdə aradan qaldırılmaqla nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilməsi təmin edilsin.
Yuxarıda qeyd olunan qanun pozuntuları və korrupsiya faktlarına, həmçinin Hesablama Palatasının göstərişinə əsasən müvafiq qurumlar Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev haqqında ciddi tədbir görməlidirlər. Bütün bu korrupsiya faktlarına baxmayaraq Əlikram Əliyev bu gün hələ də vəzifə başında və adətinə uyğun olaraq tabeliyində çalışan insanları hədələməklə, onalara kobud ve qeyri-etik davranmaqda davam edir.
Məsələnin bir maraqlı tərəfi ondadır ki, Əlikram Əliyevin vəzifədə qalmasına və bu kimi neqativ halların davam etməsinə Əbülfəs Qarayev niyə susur?
Necə ola bilər ki, Əbülfəs Qarayev Hesablama Palatası sədrinin 06 avqust 2015-ci il tarixli 1/5/05-606 nömrəli məktubunu nəzərə alaraq Yevlax şəhər Mədəniyyət və Turizm şöbəsində Hesablama Palatası tərəfindən aparılmış yoxlamaların nəticəsini “görə bilmiş” və ümumilikdə 300-400 min manat yeyinti faktı aşkarlanmış şöbə müdiri İlqar Əhmədov vəzifəsindən azad edilmişdir.
Amma paytaxt Bakı şəhərinin Mədəniyyət və Turizm İdarəsinin rəisinin 1 milyon manat civarında yeyintisini və Hesablama Palatasının bütün bu korrupsiya faktlarını təsdiqləyən 30 iyul 2015-ci il tarixli Q-115 saylı qərarını gözardı etmişdir. Əlikram Əliyevi qorumaqda Əbülfəs Qarayevin marağı nədir?
Bəlkə Əlikram Əliyevin Hesablama Palatasının əməkdaşlarına dediyi kimi illərlə qazandığı pulları tək yemədiyi, yoxsa Ə.Əliyevin özünü onlara Respublikanın Birinci xanımının qohumu kimi təqdim etməsidir cənab Naziri sərt addımlar atmaqdan çəkindirən?
Hər halda görünən odur ki, Əlikram Əliyev bütün bu əməllərinə görə narahat olmur və 9 oktyabr tarixində musiqi və incəsənət məktəbləri direktorları ilə keçirdiyi iclasda dediyi kimi özünü günahkar hesab etmir, hətta direktorları günahlandırmaqda davam edir.
Bütün bu faktlarla yanaşı diqqətinizə çatdırmaq istədiyimiz digər bir fakt isə odur ki, hansi ki, Əlikram Əliyev bu faktı ciddi cəhdlə gizlətməyə çalışır. O dərəcədə gizlətməyə çalışır ki, hətta onunla bağlı olan bu gerçəkliyi şəxsi işində də yazmayaraq rəhbərlikdən gizli saxlayacağını hesab edir.
Yadınıza gəlirsə 2015-ci ilin yanvar ayında Ə.Əliyev onun fəaliyyəti haqqında yazılan şikayətlərə cavab olaraq saytların birinə bildirmişdir ki, o məhkumluq həyatı yaşamayıb və 1990-cı ilədək Rusiyada yaşayaraq mədəniyyət sahəsində çalışmışdır. Ola bilsin ki, Ə.Əliyevi nələrisə unudub. Eybi olmaz, yaddaşını təzələməkdə kömək edə bilərik.
Belə ki, Əlikram Əliyevin sonuncu müsahibəsində (bu linkdə baxabilərsiniz: http://tia.az/shownews/?id=19999) dediklərini olduğu kimi bir daha yada salaq: “Mən heç vaxt məhkum olmamışam. İki universitet bitirmişəm. 1-ci ixtisasım teatr rejisoru, 2-ci ixtisasım hüquqşünas. İkinci ixtisas üzrə əmək fəaliyyətim olmayıb. 1981-83 illərdə hərbi xidmətdə olmuşam. Sonra isə 1990 ilədək Rusiyada yaşayıb, mədəniyyət sahəsində işləmişəm. Rusiyadan 1990-cı il hadisələrində vətənə dönmüşəm.”
İndi isə gəlin Əlikram Əliyevin “unutduğu” faktlara baxaq. Belə ki, Ə.Əliyev 28 dekabr 1985-ci il tarixində o vaxtkı Əzizbəyov rayon hüquq-mühafizə orqanları tərəfindən Azərbaycan SSR Cinayət Məcəlləsinin 207-ci maddəsinin 2-ci bəndinə əsasən 3 il 6 ay müddətində həbs olunmuşdur. Daha sonra cəzasının 2 il 1 ay 22 gün müddəti tamam olduqdan sonra 6 may 1987-ci ildə şərti azadlığa buraxılmışdır. Şərti azadlıqda olarkən yenidən qanun pozuntusu tərətmiş və 10 fevral 1988-ci ildə cəzasının çəkilməmiş 5 ay 18 gününü geriyə qaytarılmışdır. 20 fevral 1988-ci il tarixində isə müddəti başa çatdığı üçün azadlığa buraxılmışdır.
Ə.Əliyevin törətdiyi cinayətin tövsif olunduğu maddəni diqqətinizə çatdırırıq:
8 dekabr 1960-cı ildə qüvvəyə minmiş Azərbaycan SSR Cinayət Məcəlləsi (Azərbaycan Respublikasının 30 dekabr 1999-cu il tarixli 787-IQ nömrəli Qanunu ilə qüvvədən düşmüşdür)
Maddə 207. Xuliqanlıq
2. Qərəzli xuliqanlıq, yəni öz məzmununa görə müstəsna dərəcədə həyasızlıq və ya xüsusi azğınlıqla fərqlənən, yaxud hakimiyyət nümayəndəsinə və ya ictimai qaydanı qorumaq vəzifəsini yerinə yetirən ictimaiyyət nümayəndəsinə, yaxud da xuliqanlıq hərəkətlərini dəf edən başqa vətəndaşlara müqavimət göstərməklə əlaqədar olan, habelə əvvəllər xuliqanlıq üstündə məhkum olunmuş şəxs tərəfindən edilən hərəkətlər—bir ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Göründüyü kimi Əlikram Əliyev son müsahibəsində nədənsə bunları “unutmuş” və insanları bu illər ərzində Rusiyada yaşayaraq mədəniyyət sahəsində çalışdığına inandırmağa çalışmışdır.
Sadalanan və faktlara əsaslanan bu korrupsiya halı kifayət qədər ciddidir. Amma nədənsə Əbülfəs Qarayev bütün bu halların qarşılığında Əlikram Əliyevə bu günlərdə sadəcə xəbərdarlıq verdi. Sizcə bu illər ərzində dövlət büdcəsindən milyonlarla manatın talan edilməsinin qarşılığında cavabdeh şəxsə sadəcə bir xəbərdarlıq vermək nə dərəcədə hüquqi müstəviyə sığır? Belə olarsa digər məmurlar da büdcəni rahat talayacaq və əvəzində sadəcə xəbərdarlıq alaraq yenə vəzifə başında qalacaqlar. Necə ki, Əlikram Əliyev hələ də vəzifəsindədir.
Hörmətli bu sahəyə cavabdeh vəzifəli şəxslər, bir məmur büdcəni nə qədər talamalıdır ki, onun haqqında ciddi tədbir görülsün?
Qarşı tərəfin də bu ittihamlara mübasibətini işıqlandırmağa hazırıq.....