"Sanki hər şey əvvəlcədən planlaşdırılmışdı".
“Polis əməkdaşı İbrahim Kazımovun vurduğu zərbələrdən huşumu itirdim. Mənim ayılmayacağımdan qorxub təcili otaqdan çıxmağımı, idarədən getməyimi tələb etdi. Ayaqlarımı sürüyə-sürüyə otaqdan çıxdım, bir neçə addım atandan sonra binanın qarşısındaca yerə yıxıldım”.
Bunu virtualaz.org saytına Bakı şəhər sakini, II qrup əlil, ixtisasca həkim olan Əli Əlibəyli deyib.
Şikayətçinin sözlərinə görə, əvvəllər ixtisası üzrə işləsə də sonra müəyyən səbəblərdən mənzillərin kirayə verilməsi ilə məşğul olub, evlərin şəklini çəkməklə yeniemlak.az saytına yerləşdirib, kirayə elanı verib: “Nərimanov rayonunda ikiotaqlı mənzilin 350 manata kirayə verildiyini görüb həmin evə getdim. Mənzilin sahibi Sveta adlı qadın evə kirayənişin tapacağım təqdirdə mənə 50 manat zəhmət haqqı verəcəyini bildirdi. Evin şəklini çəkdim, müştəri tapıldı, kirayə müqaviləsi bağlanıldı, ev sahibəsi mənə çatan pulu ödədi. Qısa müddətdə kirayənişin tapdığıma görə minnətdarlıq elədi. Sonra da Nərimanovda yeni tikilən binada olan mənzilini günü 20 manata olmaqla kirayə vermək istədiyini dedi”.
Ə.Əlibəylinin sözlərinə görə, iyun ayının 28-də iki nəfərlik ailə Svetaya məxsus mənzili kirayələmək istəyib. Adının Vüsal olduğunu deyən şəxs ona zəng vuraraq mənzilə baxmaq istədiyini və 3 günlük qalacaqlarını bildirib.
Ə.Əlibəyli ondan özləri ilə şəxsiyyət vəsiqələrini və nikah haqqında şəhadətnaməni gətirməsini xahiş edib.
Şikayətçinin sözlərinə görə, ertəsi gün görüşüblər və Sveta ilə birlikdə evə baxmağa gediblər. Yolda Vüsal öz şəxsiyyət vəsiqəsinin surətini verib, yerdə qalan sənədləri evdə verəcəyini deyib: “Binanın həyətinə çatanda Sveta həyətə birlikdə girməməyi, mənim onlardan sonra mənzilə gəlməyimi xahiş etdi. Ağlıma başqa bir fikir gəlmədiyi üçün onun dedikləri ilə razılaşdım. Sveta,Vüsal və onun həyat yoldaşı birlikdə mənzilə baxmağa getdilər. Mən yaxınlıqda olan marketə girib özümə su aldım. Çölə çıxanda bir nəfər mənə yaxınlaşıb qolumdan tutdu, vəsiqəsini göstərib polis olduğunu dedi. Daha sonra iki nəfər də yaxınlaşdı, vəsiqələrini göstərib polis olduqlarını bildirdilər. Məni yaxınlıqda olan qara rəngli “Lexus” markalı maşına otuzdurdular.
Maşında kim olduğumu soruşduqda adımı və maklerliklə məşğul olduğumu dedim. Sonradan adını bildiyim kapitan İbrahim Kazımov bir qədər əvvəl tanıdığım Vüsalın cinayətkar olduğunu və axtarışda olduğunu bildirdi. Vüsalın hansı mənzilə getdiyini soruşdular, mən də onlara Svetaya məxsus mənzilə getdiyini dedim. Birlikdə binanın həyətinə girdik, orada da qara rəngli maşının dayandığını gördüm. Həmin maşında daha 5 nəfər var idi.
Birlikdə mənzilə qalxdıq, qapını döydüm, amma qapını Sveta deyil, Vüsal açdı. Polislər içəri girən kimi ona bir şillə vurdular, otaqları axtarmağa başladılar. Otaqlardan birinin qapısı açılanda Vüsalla gələn qadının yarıçılpaq vəziyyətdə çarpayıda oturduğunu gördüm. Qadın polisləri görəndə qışqır-bağır saldı, onları niyə tutduqlarını soruşdu. Amma bir qədər sonra heç nə olmamış kimi səssiz dayandı.
Heç nə başa düşmürdüm, xüsusilə Svetanın mənə heç nə demədən çıxıb getməsi, Vüsalgilin qısa müddətdə soyunub qapı döyülən kimi sevincək qapını açması mənə şübhəli gəlirdi. Sanki hər şey əvvəlcədən planlaşdırılmışdı”.
Ə.Əlibəyli deyir ki, onu, Vüsalı və sonuncunun həyat yoldaşı kimi təqdim etdiyi qadını polis əməkdaşları DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə aparsalar da Vüsalgili sonradan başqa yerə aparıblar. Bir qədər sonra Svetanı da adıçəkilən idarəyə gətiriblər və onlardan izahat yazmaq tələb olunub: “Mən izahat yazmağa başlayan kimi İbrahim Kazımov kağızı əlimdən alıb cırdı, səhv yazdığımı dedi. Bu hal bir neçə dəfə təkrarlandı. Sonra özü kompüterin arxasına keçib yazmağa başladı. Yaza-yaza 7 min manat pul ödəyərsək, bizi buraxa biləcəyini dedi. Ona bu qədər pulumuzun olmadığını dedik.
İbrahim isə Svetanın evini girov qoyub bankdan 7 min manat götürməyi təklif etdi. Yenə razılaşmadıq. Sonra bizə “endirim” edərək 5 min istədi, yenə imkanımızın olmadığını dedik.
İbrahim Kazımov bizimlə danışan zaman cibindən bir konvert çıxartdı. Bayaq onunla olan polisləri çağırdı, həmin konvertdən pul çıxarıb onlara verdi, qalan pulu cibinə qoydu. Görünür, o, işçilərinə əvvəlki “əməliyyat”dan əldə etdikləri rüşvətdən çatacaq pulları verirdi”.
Şikayətçinin dediklərinə görə, İbrahim Kazımov kompüterdə yazdığını printerdən çıxarıb və imzalamaq üçün onlara təqdim edib. Ə.Əlibəyli izahatı oxumaq istədiyini deyib. İ.Kazımovsa “əgər mənim dediklərinə etməsən, sizi Cinayət Məcəlləsinin 244-cü (əxlaqsızlıq yuvaları saxlama) maddəsi ilə sizi tutmalı olacağıq” deyib. O isə imzalamaqdan imtina edib: “Azərbaycan dilində yazmağı və oxumağı bacarmayan Sveta bir neçə saat idarədə olduğumuza və şəkəri qalxdığına görə dözməyib İbrahimin verdiyi kağızı imzaladı. Bundan sonra İbrahim bizi buraxdı və növbəti gün yenidən onun yanına gəlməyimizi tapşırdı”.
Ertəsi gün DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə yollanan Ə.Əlibəyli deyir ki, bu dəfə psixoloji deyil, həm də fiziki təzyiqlərlə üzləşib, izahata qol çəkməkdən imtina etdiyinə görə elə otaqdaca döyülüb: “İçəri girən kimi İbrahim Kazımov mənə hədə-qorxu gəlməyə başladı, üstümə qışqırıb 3 min manat verməyimi tələb etdi. Ona bu məbləği vermək imkanımın olmadığını dedim. Dünən yazdığı kağıza qol çəkməyimi tələb etdi, yenə çəkmədim. Bu zaman dubinkanı götürüb boynumun sol tərəfinə vurdu. Bununla kifayətlənməyib yumruqla çiynimə, təpiklə qarnıma zərbələr endirdi. Növbəti dəfə dubinka ilə məni vuracağını görüb kağıza qol çəkməyə razı olduğumu dedim. Dubinkanı başına qaldırsa da razılaşdığımı görüb vurmadı.
Bundan sonra Svetaya zəng edib 3 min manat pul gətirməyimi deməyi tələb etdi. Svetaya zəng etdim, telefona qızı cavab verdi. Svetanın qızı onlara verəcək pullarının olmadığını və İbrahimin qanunsuz hərəkətləri ilə bağlı Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə şikayət edəcəyini deyib telefonu söndürdü. İbrahim isə qızın sözlərinə güldü.
İbrahimin vurduğu zərbələrin yeri çox ağrıdığından və təzyiqim qalxdığı üçün özümü pis hiss edirdim, tez-tez huşumu itirirdim. İbrahim ayılmayacağımdan qorxaraq təcili otaqdan çıxmağımı və ümumiyyətlə, idarəni tərk etməyimi tələb etdi.
İdarənin binasından güclə çölə çıxdım, bir neçə addım atandan sonra huşumu itirib yıxıldım. Ayıldığım zaman xeyli insanın başıma toplaşdığını gördüm. Tanımadığım adamlara ünvanımı dedim, məni yaşadığım evə gətirdilər. Mənzilə girən girən kimi yenə huşumu itirib yıxıldım, sonradan güclə qalxıb yatağa uzandım.
Aldığım zərbələrin ağrısından iyulun 7-dək yataqdan qalxa bilmədim. İyulun 7-də vəziyyətim kəskinləşdiyi üçün təcili tibbi yardıma zəng vurdum. Təcili yardım maşını ilə məni 3 saylı Şəhər Kliniki Xəstəxanasına apardılar. Orada infeksiyaya qarşı iynə vurdular və yaralarıma dərman çəkdilər”.
Bir neçə gündən sonra sahə müvəkkili Ə.Əlibəylini yanına çağıraraq 102 xidmətindən döyülməsi barədə onlara məlumat daxil olduğunu və hadisənin necə baş veridyini soruşub.
Ə.Əlibəyli ona polis əməkdaşı tərəfindən döyüldüyünü bildirib. Sahə müvəkkili isə ona hadisəni başqa cür yazmağı məsləhət görüb: “Sahə müvəkkili dedi ki, əgər baş verənləri olduğu kimi yazsan, İbrahim Kazımovun dəstəsi hansı yolla olsa səni şərləyib tutduracaq. Həmçinin dedi ki, əgər xeyli müddət ərzində səni yenidən idarəyə çağırmayıblarsa, deməli, döyməklərindən qorxublar və bu işi gələcəkdə sübuta yetirə bilməyəcəklərini başa düşüb əl çəkiblər. Onun dedikləri ilə razılaşdım və üzümdəki cızıqların guya ağac cızması nəticəsində olduğunu yazdım”.
Ə.Əlibəyli deyir ki, avqustun 30-da Nərimanov Rayon Polis İdarəsinin (RPİ) müstəntiqi Cavid Mirzəli ona zəng vuraraq yanına gəlməyi tapşırır: “Həmin gün Nərimanov RPİ-yə getdim. Müstəntiq Cavid Mirzəli mənim izahatımı aldı. Polis kapitanı İbrahim Kazımovun məndən rüşvət istəməsi, döyməklə oxumadığım sənədə imza atdırması barədə dediklərimi eşidən zaman öncə mənə ifadəmin yalan olduğunu və xəsarət almağım barədə dediklərimi yazmayacağını bildirdi.
Həmin gündən sonra müstəntiq Cavid Mirzəli mütəmadi olaraq məni Nərimanov Rayon Polis İdarəsinə çağırır, yenidən izahatımı alırdı. Çox vaxt əvvəl qol çəkdiyim kağızları cırıb atır, yeni kağızlar çap edərək imzalatdırırdı. Hər dəfə polis idarəsinə getdiyim zaman Cavid Mirzəlidən İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşı İbrahim Kazımovun məndən rüşvət istəməsini və döyməsini yazmasını xahiş etsəm də o, mənə bu barədə heç vaxt yazmayacağını deyirdi. Döyülməyim barədə arayış təqdim etmək istəsəm də qəbul etmirdi.
Otaqda olan, özünü mayor kimi təqdim edən kök kişi müstəntiq Cavid Mirzəliyə bu işin sonunun yaxşı olmayacağını dedi və mənim dediklərimi olduğu kimi yazmağı məsləhət gördü. Bundan sonra müstəntiq narazı halda imzalatdırdığı kağızı cıraraq İbrahim Kazımovun məni döyməsi barədə dediklərimi kompüterdə yazdı və mənə imzalatdırdı. Amma rüşvət istəməsi ilə bağlı dediklərimi yenə yazmadı”.
Ə.Əlibəyli deyir ki, oktyabrın 22-də müstəntiq Cavid Mirzəli növbəti dəfə onu yanına çağırıb və bu işi “bağlamaq” üçün 5 min manat lazım olduğunu deyib. Əks təqdirdə Sveta ilə mənim əxlaqsızlıq yuvası saxladığımıza görə məsuliyyətə cəlb ediləcəklərini bildirib: “Cavid Mirzəli ilə birlikdə Nərimanov Rayon Polis İdarəsi istintaq şöbəsinin rəisi Fəxrəddin Şirəliyevin yanına getdik. Ancaq müstəntiq məni rəisin otağına girməyə qoymadı, qəbul otağında gözləməyi tapşırdı. Bir qədər sonra otaqdan çıxıb Fəxrəddin müəllimin işi tam bağlamağa razı olmadığını, 5 min manatın müqabilində Svetanın adını cinayət işindən cıxaracaqlarını və yalnız mənim işimi məhkəməyə göndərəcəklərini dedi. Guya bununla mənə yaxşılıq edəcəklərini, Svetanı mənimlə birlikdə cəlb edəcəkləri halda isə bizi bir qrup şəxs kimi rəsmiləşdirməli olacaqlarını, belə olan halda iki nəfər olduğumuza görə bizə ağır cəza veriləcəyini, əgər tək mənə cinayət işi açılarsa, məhkəmədə veriləcək cəzanın yüngül olacağını bildirdi.
Müstəntiqə bildirdim ki, mənim makler kimi vəzifəm kirayə qalanla kirayə verən arasında vasitəçi olub onları bir-biri ilə tanış etməkdən ibarətdir, evi kirayə verib-verməmək ev sahibinin, yəni kirayə verənin işidir. Həmçinin müstəntiqdən soruşdum ki, hətta hesab edək ki, mən doğrudan bu əməli törətmişəm. Onda necə ola bilər ki, ev Svetanın olduğu halda əxlaqsızlıq yuvası saxlayan şəxs kimi yalnız mən məsuliyyətə cəlb olunuram? Müstəntiq Cavid Mirzəli isə mənə çox qısa və konkret şəkildə Svetanın pulunun olmadığını dedi. İş belə də qalıb”.
Ə.Əlibəyli baş verənlərlə bağlı aidiyyəti orqanlara və ölkə başçısına müraciət edib.
MediaXeber.com