39-cu bölmədə sevgi oyunu – polisin zorladığı qadın generaldan imdad dilədi

30-10-2015, 10:41   
39-cu bölmədə sevgi oyunu – polisin zorladığı qadın generaldan imdad dilədi
Polis əməkdaşı bölmədə hansı işlərlə məşğul olub; DİN baş verənləri araşdırıraq tədbir görəcəkmi?

Bakının Səbail rayon sakini C.E (ad şərtidir) “Azadlıq”a müraciət göndərib. Müraciət Daxili İşlər Nazirliyi daxili təhqiqatlar idarəsinin rəisi general-mayor Sahib Mirzəyevə ünvanlanıb. Müraciəti olduğu kimi təqdim edirik:

Polis kapitanı ilə tanışlıq


“Mənim hazırda 7 aylıq hamiləliyimə səbəbkar T.İ (ad şərtidir) adlı şəxsdir. 08.02.2015-ci il tarixində mən Səbail rayonu, 39-cu polis bölməsinə şikayətə gəlmişdim. Həmin şəxs o vaxt iş başında idi. O mənim şikayətimə qulaq asdı, lakin məndən yazılı surətdə ərizə qəbul etmədi. Şikayətimlə bağlı məsləhətlər verərək mənim mobil telefon nömrəmi götürdü. Səhəri gün, 09.02.2015-ci il tarixdə mənə zəng edib görüşmək istədi, lakin mən mənfi cavab verdim. O şəxs bir neçə gün zəng vuraraq məni yeməyə dəvət etdi. Onunla görüşdüm və o mənə özünü yaxşı insan kimi təqdim etdi. Onun sözlərinə inandım. İkinci dəfə məni görüşə çağıranda ”Nissan Altima” markalı maşınla məni şəhəri gəzməyə dəvət etdi. Yasamal rayonu ərazisində gəzirdik və “Üç tac” binasının yanından keçəndə orada yaşadığını söylədi. T.İ maşını Badamdar istiqamətinə sürürdü və maşın bazarına çatmamış ara yola avtomobili verərək saxladı. Ondan maşını nə üçün saxladığını soruşanda mənə dedi ki, bura çox sakit yerdir, gəl bir az söhbət edək, burda bizə heç kəs dəyib dolaşan deyil. Təxminən 10-15 dəqiqə sonra bu şəxs zor gücüylə müqavimətimə baxmayaraq mənimlə əlaqədə oldu. Ona etirazımı bildirdim. T.İ havanın qaranlıq və orada heç kəsin olmadığından istifadə edib bu hərəkəti etdi. Mən ona dedim ki, polis kapitanı olmasına baxmayaraq, ondan polisə şikayət edəcəyəm. Lakin o mənə dedi ki, fikri ciddidir və bir dəfə evli olub boşanıb.

Görüş yeri 39-cu bölmə

Bundan sonra hər gün mənə zəng vuraraq növbədə olduğu vaxtlar gecə saatlarında otağına çağırırdı. Mən tez-tez 39-cu polis bölməsinin arxa giriş qapısından onun otağına daxil olurdum və orada səhərə qədər çay, pivə içib musiqiyə qulaq asırdıq. Mənə deyirdi ki, 8 ay evli olub boşanıb və qayınatasıyla problemləri olduğu üçün iş məhkəmədədir. Onunla əlaqə iş otağında və “RİKS” otelində olurdu. Mənə ailənin tək övladı olduğunu, yaşlı anası və bir qızı olduğunu söyləyirdi. Mən onunla görüşmək istəməyəndə hədələdiyi üçün bu səbəbdən onunla görüşməyə məcbur olurdum.

Aprel ayında ona bildirdim ki, hamiləyəm və hamiləliyi pozdurmaq istəyirəm. Lakin mənə maddi kömək etmədiyi üçün uşağı vaxtında götürdə bilmədim. O, hamiləliyimə müsbət yanaşırdı. Lakin iyunun əvvəlində mənə dedi ki, ailəsində problemləri var və bu hamiləliyi təcili pozdurmaq lazımdır. 08.06.2015-ci ildə həkim müayinəsinə gedərkən dedilər ki, 13 həftəlik hamiləlik və cift problemi var. Həkim hamiləliyi pozdurmaqdan imtina etsə də, T.İ təzyiqlərə başladı. O məni zor gücünə bir çox xəstəxanaya göndərdi və bir neçə dəfə özü də mənimlə getdi. 15.06.2015-ci il tarixində ultrasəs müayinəsindən çıxdım. 3 saylı Sabunçu xəstəxanasında mənə 15-16 həftəlik hamilələik dedilər və uşağı məhv etməkdən imtina etdilər. T.İ isə həkimlərin rədd cavabına baxmayaraq mənə güclü təzyiq göstərirdi və uşaq doğulmasın deyə məni hədələyirdi. 17.06.2015-ci ildə o, axşam saatlarında anası, qardaşı və dediyinə görə əmisi qızıyla anamla yaşadığım ünvana gəldi. Böyük münaqişə düşdü. Qardaşı qəndqabını mən istiqamətə ataraq, anamı və məni nalayiq söyüşlərlə təhqir edərək evi tərk etdilər. 18.06.2015-ci il tarixdə anası və əmisiqızıyla gələrək məni anamla 3 saylı qadın məsləhətxanasına, Neftçilər xəstəxanasının ginekologiya şöbəsinə və Leyla Şıxlinskaya xəstəxanasına apardılar. Həkimlər yenə də rədd cavabı verdilər. Buna baxmayaraq əlimi buraraq məni zorla maşına oturdub Biləcəri Dəmiryol xəstəxanasına aparmaq istədilər. Mənə güc tətbiq etmək istəyən qadın telefonumun yerə düşüb sınmasına görə onu təmir adıyla T.İ-yə verdi. Ayın 19-da T.İ-dən mobil telefonumu istəyəndə bunu inkar etdi və üstünə şər atdığımı söylədi. Bununla bağlı mən və anam 19.06.2015-ci il tarixində 39-cu polis bölməsində olduq.

Prokurorluq məsələni niyə araşdırmayıb?

Rəis müavini bizi dinləyərək telefonu ala bilməsə də bu məsələni öz aramızda həll etməyi məsləhət gördü. T.İ-nin otağına polis bölməsinin əməliyyat müvəkkiliylə daxil olduq. Rəis müavininin otağından çıxan T.İ çox əsəbi idi. O otağa daxil olaraq məni, anamı və nəslimi polis işçisinə yaraşmayan nalayiq küçə söyşləriylə söydü. Sonra da açıq rəngli telefonu götürərək oturduğu stolun arxa divarında prezident İlham Əliyevin portretini sındırdı. Bu şaqqıltı səsinə rəis müavini otağa girdi və məndən xahiş etdi ki, otağı tərk edək. Dəhlizdə bir neçə polis əməkdaşı anamı T.İ-nin otağına getməyə qoymadılar. Rəis müavini bu işin sakitliklə həll olunmadığını deyib başqa orqanlara şikayət etmək hüququmuzu söylədi. Bir neçə saatdan sonra mən təkrar 39-cu polis bölməsinə gedərək telefonumu tələb etdim. Bu vaxt otaqda olan iki nəfər polis işçisinin köməyilə T.İ məni zorla həkimə aparmaq istədi. Ordan çıxıb bölmənin həyətində avtomobil olan istiqamətə gedirdim ki, həmin iki polis məni əhatəyə aldı və oradan uzaqlaşmağa qoymadılar. T.İ əlimdən maşınımın açarını alaraq mənə təzyiq göstərməyə başladı. 4 aylıq hamilə olduğum üçün onların məni vurmasından və bədbəxt hadisənin baş verməsindən qorxurdum. Vəziyyətim pisləşirdi. Ona görə ondan maşının açarlarını qaytarmağı xahiş etdim. O açarları qaytarsa da polis əməkdaşını yanımda əyləşdirdi. Ikinci telefon nömrəmlə anama özünü tez 39-cu polis bölməsinə çatdırmasını söylədim. Anam və qızım gələndə əhatəmdə çoxsaylı adamlar gördülər. Polis əməkdaşından başqa, oraya Rəhimə adlı özünü həkim kimi təqdim edən bir qadın çağrılmışdı. Həmin qadın da məni zorla 3 saylı Sabunçu xəstəxanasına apardı. Özbaşına şəkildə məni polis əməkdaşı və həmin qadınların iştirakıyla ora apardılar. Ginekologiya şöbəsində Aynurə (ad şərtidir) adlı həkimlə danışandan sonra məni aborta salmaq istədilər. Anamın kəskin şəkildə etirazını görən həkim bundan imtina etdi. Səhəri gün Rəhimə mənə zəng edərək yaşadığım ünvanın qadın poliklinikasına apardı. Onlar da rədd cavabı verdilər. Mobil telefonum 23.06.2015-ci ildə Səbail rayonu baş polis idarəsinin işçisi tərəfindən təmirsiz, sınıq vəziyyətdə mənə qaytarıldı. Bu müddət ərzində T.İ telefonumdan istifadə edərək internetə girib və şəkillərimizi silib.

Hamilə olsam da, T.İ tərəfindən heç bir maddi yardım görməmişəm. Əksinə, onun və ailəsinin zorakılığına və təzyiqlərinə məruz qalmışam. Səbail rayon prokurorluğuna bu məsələylə əlaqədar şikayət etsəm də heç bir ekspertizaya göndərmədilər. Rayon prokurorluğu öz polisinin hüquqlarını müdafiə etdi. Həkimlərin müayinə kağızları sübut edir ki, abort olsaydı, mən həyatımı itirməliydim. Mənim evdə 12 yaşlı azyaşlı qızım var. Mənim bir vətəndaş kimi hüquqlarım tapdanıb. T.İ kimə güvənir ki, vəzifəsindən sui-istifadə edərək zorla əlimdən telefonumu alır, bölmənin işçiləri məni zor gücünə həkimə aparır, evimə dəvət olunmadan ailəsiylə gəlir, 69 yaşlı anamla 12 yaşlı qızımın gözü qarşısında dava-dalaş salırlar?!

Xahiş edirəm, T.İ-yə qarşı cinayət işi qaldırasınız. Hazırda həyatm təhlükə altındadır, bu şəxs uşağın dünyaya gəlməsini istəmir. O hər bir pis əmələ əl ata bilər”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar