Müstəqilllik dövrünün ən biabırçı seçkisi

30-10-2015, 10:57   
Müstəqilllik dövrünün ən biabırçı seçkisi

Bu seçkidə xeyli «ilk»lərə imza atıldı

Bu gün seçki kampaniyasının sonuncu günüdür. Yəni namizədlərin 21 günlük təbliğat-təşviqat kampaniyası yekunlaşır. Bəli, 2 gündən sonra ölkəmizdə parlament seçkiləri keçiriləcək. Əminliklə demək olar, bu seçki Azərbaycan seçki tarixinə ən bərbad, biabırçı, qeyri-ciddi seçki kimi düşəcək. Düzdür, YAP hakimiyyəti dövründə bütün seçkilər biabırçı olub və bu, təsdiqini tapıb.

Sadəcə olaraq bundan əvvəlki seçkilərə cırıq-sökük də olsa, maska taxmaq mümkün olub. Əvvəlki seçkilərdə heç vaxt beynəlxalq aləm boykot qərarı verməyib. Indi isə ATƏT ilk dəfə olaraq seçki müşahidəçiliyindən imtina etdi, Avropa Birliyi seçkiləri boykota çağırdı, ölkənin real müxalifət qüvvələri seçkidə iştirak etmədi. Amma göstəricilər bununla da bitmir. Seçkiyə bir neçə gün qalmış digər müxalifət partiyaları da seçkidən imtina etdi. 500-ə qədər namizədliyi qeydə alınmış şəxs sonradan imtina qərarı verdi. Hətta 4 dəqiqəlik efir vaxtını da ləğv etdilər. Təsəvvür edin ki, ölkədə parlament seçkiləri keçiriləcək, telekanallar vasitəsilə 1 nəfər namizədin belə xalqa çağırışı, hesabatı, seçki vədləri yoxdur. Ölkədə seçki ab-havası birmənalı şəkildə hiss olunmur. Əksinə, noyabrın 1-də Türkiyədə keçiriləcək seçkilər daha maraqla izlənilir və bu seçkilər ətrafında müzakirələr aparılır. Tam əminliklə demək olar, 1 noyabr seçkiləri bələdiyyə seçkilərindən də geri qaldı. Bəli, hətta bələdiyyə seçkisi daha çox hiss olunurdu. Beləliklə, noyabrın 1-də keçirilən seçkilər Azərbaycan tarixinə növbəti utanc günü kimi düşəcək. Hətta bəyənmədiyimiz Qırğızıstanda, Əfqanıstanda da demokratik seçki keçirilir, insanların iradəsinə hörmətlə yanaşılır.

Hakimiyyət hətta real müxalifətin iştirak etmədiyi seçkidə də şəffaflıqdan qorxur. Hansısa bir müğənninin, şairin namizədliyinə də əngəl törədilir, bütün vasitələrlə rəqabətdən qaçmağa çalışırlar.

Açıq şəkildə görünür ki, bu seçkini dünya və ölkə ictimaiyyəti tanımır və heç bir seçiləcək şəxsin legitimliyi olmayacaq. Ölkədəki seçki institutları sıradan çıxarılıb, 50-dən artıq potensial namizəd şərlənərək həbs olunub və qeydə alınmış namizədlərin yalnız kiçik bir qisminin təbliğat aparmaq imkanı var.

Fakt budur ki, hazırda ölkə ictimaiyyətinin gündəmində MTN-də baş verənlər var. Əksəriyyət hələ də noyabrın 1-də ölkədə nə baş verəcəyindən xəbərsizdir. Əvvəlki yazılarımızda qeyd etmişdik ki, bu hakimiyyətin dövründə seçki koma vəziyyətinə düşdü, sonra dünyasını dəyişdi, noyabrın 1-də isə torpağa tapşırılacaq. Hətta bu “torpağa tapşırılma” da urvatsız, birabırçı şəkildə baş verir.

Qısası, iki gündən sonra hökumətimiz dünyanın və ölkənin “boykot dəstəyi” ilə seçki keçirəcək. Sözün həqiqi mənasında bu seçkinin analoqu olmayacaq.

Akif
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar