Böyük dələduzluğun sonu - fala baxanların, bəxt açanların biznesi bağlanır...

3-11-2015, 23:46   
Böyük dələduzluğun sonu - fala baxanların, bəxt açanların biznesi bağlanır...
Tağı Hüseynov: “Hələ falçılılardan xeyir görən görməmişəm”

Könül Kərimova: “Hələ ağılımı itirməmişəm ki falçıya gedim”


Falçılıq demək olar ki, dünyada ən geniş yayılmış dələduzluq növüdür. Zaman keçdikcə falların növləri də falçıların sayı kimi artır. Falçılarla ünsiyyat yaratmaq isə get-gedə daha da asanlaşır. Qədim dövrdə yol qət edib fala baxdırmaq lazım olurdusa, indi bir telefon zəngi kifayət edir ki, başına gələcəklər haqqında “məlumat” alasan. Hətta elmi-texniki tərəqqinin, texnoloji avadanlıqların sayəsində "biznes"inin çiçəkləndirənlər var. Məsələn, bəziləri fala “Skayp” saytı vasitəsilə baxır.



Falçılığın tarixi uzaq keçmişə söykənir. Orta əsrlərdən bəri fəndgir adamlar su, daş, düyü, noxud, paxla və s. ilə fala baxıb, gələcəyi “gördüklərini” iddia ediblər. Əl və qəhvə falı falçılığın geniş yayılmış növlərindəndir. Hətta qəhvə falının yaranmasının maraqlı rəvayəti də var.

Belə nəql olunur ki, Osmanlı imperiyası dövründə padşahın hərəmxanasında qeybət, dedi-qodu baş alıb gedirmiş. Padşah qeybəti qadağan edir və sərt cəzalar tətbiq olunur. Qeybətlə ürəyini soyudan qadınların əlləri hər yerdən üzüləndə, ağıllarına maraqlı ideya gəlib. Beləliklə qadınlar “fal” adı altında qəhvə fincanının dibindəki çöküntüyə baxıb qeybət ediblər. Bununla da qəhvə falı yaranıb. Ona görə də hazırda demək olar ki, bütün seriallarında qadınların qəhvə falına baxmalarından bəhs edən epizodlara rast gəlmək mümkündür.



İnkivizasiya dövründə isə falçıları daha böyük cəzalar gözləyirdi. O dövrdə “gələcəyi görənlər” suda boğulub, oda atılıb, başqa üsullarla edam edilib, didərgin salınıb. Bir ara bu, kütləvi xarakter daşıyıb.



Hazırda Azərbaycanda da falçılıq qadağan edilə, falçılar cəzalandırıla bilər. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı məlumat verib. M. Qurbanlı qeyd edib ki, səmavi dinlərdə, o cümlədən İslamda falçılıq qəbul edilmir.

Məsələ ilə bağlı musavat.com-a danışan hüquqşünas Tağı Hüseynov bildirdi ki, falçılar dələduzluqla məşğuldur: “Müsəlman ölkələrində onların hökmü ölümdür. Allah buyurub ki, qeybin açarları məndədir, onu heç kim bilməz. Bunlar da qeybdən xəbər verirlər. Hələ falçılılardan xeyir görən adam görməmişəm. Onlar şeytanla işləyən adamlardır. Quranda haram buyrulan bir şeydən xeyir götürmək olar? Belə bir qərar qəbul edilsə, hüquq pozuntusunun qarşısı alınacaq. Onlar falçılıq adı altında dələduzluqla məşğuldular.



Cinayət Məcəlləsində 178-ci maddə var: “Aldatma və etibardan sui-istifadə etməklə başqasının əmlakını mənimsəmə”.

Falçıların yanına gedənlər də işlərinin düzələcəyinə inanır, falçıya etibar edirlər. Falçı da güya gələcəyi deyir və pul alır. Dələduzluğun bir növü də budur. Falçılığın qadağan edilməsi cinayətlərin qarşısını alacaq. Burada böyük pullardan söhbət gedir. Bu qanuna ziddir. O falçılar da bəlkə gedib faydalı işlə məşğul olacaqlar, xalqa xeyirləri dəyəcək”.

Müğənnilər arasında da fal açdırmaq geniş yayılıb. Müğənni Könül Kərimova isə bildirdi ki, heç vaxt falçı yanında olmayıb:




“Falçılara və onlara inananlara münasibətim çox pisdir. Mənim fikrimcə, falçılıq çoxdan qadağan olunmalı idi. Dini olan falçıya getməz. Fal cin-şeytan əməlidir. Vəziyyətimin pis-yaxşı olmasından asılı olmayaraq falçıya getmərəm. Fala baxdırmaq bədbəxtçilikdir. Müğənnilər arasında gedənlər də olur, amma mənim münasibətimi bildikləri üçün gedən də mənə sirrini vermir. Heç kim deyə bilməz ki, nə vaxtsa falçıya getmişəm. Ekstrasenslərin iştirak etdiyi verlişlərə də dəvət edəndə imtina edirdim. Özlərinə də deyirdim ki, inanmıram, verlişdə iştirak etsəm, onları təhqir edə bilərəm. Heç vaxt belə verilişlərdə iştirak etməmişəm. Falçılar olan yerdən qaçıram. Hansı dövrdə yaşayırıq ki, falçılardan mədət umaq. Geridə qalmışlıq hesab edirəm. Acizlikdir. Falçıya gedənlərin halına nəzər salın. Hamısı bəsbəxt gündədir. İnsanda ki fala maraq yarandı, demək onun ağılı itir. Təəssüf ki, elə bədbəxtlər var. Hələ ağılımı itirməmişəm ki falçıya gedim. Hələ bir yarıyan falçı da görməmişəm”.

Fəqət bu cür insanlara nadir hallarda rast gəlmək olar. Sirr deyil ki, məişət və karyera problemləri ilə üzləşən insanların tam əksəriyyəti yolunu bir gün mütləq falçı yanından salır və nə bir fövqəl istedadı, nə də düz-əməlli savadı olmayan dələduzlara iri məbləğli vəsait ödəyirlər.



Bu üzdəndir ki, dənizkənarı bulvar tərəfdə dənizdə araşdırma aparan mühəndislər suyun dibində minlər qıfıl-kilid olduğunu deyirlər. Bu, falçı yanından gələn və onun tövsiyəsinə qulaq asaraq kiminsə "bəxtini bağlayan", yaxud öz ərini evə bağlamağa çalışan qadınların işidir.



Gülnar Süleymanova
Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar