Pulsuz verilməli arayışlara ödənilən pullar kimin cibinə gedir?
Konstitusiyanın 73-cü maddəsinə görə, heç kimdən qanunda nəzərdə tutulduğundan artıq vergilər və digər ödənişlər tələb oluna bilməz. Nə yazıq, ölkədə ən yüksək hüquq qüvvəsi olan konstitusiyanın bu maddəsinə də digər maddələr kimi əməl olunmur.
Əksinə, dövlət adına vətəndaşlardan qanunsuz ödənişlər tələb olunur və məcburi qaydada alınır. Bu ödənişləri daha çox vergi, gömrük, yol polisi, reyestr xidmətləri tələb edir və zorla alırlar. Vətəndaş da neyləsin, verməyəndə malı əlindən alınır, keçid məntəqəsində zay olur, istədiyi nömrəni ala bilmir, adi arayışdan belə məhrum edilir. Fikir verin, “Dövlət rüsumu haqqında” qanunun 18.65.6.1 maddəsinə görə, 001-009 nömrələri verilərkən ayrı hərflərlə olduqda 1500 manat, eyni olduqda 2500 manat rüsum tutulması təsbit olunub. Lakin yol polisi, ümumiyyətlə, 001 nömrələrinin sərfiyyatda olmamasını bildirib vətəndaşa istədiyi nömrəni verməkdən imtina edir. Maraqlıdır, sərfiyyatda yoxdursa, qanuna niyə salınıb, bəs bu nömrələrdə şütüyən maşınlara necə verilib (Şəkillər əlavə olunur -red.)? Belə çıxır, “yuxarı”dan göstərişlə bu nömrələrin verilməsinə qadağa qoyulub, yalnız “öz” adamlarına hədiyyə edirlər? Bundan dövlət büdcəsi də ziyan çəkir axı. Ölkə üzrə təkcə 001 nömrələrinin satışından büdcəyə ödənilməli ortalıq 100 milyonluq vəsait itir. Gömrükdə, vergidə də eləcə. Elə bilirsiniz, zorla alınan və qəbzlə ödənilən “yoxlama-rüsum” pulları büdcəyə keçir? YOX!!!
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti (DƏDRX)-nin verdiyi “kupça”ların onların yiyələrinə neçəyə başa gəlmələrini bilməyən yoxdur. Bu qurum qanunda nəzərdə tutulmadığı halda vətəndaşlardan əmlakı olmaması barədə arayışı da 10 manat qarşılığında verir. ƏMDK və DƏDRX ödənişi “Dövlət rüsumu haqqında” qanunun 26.3 maddəsinə və Tarif Şurasının(TŞ) 31.07.2009 tarixli 4 saylı qərarına uyğun tələb etdiyini bildirsə də, sözügedən maddədə və qərarda vətəndaşın adına əmlak olub-olmaması barədə arayışa görə rüsum tutulması yazılmayıb. Qanunun 26.3 maddəsində tikintisi başa çatmamış daşınmaz əmlakın dövlət qeydiyyatına görə, özü də 20 manat, TŞ-nin qərarında isə daşınmaz əmlak barədə dövlət reyestrindən məlumatların verilməsinə görə 10 manat rüsum ödənilməsi yazılıb. ƏMDK yetkililərinin qanuna, konstitusiyaya hörmətsizliyi ciblərinə “hörmətlərindən” qaynaqlanır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyetri haqqında” 12.12.2003 tarixli qanunun 15.7 və 15.8 maddəsinə əsasən dövlət reyestrindən çıxarışların sorğu əsasında 3-cü şəxslərə də verilməsi və surət şəklində verilə bilməsi təsbit olunsa da, ƏMDK və DƏDRX buna da əməl etmir. Sözügedən qanunun 18-ci (“Dövlət reyestrinin aşkarlığı”) maddəsinin 1-ci bəndində təsisçilər və onların pay bölgüsü çıxmaqla hər bir şəxsin dövlət reyestrindəki yazılarla tanış olmaq, dövlət reyestrindən çıxarışı və qeydiyyat üçün təqdim olunmuş sənədlərin surətini tələb etmək hüququna sahib olmaları və maraqlı şəxslərə dövlət qeydiyyatına alınma və alınmama barədə məlumatların verilməsinin məcburiliyi təsbit olunub. Amma kimdir qanunu, prezident fərmanını sayan? Hərənin öz “rüşvət-korrupsiya” qanunu var.
“Dövlət rüsumu haqqında” qanunun 20.6 maddəsinə görə, sənədlərin surəti şəklində dövlət reyestrindən çıxarışların verilməsinə (hər səhifəyə görə) …1 (bir) manat dövlət rüsumu tutulur. ƏMDK isə ada əmlak olmaması barədə adi bir arayışa görə 10 manat alır. Heç kim də dinmir. Nə Ədliyyə Nazirliyi, nə Tarif Şurası, nə Ombudsman, nə hökumət, nə də “yeməkdar jurnalistika”. ƏMDK-nın “arayış”, yol polisinin, rabitə xidmətinin “nömrə biznesi”nin ASAN xidmətə verilməsi prezidentin diqqətinə niyə çatdırılmır?
Məğrur Bədəlsoy