Vergilər nazirinin kadrı Cavid Qurbanovun “adamı”na necə çevrildi? – Rəcəb Babaşovu Eldar Mahmudovla bağlayan tellər...

8-11-2015, 23:59   
Vergilər nazirinin kadrı Cavid Qurbanovun “adamı”na necə çevrildi? – Rəcəb Babaşovu Eldar Mahmudovla bağlayan tellər...

Ölkə prezidenti İlham Əliyevin azad biznes mühitinin formalaşdırılması, sahibkarlara qarşı əsassız yoxlama və təftişlərin dayandırılması haqda göstərişi özünün müsbət nəticələrini verməkdədir. Prezidentin sahibkarlara yönəlik “heç nədən çəkinməyin, sizi incidirlərsə mənə müraciət edin” açıqlamasından sonra iş adamlarına qarşı haqsızlıq edən məmurlara qarşı çoxdan gözlənilən mübarizəyə start verilib.
Bu baxımdan milli təhlükəsizlik naziri Eldar Mahmudovun tutduğu vəzifədən azad edilməsi, sahibkarları qorxudaraq onlardan küllü miqdarda rüşvət almış MTN-dəki bəlli qruplaşma üzvlərinin həbsə atılması faktını xatırlamaq yetərlidir. Artıq mətbuata sızan azsaylı informasiyalar belə bu mütəşəkkil dəstənin cinayətləri haqda şok məqamlara işıq salıb. Yaxın gələcəkdə daha şokedici mətləblərin açıqlanacağı gözlənilir. Bütün bunlar isə ictimai rəydə qorxu xofunun dağılması və sahibkarlara divan tutmuş iri məmurlarla bağlı yeni-yeni açıqlamaların verilməsi prosesinə təkan verir. Sahibkarların qəniminə çevrilmiş məmurlar isə təkcə MTN-də deyilmiş...
Savash.org-a daxil olan məlumatda bildirilir ki, sahibkarların “qorxunc röyasına” çevrilmiş belə məmurlardan biri də Vergilər Nazirliyi Yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin rəis müavini Rəcəb Babaşovdur. İlk olaraq yazımızın qəhrəmanı olan bu şəxsi daha yaxından tanımağa çalışaq: Kimdir Rəcəb Babaşov?
O, əslən Sabirabad rayonunun Məmişlər kəndindəndir. Rəsmi olaraq Vergilər Nazirliyində işləməsinə baxmayaraq, elitar kluarlarda Cavid Qurbanovun yaxın dostu və əsas adamı kimi tanınır. İş həyatındakı yüksəlişində ölkədəki nüfuzlu bir ailəylə qohumluq əlaqələri müstəsna rol oynayıb. Bakıda və doğulub, boya-başa çatdığı Sabirabad rayonunda saysız-hesabsız obyektləri, ticarət mərkəzləri və daşınmaz əmlakları var.
Savash.org-a daxil olan məlumatda bildirilir ki, Rəcəb Babaşov Sabirabadın idarə edilməsində mühüm təsir imkanlarına malikdir ki, bu da onun rayondakı qohumlarına görədir. Belə ki, onun qardaşı oğlu olan Əliqulu Babaşov Sabirabad Yol İdarəsinin rəisi, dost-doğma bibisi oğlu Həsən Həsənov isə Sabirabad Rayon İcra Hakimiyyətinin birinci müavini vəzifələrində çalışır. Adını açıqlamadığımız digər qohumları isə rayonda irili-xırdalı onlarla gəlirli sahələrə nəzarət edir. Onların “baron”u isə Vergilər Nazirliyində mühüm post tutan Rəcəb Babaşovdur.
Məsələnin ən maraqlı tərəflərindən biri isə R.Babaşovun vergilər nazirinin işçisi olmasına baxmayaraq Cavid Qurbanova işləməsidir. Cavid Qurbanovu R.Babaşova hansı telləein bağladığı, cənab Babaşovun sahibkarları sıxışdırmaq və onları “yola gətirmək” üçün icad etdiyi ilginc mexanizmlər, nəhayət onun məşhur “MTN işi” ilə hansı bağlantısının olması haqda isə növbəti yazımızda məlumat verəcəyik. Eyni zamanda növbəti yazıda həmçinin R.Babaşovun sahib olduğu obyektlərin adlı siyahısı ilə tanış olmaq fürsəti qazanacaqsınız.
SAVASH.ORG
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar