MTN-in «siyasi mühacir» konveyri: «CARLTON»

13-11-2015, 16:13   
MTN-in «siyasi mühacir» konveyri: «CARLTON»
Turizm şirkətinin rəhbərləri olan İlqar və Vüqar Yusifovlar Avropaya saxta sənədlə onlarla «mühacir» «ixrac» ediblər

Son illər Azərbaycanı tərk edərək, Avropa ölkələrinə sığınan vətəndaşların sayı xeyli artıb. Bunun başlıca səbəbi ölkədə normal siyasi mühitin olmaması ilə yanaşı, həm də sosial-iqtisadi çətinliklərdir. Amma Avropa ölkələrində siyasi mühacir statusu almaq daha asan olduğundan iqtisadi çətinlikləri olanlar da özlərini bu kateqoriyaya aid edərək, «sənəd» düzəldərək, mühacirliyə yollanırlar.

JAM.AZ xəbər verir ki, Bakıda bui şlə məşğul olan şirkətlər də var. Düzdür, onların sayı elə də çox deyil. Azsayda olan belə şirkətlərin arasında biri də var ki, konkret olaraq MTN-lə sıx əlaqəlidir və onların sayəsində uzunmüddət «siyasi mühacir» «ixracı» ilə məşğul olub.

«Carlton» adlanan həmin turizm şirkətinin başında İlqar və Vüqar Yusifov qardaşları durur. MTN-in turizmə nəzarət edən şöbəsinin rəisi, hazırda Qafqaz Universitetinin prorektoru vəzifəsində çalışan Mustafanın, habelə bir müddət əvvəl ağır ittihamlarla həbs olunmuş İlqar Əliyevin himayəsinə sığınmış qardaşlar olduqca təhlükəli işlərə imza atıblar.

JAM.AZ-a verilən məlumata görə, İqlar və Vüqarın rəhbəri olduqları «Carlton» şirkəti xeyli müddətdir Avropaya «siyasi mühacir» adıyla adamlar göndərirlər. Təkcə tərəfimizdən üzə çıxarılanların sayı 30 nəfərə yaxındır. Ki, onların da hamısı aldadılıb. Belə ki, Avropada asanlıqla mühacir statusu ala biləcəklərinə inandırdıqları adamlara təkcə viza xidməti deyil, həmçinin saxta sənədlər düzəltdikləri də verilən məlumatlar sırasındadır. İddia olunur ki, «Carlton»un rəhbəri xüsusi proqramçılar vasitəsi ilə Bakı şəhərində fəaliyyət göstərən məhkəmələrin möhürlərinin saxta eskizlərini hazırlayıb, hazır «sənəd» şəklinə salıblar. İstənilən adam onlara müraciət etdikdə həmin hazır möhürlü «sənədlər»i qaydasına salıb, ad, familiya əlavə edərək, həmin şəxsin guya, müxalifətin mitinqlərində iştirak etdiyi, sutkalıq həbs aldığı, habelə cərimə olunduğu və digər məsələlərlə bağlı «qərarlar» hazırlayıblar.

Mənbə bildirir ki, Vüqar və İlqarın bu işlərdən aldıqları pulun məbləği ölkələr üzrə dəyişib. Məsələn, Şərqi Avropa ölkələrinə mühacirət etmək istəyənlərdən tələb olunan məbləğ 7000 avro olubsa, Mərkəzi və ya Şimali Avropa ölkələrinə getmək istəyənlərdən alınan pulun məbləği 15 min avroya qədər yüksəlib.

İşin maraqlı tərəfi belədir ki, İlqar və Vüqar Yusifovlar Bakıdane saxta sənədlərlə göndərdikləri adamların Avropada qarşılanacağını vəd edirmişlər. «Carlton»un həmin ölkələrdəki nümayəndələrinin işi isə turist yığmaq deyil, məhz İlqarla Vüqarın adından gələnlərin pasportlarını çıraraq, onları çətin duruma salmaq olub.

JAM.AZ-a verilən məlumatlarda deyilir ki, «Carlton»un göndərdiyi adamları Avropada qarşılayan «emissarlar», onların pasportlarını əllərindən alaraq, cırıblar. Və bunu belə əsaslandırıblar ki, guya, bu addım onların siyasi mühacir statusu almalarına imkan verəcək. Əslində isə həmin şəxslər kimliyini isbat edə bilmədikləri səbəbindən uzunmüddət düşdükləri ölkədə əziyyət çəkməli olurlar. Bir çoxu isə status belə ala bilmir və havada qalır.

Bildirək ki, «Carloton»un bu işlərdən əldə etdikləri qazanclar milyonlarla avro hesab olunur. Təbii ki, bu proseslərdən MTN-in məşhur zabitlərinin məlumatı olub. Amma susublar. Səbəbi isə «Carlton»dan hər ay aylıq haqlarını alması olub. Bəzi iddialara görə, Avropaya saxta yolla göndərilən adamlardan alınan pulların 30 faizi məhz MTN zabitləri olan Mustafa ilə İlqara çatıb.

P.S. Məsələ ilə bağlı daha bir maraqlı araşdırmamız yaxın günlərdə oxucuların ixtiyarına veriləcək. Orada MTN-in zabiti Mustafanın daha hansı bizneslə məşğul olduğu, habelə «Carlton»dakı payı, İlqar və Vüqar Yusifovlara MTN tərəfindən daha hansı təlimatların verildiyi barədə geniş bilgilər yer alacaq. Qarşı tərəfi də dinləməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar