Hakimiyyətin ölkəni çalxalayacaq pensiya layihəsi

17-11-2015, 09:57   
Hakimiyyətin ölkəni çalxalayacaq pensiya layihəsi

«Əmək pensiyaları haqqında» Qanunda hansı dəyişikliklər edilib?

Samir Şərifov, Səlim Müslümov və Elman Mehdiyevin Artur Rəsizadəyə təqdim etdiyi layihə «Azadlıq»da

Hüquq-mühafizə orqanlarında və silahlı qüvvələrdə xidmət müddətinin artırılması ilə bağlı redaksiyamıza yeni məlumatlar daxil olub. Əvvəlcə xatırladaq ki, “Azadlıq” bu barədə bir ay əvvəl məlumat yayıb. Həmin məlumatda deyilirdi ki, maliyyə böhranına görə hüquq-mühafizə orqanlarında və silahlı qüvvələrdə xidmət müddətinin 5-10 il civarında artırılması nəzərdə tutulur.


Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev də bu xəbəri təsdiqləmişdi. O, xidmət müddətinin 30 ilə qaldırılmasının ilkin mərhələdə nəzərdən keçirilən müxtəlif variantlardan biri olduğunu deyib. Onun sözlərinə görə, hazırda bu müzakirə olunmasa da, xidmət müddətinin 25 ilə çatdırılması məsələsi nəzərdən keçirilir.

Yeni məlumat isə ondan ibarətdir ki, bu məsələ Elman Mehdiyevin dediyi kimi nəzərdən keçirilmir. Artıq qanun layihəsi hazırlanıb və baş nazir Artur Rəsizadəyə təqdim olunub. Maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyevin imzaladığı, Dövlət Sosial Müdafiə Fondunun Aparatının Pensiya və müavinətlər şöbəsinin müdiri Elşən Məmmədəliyevin əsaslandırması ilə Artır Rəsizadəyə təqdim edilən “Əmək pensiyaları haqqında” Qanunda dəyişikliklər edilməsi barədə layihənin yaxın vaxtlarda təsdiq olunacağı gözlənilir. Sənədin surəti də redaksiyamıza daxil olub. Bu sayımızda həmin layihədə hüquq-mühafizə orqanları əməkdaşlarının və silahlı qüvvələrdə xidmət keçənlərin pensiyaya çıxması ilə bağlı təklif edilən dəyişiklikləri diqqətinizə çatdıracağıq.

Qanunun 9.4.1-ci maddəsində deyilir ki, prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçiləri yaşa görə əmək pensiyasına çıxa bilər. Yeni redaktədə isə 25 il artırılaraq 35 ilə çatdırılıb. 9.4.2-ci maddədə isə bildirilir ki, yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 25 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri yaşa görə əmək pensiyası hüququ var. Dəyişiklikdə isə 25 il artırılaraq 35 ilə, 12 il 6 ay isə 17 il 6-aya çatdırılıb.

Qanunun 9.5.1-ci maddəsində isə deyilir ki, hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş qulluqçular əmək pensiyasına çıxa bilər. Dəyişiklikdə isə 20 ilin 10 də artırılması təklif olunur.

Həmçinin qanunun 9.5.2-ci maddəsində hərbi xidmətdən yaşa görə buraxılmış, 25 ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçmiş şəxslərin əmək pensiyasına çıxmaq hüququ var. Yeni redaktədə isə 25 il 30 il, 12 il 6 ay isə 15 il edilib.

Qanunun 9.7-1-ci maddəsində deyilir ki, ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı olan ədliyyə işçiləri əmək pensiyasına çıxa bilər. Dəyişikliyə görə isə qulluq stajı 35 il olmalıdır.

Miqrasiya və fövqəladə hallar orqanlarında çalışanların da qulluq stajı 25 ildən 35 ilə qaldırılıb.

Bundan başqa qanunun 20.8.1-ci maddəsində göstərilir ki, prokurorluq orqanlarında 5 il qulluq etmiş prokurorluq işçilərinə orta aylıq əmək haqqının 45 faizi miqdarında pensiya verilə verilə bilər. Dəyişikliyə görə isə orta aylıq əmək haqqının 45 faizi miqdarında pensiya almaq üçün 15 il prokurorluq orqanlarında çalışmalısan.

20.8.2-ci maddədə isə bildirilir ki, prokurorluq orqanlarında 5 ildən 10 ilə qədər qulluq etmiş prokurorluq işçiləri orta aylıq əmək haqqının 45 faizi miqdarında, 5 ildən yuxarı prokurorluq işçisi stajının hər ili üçün orta aylıq əmək haqqının 2 faizi miqdarında əlavə olunmaqla pensiya ala bilər. Bu maddə yeni redaktədə belə verilib: “Prokurorluq orqanlarında 15 ildən 20 ilə qədər qulluq etmiş prokurorluq işçiləri orta aylıq əmək haqqının 45 faizi miqdarında, 15 ildən yuxarı prokurorluq işçisi stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablamaqla) üçün orta aylıq əmək haqqının 2 faizi miqdarında əlavə olunmaqla”.

Beləliklə göründüyü kimi hüquq-mühafizə orqanlarında və silahlı qüvvələrdə qulluq keçənlərin xidmət müddəti 5-10 il artırılıb. Ekspertlər hesab edir ki, bu layihə ölkədə ciddi narazılığa səbəb ola bilər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar