Eldar Mahmudovun vəhhabilərlə hansı əlaqəsi var? “MTN işi” ilə bağlı yeni faktlar

18-11-2015, 10:33   

Akif Çovdarovun adamlarından biri həbs olundu, kürəkəni isə işdən qovuldu

Hüquq-mühafizə orqanlarının əməkdaşları general Akif Çovdarovun cəlladlarından birini MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş Idarəsinin sabiq işçisi Səlim Məmmədovu saxlayıb. Hüquq-mühafizə orqanlarındakı rəsmi mənbələrdən virtualaz.org saytına verilən məlumata görə, Səlim Məmmədovun evində axtarış aparılıb, onun özü isə nəzarətə götürülüb.

Çovdarovun ikinci cəlladına – polkovnik-leytenant Vüqar Muxtarova gəlincə isə hazırda onun da saxlanması üçün tədbirlər görülür.

Bir çox iş adamları məhz onlar tərəfindən amansız işgəncəyə və qeyri-insani rəftara məruz qoyulublar. Vüqar Muxtarov və Səlim Məmmədov Akif Çovdarovun ən etibarlı adamları olub. MTN-də kök salmış kriminal qruplaşmanın “boz kardinalı” ən mühüm işlərin dalınca məhz onları göndərib.

Bildirilir ki, Muxtarov və Məmmədov iş adamlarının evlərində aparılmış qanunsuz axtarışlar zamanı qəsb olunmuş qızıl-zinət əşyalarını Gürcüstanda realizə etməklə də məşğul olublar.

Polkovnik Səlim Məmmədov bir neçə ay əvvəl pensiyaya çıxıb. Polkovnik-leytenant Vüqar Muxtarov isə hələ MTN-də işləyir.

Həbsdəki MTN generalına yeni ittiham irəli sürüldü

covdarov-mehkeme2

Akif Çovdarovun özü isə 1 saylı Bakı Istintaq Təcridxanasına köçürülüb. Bu barədə məlumatı “Report” yayıb. Məlumatda deyilir ki, onun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarından apelyasiya şikayəti verilməyəcək.

Akif Çovdarova qarşı 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1 (Rüşvət alma (passiv rüşvətxorluq), qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2 (Rüşvət alma (passiv rüşvətxorluq) təkrar törədildikdə), 311.3.3 (Rüşvət alma (passiv rüşvətxorluq) külli miqdarda törədildikdə), 311.3.4 (Rüşvət alma (passiv rüşvətxorluq) hədə-qorxu tətbiq olunmaqla törədildikdə) maddələri ilə ittiham olunur.

Bundan başqa, onun barəsində Cinayət Məcəlləsinin 145.3-cü (Qanusuz azadlıqdan məhrum etmə, iki və ya daha çox şəxsə qarşı törədildikdə; təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törədildikdə; yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə; bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə; zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə; silahdan yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə, bu əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə də cinayət işi açılıb.

Çovdarovun kürəkəni də MTN-dən qovuldu

Akif Çovdarov həbs edildikdən sonra, onun ikinci kürəkəni, əslən Borçalının Qaçağan kəndindən olan, MTN şöbə rəisi, polkovnik-leytenant, Rəşad Əmircan oğlu Əmircanov, milli təhlükəsizlik nazirinin 1-ci müavini, nazir səlahiyyətərini icra edən Mədət Quliyevin əmri ilə vəzifəsindən kənarlaşdırılıb və sərəncama göndərilib. Bu barədə məlumatı “Qafqazinfo” yayıb. Baş Prokurorluq Rəşad Əmircanovun Badamdardakı villasında və Bakının digər yerlərindəki evlərində axtarışlar aparıb. Rəşad Əmircanova məxsus Badamdardakı 1 milyon dollarlıq villa möhürlənib.

Əmircanov əvvəllər Xüsusi Dövlət Mühafizə Xidmətində işləyib, Akif Çovdarov Milli Təhlükəsilik Nazirliyində idarə rəisi təyin edildikdən sonra, mafioz qayınatasının himayədarlığı ilə MTN-ə şöbə rəisi gətirilib.

Hüquq-mühafizə orqanları Rəşad Əmircanovun Akif Çovdarovun təşkil etdiyi gizli həbsxanalar və müxtəlif cinayət əməllərində iştirakının olduğunu təxmin edirlər.

Rəşad Əmircanovun da həbs ediləcəyi gözlənilir.

Rəşad Əmircanovun yaxın qohumları barəsində, onların Eldar Mahmudov və Akif Çovdarov bandası ilə əlaqələrinin olub-olmaması ilə bağlı da ciddi araşdırma başladılıb.

Həmçinin Rəşad Əmircanovun yaxın qohumu, məclislərdə Akif Çovdarovun “şərəfinə” daimi təriflər söyləyən və qudası Akif Çovdarovla fəxr edən edən Dəmir Bankın idarə Heyətinin sədri Roman Əmircanovun və Dəmir Bankın fəaliyyəti ciddi araşdırılır.

Roman Əmircanov hazırda Buzovnadakı bağ evindən kənara çıxmır və dərin psixoloji depressiyadadır.

Məlumatda bildirilir ki, Respublika Prokuroluğunda artıq müfəssəl məlumat var ki, Akif Çovdarovun bandası, kürəkəni Rəşad Əmircanov və Roman Əmircanov vasitəsilə külli miqdarda maliyyə vəsaitlərini məhz qudası adıçəkilən bankda leqallaşdırıb.

Həmçinin külli miqdarda maliyyəni Dəmir Bank vasitəsilə Qafqaz Inkişaf bankının Tiflis fililalına köçürüb.

Mənbə yaxın zamanlarda Roman Əmirçanovun son olaylarla bağlı həbs ediləcəyini bildirib.

Akif Çovdarovun tarixi

covdarov1

Akif Çovdarov barədə “Azadlıq”a da maraqlı məlumatlar daxil olub. Həmin məlumatlarda bildirilir ki, Akif Çovdarov 70-80-ci illərdə milis məktəbinə daxil olmaq istəsə də, gözündə qüsura görə bu sevdası baş tutmayıb. Az sonra o, Ədliyyə Nazirliyində həbsxanalar üzrə inspektor vəzifəsində çalışıb. Bir qədər işlədikdən sonra Volqoqrada gedib və orada rüşvət müqabilində milis məktəbinə daxil olub. Akif Çovdarov Volqoqraddan qayıtdıqdan sonra yenidən ədliyyə sistemində işə düzəlib. Bu dəfə o, 2 saylı cəzaçəkmə müəssisəsində rejim inspektoru vəzifəsində çalışıb. Bildirilir ki, Akif Çovdarovun məhbuslara zülmü o həddə çatıb ki, onun yerini 10 saylı cəzaçəkmə müəssisəsinə dəyişiblər. 1985-ci ilə qədər burada işləyib. Daha çonra daxili işlər orqanlarında işə düzəlib. Buradan da qanunsuz əməllərinə görə çıxarılıb. Eldar Mahmudov MTN-ə rəhbər gələnə qədər işsiz qalıb. Eldar Mahmudov nazir təyin ediləndən sonra Akif Çovdarov MTN-ə işə götürülüb və həbsxanaların kurasiyası ona tapşırılıb. Mədət Quliyev Penitensiar Xidmətin rəhbəri təyin olunduqdan sonra Akif Çovdarov bu sahədən uzaqlaşdırılıb. Bu məsələyə görə Eldar Mahmudovla Mədət Quliyevin arasında gərginlik yaşanıb.

Məlumatlarda bildirilir ki, Akif Çovdarov Nazim Ələkbərov Penitensiar Xidmətin rəisi olan dövrdə Akif Çovdarovun əslən Maştağadan olan kadrlarından birini 1 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyinə gətirib. Az sonra həmin şəxsin atası kriminal zəmində qətlə yetirilib. Akif Çovdarov adamına atasının qətlə yetirən şəxsdən qisas almaq üçün şərait yaradıb. Çovdarovun adaması atasının qatilinin boğazını kəsməyə cəhd edərkən ona ağır xəsarət yetirib. Akif Çovdarovun əli ilə bu iş ört-basdır edilib. Bildirilir ki, hətta Nazim Ələkbərov da bu məsələyə görə Akif Çovdarova iradını bildirib.

Eldar Mahmudovun 5 ilə general etdiyi idarə rəisi haqda ilginc məlumatlar

Eldar Mahmudov milli təhlükəsizlik naziri vəzifəsindən uzaqlaşdırıldıqdan sonra onun yaxın ətafı barədə sesnsasion məlumatlar ortaya çıxdı. Bu dəfə sabiq nazirin 5 il ərzində mayor rütbəsindən general-mayora qədər yüksəltdiyi MTN-nin Tibb Baş Idarəsinin rəisi barədə məlumat daxil olub.

Mənbənin bildirdiyinə görə, idarənin rəisi Məzahir Yusubov nazirliyin tibb xidmətini bərdabd hala salıb. Namiq Abbasovun milli təhlükəsizlik naziri olduğu müddətdə uzun illər Sərhəd Qoşunlarının Hospitalında cərrah, sonradan 10 ilə yaxın hospitalın rəisi vəzifəsində işləmiş Füzuli Kərimov, sonrada peşəkar hərbi həkim kimi MTN-in Tibb Ba Idarəsinə rəis təyin olundu və yüksək səviyyədə işinin öhdəsində gəlir. Füzuli Kərimovun Tibb Idarəsinə rəhbərliyi dövründə SSRI dövründə DTK-dan qalmış ənənələrə uyğun olaraq Poliknikaya müraciət etmiş çekistlər daima diqqətlə yanaşılmış, peşəkar sahə həkimləri, həmçinin müvafiq şöbələrdə müayinə edilmiş, vaxtlı-vaxtında pulsuz dərmanlarla təmin olunublar.

Eldar Mahmudov nazir oldıqdan bir neçə ay sonra Füzuli Kərimov əsassız olaraq işdən uzaqlaşdırılır. Onun yerinə 50 yaşınadək səhiyyə təşkilatının mülki sahəsində (əczaçılıq sahəsində işlədiyi güman olunur ) işləmiş, hərbi həkim kimi 1 gün belə işləməmiş Məzhir Yusubovu tibb idarəsinə rəis təyin olunur və dərhal ona mayor verilir. Məzahir Eldar Mahmudova və onun müavini Əli Şəfiyeve yaxın olması ilə əlaqədar işə qəbul edilir. Beş il ərzində Məzahir Yusubov general-mayor rütbəsinə qədər yüksəlir.

Əməliyyat işində olduğu kimi uzun illər peşəkarları qalsa da, kənardan gətirilmiş qeyri-peşəkarlar MTN-də sürətlə irəli vəzifələrə qalxıb, ən yaxşı və Bakı şəhəinin ən bahalı ərazilərində yeni mənzillərlə təmin olunublar.

MTN-də 25 il xalqına xidmət etmiş və təmiz işləmiş əməkdaşlar isə mənzillə təmin olunmayıblar. Məzahir Yusubov rəis təyin olunduqdan sonra MTN-in zabitlərinə münasibət dəyişib. Onun qoyduğu qaydaya əsasən mülki şəxslər MTN-in poliklinikasından pullu istifadə etməyə başlayır, sonra Poliknikada zabitlərin həkimlərin qəbuluna düşməsi çox çətinləşir, uzun müddət gözləmək lazım gəldiyindən zabitlər dəfələrlə işə qayıtmaq məcburiyyətində olur. Sonradan bir neçə dəfə həkimə getmək üçün icazə almaq məcburiyyətində qalırlar.

Eldar Mahmudovun rəhbərliyi vaxtında Poliklinika özəl tibb müəssisəsini xatırladıb. SSRI dövründən Namiq Abbasovun nazir olduğu dövrədək işə götürülən kadrlar həkim tibb komissiyasının ciddi yoxlamasından keçdikdən və sağlam olduqdan sonra işə qəbul ediliblər. Məzahir Yusubovun rəhbərliyi ilə isə Azərbaycanda olan çoxsaylı qüsuru olanlar işə qəbul ediliblər. Hətta araşdırma aparılsa, Füzuli Kərimov işdən uzaqlaşdırıldığı dövrdən 2015-ci ilin oktyabr ayının əvvəllərinədək hərbi tibb komisiyyasından keçərək sağlam diaqnozu ilə işə qəbul edilmiş bir neçə əməkdaşlar nazirlikdən kənarda da özlərini narkotik maddələ aludə olduqlarını biruzə verdiklərinə görə işdən uzaqlaşdırılıblar.

Bundan başqa, əməkdaşlara pulsuz dərmanların verilməsi çətinləşib, bahalı dərmanlar əməkdaşlara verilməyib.

50-ə qədər sahibkar MTN qarşısında aksiya keçirəcək

mtn

Bugünlərdə təxminən 50-yə qədər sahibkar MTN qarşısında etiraz aksiyası keçirəcək. Bu barədə Moderator.az-ı özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, aksiyada iştirak edəcək sahibkarların əksəriyyətini Sədərəkdə çalışan iş adamları təşkil edir və onların əsas tələbi vaxtiylə əllərindən alınan pulların geri qaytarılmasıdır: “Yaxın günlərdə 50-yə qədər sahibkar MTN qarşısında aksiya keçirməyə hazırlaşır ki, məqsəd vaxtiylə üzləşdikləri zorakılığa diqqət çəkmək, habelə məcburi surətdə əllərindən alınan pulların qaytarılmasına nail olmaqdır. Sahibkarlar hesab edir ki, uzun illərdir ki, onlara divan tutan şəxslərin sadəcə məsuliyyətə cəlb edilməsi deyil, həm də iş adamlarına vurduqları ziyanın ödənilməsinin təmini zəruridir. Çünki bir çox iş adamı sabiq MTN rəhbərliyinə ”xərac” verdikdən sonra müflis vəziyyətə düşmüş, digərləri isə biznes dövriyyəsini azaltmaq məcburiyyətində qalmışdır”.

Mənbənin sözlərinə görə, artıq keçiriləcək aksiya ilə bağlı üzərində müxtəlif şüar və şəkillərin yer aldığı plakatların hazırlanması da sifariş edilib. Sahibkarların barəsində sərt şüarlar səsləndirəcəyi ən başlıca fiqur isə Mövlam Şıxəliyev olacağı ehtimal olunur. Çünki Baş Istintaq Idarəsinin rəisi kimi MTN-ə çağırılan sahibkarların dindirilməsi və onlardan milyonlarla manat pulun alınması məhz Mövlan Şıxəliyevin rəhbəri olduğu idarədə, onun “xeyir-duası” ilə reallaşıb və sahibkarlar hesab edir ki, alnan pulların geri qaytarılmasına görə də əsas məsuliyyəti də məhz M.Şıxəliyev daşıyır.

MTN şefinin vəhhabilərlə əlaqəsi təsdiqləndi

eldar emisi oglu vehabi

Cam.az saytı yazır ki, MTN rəhbərliyi radikal dindarları himayə edib, vəhhabilərin mövqelərini möhkəmləndirmək üçün onların öz aralarındakı “razborkalara” şərait yaradılıb: “Məsələn, 2013-cü ilin dekabr ayında Sumqayıtdakı ”Soltan” kafesində baş vermiş 2 vəhhabi dəstəsi arasında qanlı atışma da məhz bu “razborka”nın təzahürlərindədir. Hələ həmin vaxt məsələni araşdırmağa cəhd etdiyimizdə polis orqanlarından belə bir məlumat sızdırılmışdı ki, atışmanı törədən qrup haqqında əvvəlcədən məlumat olsa da, prosesə müdaxilə etməmək göstərişi məhz MTN-dən gəlibmiş”.

O da bəlli olub ki, Azərbaycanı “kafirlər diyarı” hesab edən Sumqayıtda ən radikal dini qruplardan birinə elə sabiq MTN şefi Eldar Mahmudovun yaxın qohumu başçılıq edib.

Bildirilir ki, “Sumqayıt camaatı”nın sərbəst hərəkət etməsi, dəstələr formalaşdıraraq Suriya və Iraqa yola salmasına göz yumulması təsadüfi olmayıb: “Bunu təsdiq edən fakt kimi isə DIN tərəfindən ötən il keçirilmiş əməliyyatı göstərmək olar. Belə ki, həmin vaxt DIN-in keçirdiyi əməliyyat zamanı ”Sumqayıt camaatı”nın lideri, şəhərin baş vəhhabisi Zöhrab Şıxəliyevin yaxını, məhz sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi nəvəsi Yalçın Mahmudov həbs olunur. Yalçın Mahmudov Sumqayıtda vəhhabiliyin geniş təşəkkül tapması, onların sərbəst hərəkət etməsi, onların “müvafiq qurumlarla” olan problemlərinin “çözülməsinə” vasitəçilik edib”.

Məlumata görə, “Soltan” kafesində baş vermiş qanlı “razborka”nın arxasında daha bir özəl məqam isə Sumqayıtdakı bəzi radikal qrupların nazirin əmisi nəvəsinə “biət” etməməsi olub. Bu səbəbdən də onları cəzalandırıblar. Həmçinin MTN-in o vaxtkı rəhbərliyi bununla digər ipə-sapa yatmayan qruplara da gözdağı verib ki, onların da başına analoci oyunu aça bilərlər. Əldə olunan məlumatlara görə, xüsusən Sumqayıtdakı vəhhabilər toxunulmaz kastaya çevrilibmiş.

Məhz bu səbəbdəndir ki, bu barədə məlumat əldə edən DIN əməliyyatlar keçirərək, ölkənin təhlükəsizliyinə təhdid olan qruplaşma üzvlərini həbs etsə də, sonradan MTN-in dəstəyi ilə onlar azadlığa buraxılır. Bu möcüzəli “xilas”ın ən bariz nümunəsi isə evində gizli toplantı keçirən, silah-sursat aşkarlanan, hüquq-mühafizə orqanları tərəfindən həbs olunan Zöhrab Şıxəliyevin 6 aydan sonra azadlığa buraxılması idi. O, MTN-in gözü qarşısında Sumqayıtda özünə villa adıyla qeyri-qanuni məscid inşa etdirmişdi. Ancaq həmin vaxt həbs olunan Zöhrab Şıxəliyev sonradan MTN-in başbilənlərinin sayəsində azadlığa çıxa bildi”, – deyə, saytın xəbərində bildirilir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar