Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin ləğvi məsələsi “MTN işi”ndən sonra yenidən gündəmə gəlib. XəzərNews.az-a daxil olan məlumata görə, artıq Komitənin səlahiyyətinə daxil olan əmlakın özəlləşdirilməsi məsələsi (ilkin sənədləşmə istisna olmaqla) bütünlükdə ASAN Xidmətə verilib. Artıq digər səlahiyyətlərin də ASAN Xidmətə veriləcəyi istiqamətində iş aparılır.
Sənədlərin ilkin qeydiyyatı və özəlləşdirməyə çıxarılan obyektlərin texniki pasportlarının hazırlanması isə iki dövlət qurumu – İqtisadi İnkişaf və Sənaye ilə Fövqəladə Hallar nazirlikləri arasında bölünəcəyi gözlənilir. Hazırda hökumətdə bu məsələlər ətrafında ciddi müzakirələr gedir. Sonda yekun qərar dövlət başçısının verəcəyi sərəncamdan asılı olacaq.
Qeyd edək ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovdur. K.Həsənovun adı son vaxtlar dövləti və milləti talayan MTN-nin sabiq şefi Eldar Mahmudovun işində hallanır.