Məlum olduğu kimi, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ANS-ə müsahibəsində heç bir otelinin və ya şirkətinin olmadığını deyib, daha sonra isə əlavə edib: “Mən eşitməmişəm ki, hansısa nazirin, hansısa məmurun adının üstündə hansısa otel var…” Ə. Qarayevin bu sözləri sosial şəbəkələrdə geniş rezonans doğurub və müzakirələrə yol açıb. Məsələn, “Facebook”dakı əksər istifadəçilər ölkədəki iri turizm obyektlərinin, o cümlədən, otellərin böyük əksəriyyətinin qeyri-rəsmi sahiblərinin məmurlar olduğunun şübhə doğurmadığı fikrində birləşiblər.
“Cənab nazir yəqin ki, Qəbələdə heç olmayıb, imkan olan kimi onu Qəbələyə aparmaq lazımdır…” – deyə tanınmış iqtisadçı Natiq Cəfərli şəxsi “Facebook” hesabında yazıb.
“Bundan sonra hər həftə bir nazir və komitə sədri ANS-ə çıxıb TÖVBƏ edəcək ki, mənim heç nəyim yoxdur!…” yazan başqa bir iqtisadçı İlham Şabanın fikrincə, bundan sora hər kəs həmin məmurların sərvətləri barədə axtarışlara baş vuracaq: “Beləcə, cəmiyyət müəyyən qədər rahatlaşacaq, məmurlar isə…”
Ümumiyyətlə, bir çoxları belə hesab edir ki, Azərbaycanda başda nazirlər olmaqla, yüksək çinli məmurların hər hansı bizneslərinin olmamsı barədə iddia ancaq gülüş doğura bilər. Çünki həmin məmurun adına hər hansı rəsmi biznes obyektinin olmaması hələ həmin məmurun biznesinin olmaması anlamına gəlmir. Ən azı Azərbaycan qanunvericiliyi dövlət qulluqçularının bizneslə məşğul olmasını yasaqladığından məmurların adlarına rəsmi biznesin olması qeyri-mümkündür.
Əvəzində isə onlar geniş biznes imkanlarına malik olmağın başqa yollarını axtarıb-tapırlar. Qaynar.info-nun araşdırmasına görə, bu sırada ən diqqətçəkən üsul məmurların hər hansı biznes sahəsində fəaliyyət göstərən şirkətlərinin idarəçiliyini yaxınlarına, o cümlədən, ailə üzvlərindən hər hansı birinə tapşırmasıdır. Digər üsul müəyyən biznes sahələrində fəaliyyət göstərmək istəyən iş adamlarına “yaşıl işıq” yandırılmasına kömək, sonrakı mərhələdə isə onu himayə etməkdir.
İndi isə dediklərimizin sübutu sayıla biləcək bəzi nümunələrə göz ataq. Geniş biznes imkanları ilə tanınan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun tikinti sektorunda çalışan şirkətləri əsasən onun qardaşı Sahib İbrahimovun adına təsis edilir.
Gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimov isə bir neçə il əvvəl “DDLAR GROUP” adlı özəl şirkətini qurub və hazırda ona rəhbərlik edir. O, bundan başqa 2014-cü ilin yanvarında yaradılmış “Baku Grand Prix” şirkətinin də rəhbəridir. Maraqlıdır ki, A. Rəhimovun şirkətləri əsasən atasının məsul olduğu idman sahəsi ilə bağlı sifarişləri yerinə yetirir. Məsələn, Bakı Su İdman Sarayının tikintisini məhz “DDLAR GROUP” həyata keçirib. Bundan başqa, “Baku Grand Prix” şirkəti 2016-cı ildə Bakıda keçiriləcək və dünyada avtomobil idmanının ən prestijli turnirlərindən sayılan “Formula 1-in “Qran Pri” yarışının təşkilatçısıdır.
Ötən il vəzifəsindən kənarlaşdırılan Xəzər Dəniz Gəmiçilik İdarəsinin (XDGİ) rəisi olmuş Aydın Bəşirovun biznesinin də biznesinin oğlunun – İlqar Bəşirovun adına rəsmiləşdirdiyi faktlarla ortaya çıxmışdı. Məlum olmuşdu ki, İlqar Bəşirovun biznesinin coğrafiyası Türkiyə, Rusiya və Böyük Britaniyanı əhatə edir. Tikinti, turizm kimi sahələrdə fəaliyyət göstərən şirkətləri olsa da, İlqar Bəşirovun əsas fəaliyyət sahəsi dənizçilik və gəmiçilikdir. “Sail Trading Denizçilik ve Ticaret Limited” Rusiyada və Türkiyədə fəaliyyət göstərir. Şirkət hazırda 12 yük və sərnişin daşıyan gəmiyə sahibdir ki, gəmilərin qiyməti 5-15 milyon dollar arasındadır. Gəmilərin hər birinin sadəcə bir gün üçün icarə haqqı 5-10 min dollar dəyərində hesablanır. Adi riyazi hesablama göstərir ki, təkcə “Sail Trading” şirkətindəki gəmilərə İlqar Bəşirov 100 milyon dollardan çox vəsait yatırıb. Bu vəsaitin mənbəyi naməlumdur… Aydın Bəşirovun XDGI-nin rəisi vəzifəsindən azad edilən kimi əməkdaşların mətbuata verdiyi açıqlamalardan görünür ki, idarə əsas təmir-tikinti işlərinin sifarişini İlqar Bəşirovun şirkətlərinə verirmiş…” – bu sətirlər jurnalist Aynur İmranovanın A.Bəşirovun oğlunun biznesi ilə bağlı 2014-cü ildə yayımlanan araşdırmasındandır.
Bu cür nümunələrin sayını kifayət qədər artırmaq olar. Amma ehtiyac görmürük. Elə yuxarıdakı misallardan da aydın görünür ki, Azərbaycanda hər hansı məmurun çəxsi biznesinin olmadığına dair açıqlamalarını səmimi qəbul etmək çətin, hətta qeyri-mümkündür. Nə yazıq ki, ölkəmizin reallığı onların dediklərinin tamamilə əksini deyir…
İlkin Hüseynli, Qaynar.info