Generalın xanımının səs yazısı yayıldı - AUDİO

24-11-2015, 09:54   
Generalın xanımının səs yazısı yayıldı - AUDİO
“Mən mediaya açıqlama verməmişəm” deyən Hilal Əsədovun həyat yoldaşı səs yazısında hansı gerçəklərdən danışıb?
Nüşabə Əsədova: “Heç nəyimiz yoxdur”

Bir neçə gün əvvəl Criminal.az saytına sensasiya yaradacaq açıqlama verən milli təhlükəsizlik nazirinin müavini Hilal Əsədovun həyat yoldaşı Nüşabə Əsədova səhəri gün dediklərini təkzib etdi. N.Əsədova Criminal.az saytına açıqlamasında həyat yoldaşının həbs olunmadığını, bu xəbərləri onun bədxahlarının yaydığını demişdi. Bundan sonra musavat.com N.Əsədova ilə əlaqə saxlayaraq həm son durumu, həm də verdiyi açıqlamalarla bağlı əlavə məlumat öyrənmək istəyib.

N.Əsədova ümumiyyətlə mətbuatla bu və ya digər formada əlaqə saxlamaq istəmədiyini bildirib: “Mənə heç kim zəng etməsin və söz soruşmasın. Mən danışmayacam”. N.Əsədovaya bundan öncə verdiyi açıqlamanı xatırladanda isə bildirib ki, o, heç bir media nümayəndəsi ilə görüşməyib və açıqlama verməyib. “Bəs yazılanlardan xəbəriniz varmı” sualına cavabda isə general xanımı “Bilmirəm, xəbərim yoxdur, gizli yazıblar, özlərindən yazıblar. Deyə bilmərəm. Heç kimlə danışmamışam. Siz də bir daha məni narahat etməyin”.

Musavat.com isə bu ciddi olayın ardınca yenidən criminal.az saytının baş redaktoru ilə əlaqə saxlayıb. Anar Məmmədov musavat.com-un müxbirinə açıqlamasında bildirib ki, N.Əsədovayla baş həkimi olduğu uşaq poliklinikasına zəng vuraraq danışıb: “Zəng vurdum, telefona çağırdım, gəldi və danışdı. Suallarımı verdim, cavablarımı da aldım. Özümü də təqdim etdim ki, hansı saytdanam. Ortada anlaşılmaz heç nə yoxdur. Səs yazısı da əlimdədir. Yəni bir jurnalist nə etməlidirsə, mən də onu etmişəm”.

A.Məmmədov sübut üçün sözügedən səs yazısını da öz saytında paylaşıb. Musavat.com həmin səs yazısını da təqdim edir.

Xatırladaq ki, N.Əsədova 14 saylı uşaq poliklinikasının baş həkimidir. O, daha öncə bu poliklinikada sıravi həkim olub. Həyat yoldaşı nazir müavini olandan sonra isə N.Əsədova poliklinikaya baş həkim təyin edilib.

N.Əsədova Criminal.az-a açıqlamasında bildirmişdi ki, Hilal Əsədov hazırda işdədir, MTN-də, öz kabinetində, iş başındadır: "Onun işdən çıxarılması ilə bağlı məlumatları bizi sevməyən düşmənlər yalandan yayırlar. Ancaq onların arzuları ürəklərində qalır. Hilal Əsədov bu dəqiqə işdədir, MTN-də kabinetində oturub. Onun işdən çıxarılmağı yalandır. Prezidentin sərəncamı nə vaxt olub ki? Bunu, yəqin, kimsə məqsədli şəkildə yayır. Hilal müəllimin vəzifəsi elədir ki, onu çıxarmaq üçün ancaq prezidentin sərəncamı olmalıdır. Bunun üçün ancaq prezident qərar verə bilər. Kimsə ağzına gələni yazdırır, axı bu düz deyil". Baş həkim demişdi ki, bir neçə gün əvvəl yaşadıqları evin şəklini də çəkiblər, deyirlər, guya evdə axtarış olub. Kiminsə kimsəni cəzalandırması düz deyil axı...

N.Əsədova həyat yoldaşının Bakıda otelləri və obyektləri olması məsələsinə də aydınlıq gətirib: "Otelimiz, obyektimiz var ki, əlimizdən də alınsın? Həyat yoldaşımın bir obyekti belə yoxdur. O, təmiz işləyən adam olub. Hilal müəllim dövləti, milləti üçün təmiz işləyən bir şəxsiyyətdir. Haradadır o obyektlər? Göstərsinlər, mən də yerini tanıyım. Murdar adamlar yayırlar belə məlumatları. Siz gəlib evimə, bağıma baxsanız, görərsiniz ki, heç nəyimiz yoxdur. Bir obyekt belə yoxdur, hələ onun sayını çoxaldırlar. Belə bir misal var: yaddan çıxıb gözdən düşmə, amandır. Yəqin, bizi yaddan çıxmağa qoymurlar. Ona görə də Hilal müəllim haqda məlumatlar yayır, canfəşanlıq edirlər".

Nazir müavininin xanımı vəzifənin ömürlük olmadığını vurğulayıb: "Çıxaranda da çıxararlar. Vəzifə hamı üçün ömürlük deyil ki... Cənab prezident sərəncam verib çıxardar, canı sağ olsun. Vəzifə ancaq bizim üçün deyil ki. Çıxaranda da gedib xidməti təqaüdünü alar. Yoldaşım 11 il MTN-də can qoyub. Antiterror idarəsində zülm çəkib bu insan. Niyə ağızlarına gələni yazırlar?".
[media=https://www.youtube.com/watch?v=9XLvA51sDnc]
Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar