Mehdiabad bələdiyyəsinin sədri Əbülfət Nuriyev MTN-in sabiq idarə rəisinə hektarlarla torpaq peşkəş edibmiş
Bu yaxınlarda bir sıra ağır cinayətlərdə ittiham olunaraq, həbs edilən Akif Çovdarovla Mehdiabad bələdiyyəsinin sədri Əbülfət Nuriyevin əlaqələri üzə çıxıb. JAM.AZ-ın əldə etdiyi məlumata görə, Nuriyevlə Çovdarovun münasibətləri torpaq məsələsində yaranıb.
Məlumatda iddia edilir ki, MTN-in sabiq idarə rəisi, general Çovdarov bələdiyyə sədrindən xeyli həcmdə torpaq sahəsi istəyib və qarşı tərəf də ona etiraz etməyib. Ardından da arzusunu yerinə gətirib. JAM.AZ-a verilən məlumata görə, məhz bu səbəbdən Nuriyev Çovdarova Mehdiabad kəndi ərazisindən bir neçə hektar yer peşkəş edib.
İddia olunur ki, bu səxavətindən dolayı MTN generalı bələdiyyə sədrini mükafatsız buraxmayıb. Bildirilir ki, bu səmərəli «alış-veriş»in ardından Çovdarov Nuriyevi himayəsinə alıb və onun növbəti dəfə bələdiyyə sədri seçilməsinə yardımçı olub. JAM.AZ-a daxil olan məlumata görə. MTN generalı hətta son bələdiyyə seçkiləri zamanı Əbülfət Nuriyevin xahişini Abşeronun icra başçısından edib.
Qeyd edək ki, Nuriyev həddindən artıq özbaşınalıqlara imza atmış şəxslərdən sayılır. Məsələn, Mehdiabad bələdiyyəsinin sədri hətta kəndarası yolları belə satışa çıxararaq, onlarla ailəni yolsuz qoymaqdan çəkinməyib. Bundan başqa, daxili yolların bərbad vəziyyətdə olması da hər kəsin bildiyi məsələdir. JAM.AZ xəbər verir ki, Əbülfət Nuriyev həmçinin hər evdən 100 manat pul tələb edərək, onun bələdiyyə fonduna köçürülməsinə israr edir. Və bütün bunların hamısı oktyabrın 17-nə kimi davam edən proses olub. Ondan sonra isə Mehdiabad bələdiyyəsinin sədrinin səsi belə çıxmır.
Qarşı tərəfi də dinləməyə hazırıq.