«Belimə təpiklə vurdu, polis olduğunu hardan bilərdim?..»
Bakıda polis rəisinin şəxsi avtomobili ilə təqib etdiyi gənc maşınını yandırıb. “Qafqazinfo”ya şahidlərin verdiyi məlumata görə, hadisə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində baş verib. Rayonun İ.Musayev küçəsində Suraxanı Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin rəisi polis mayoru 1982-ci il təvəllüdlü Emin Məmmədov ərazidə xidməti yoxlayarkən öz şəxsi “Porshe” markalı 10 AN 014 nömrəli avtomobili ilə hərəkətdə olarkən həmin istiqamətdə “Vaz-2105” markalı 10 GO 893 nömrəli avtomobilin konstruksiyasında dəyişiklik edildiyini və yüksək sürətlə ziq-zaqvari hərəkətlər etdiyini görüb. Mayor E.Məmmədov dərhal ərazidə xidmət aparan Yol Patrul Xidmətinə məlumat verərək saxlanılmasına göstəriş verib. Lakin yol polisi əməkdaşları hadisə yerindən bir qədər uzaqda olduğundan polis mayoru həmin avtomobili özü uzaqdan müşayiət etməyə başlayıb. Bu zaman Z.Şərifov küçəsində yolun hərəkət istiqaməti qurtardıqda E.Məmmədov ona yaxınlaşıb və sürücü ilə arasında mübahisə yaranıb.
Daha sonra sürücü öz avtomobilinə qayıdıb və salona daxil olaraq içəridən maşınını yandırıb. Sonra isə polis mayorunun “Porshe” markalı avtomobilin arxa nömrəsini qopararaq hadisə yerindən qaçıb.
Hadisə ilə bağlı ittiham olunan Xocalı şəhər sakini olan və hazırda Yeni Günəşli qəsəbəsində yerləşən 24 saylı xəstəxanada məskunlaşan 1989-cu il təvəllüdlü Elməddin Bayramov bildirib ki, ona qarşı cinayət işi açılmasından xəbərsizdir: «Qızımın ağciyərində ləkə var, onun iynəsini vurdurmaq üçün Sutikinti xəstəxanasına aparmışdım, ordan qayıdırdım. Yolda “Porshe” maşını idi, «Cip», məni sıxmağa başladı. İstədim saxlayam, maşında da yoldaşım, 2 yaşında qızım, bibim və bibimin nəvəsi vardı. Bunlar qorxdular, dedilər saxlama, birdən nəsə edər. Biz bilmirdik ki, o polisdi.