Mövlud Çavuşoğlu Azərbaycanda yüksək səviyyədə görüşlər keçirəcək; politoloq: “Ankara Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi fonunda Bakıdan qətiyyət gözləyir”; Ərdoğandan Putinə sərt cavab gəldi; ruslar yeni düşmən tapdılar - bozqurdlar...
İki günlük fasilədən sonra rəsmi Bakı Rusiya qırıcısının vurulmasından sonra yaşanan Türkiyə-Rusiya gərginliyinə reaksiya verib. “Azərbaycan təəssüf edir ki, Türkiyə-Rusiya əlaqələri belə gərginləşib”, - deyə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov twitter-dəki səhifəsində yazıb.
Administrasiya rəsmisi tərəflərin heç birini incitməyəcək şəkildə mövqeyi ilə diqqət çəkib.
Sitat: “Türkiyə bizim ən yaxın müttəfiqimizdir, eləcə də Rusiya bizə çox yaxın dost ölkədir. Hər iki ölkə ilə Azərbaycanı tarixi əlaqələr bağlayır. Hər iki ölkə ilə əlaqələrimiz ən yüksək səviyyədədir. Azərbaycan çox istəyir ki, dostları arasında heç bir qarşıdurma olmasın. Azərbaycan gərginliyin azalması işində öz töhfəsini verməyə hazırdır”, - deyə PA rəsmisi vurğulayıb.
Türkiyənin soyuqqanlı davranışlarına və ölçülü-biçili mövqe sərgiləməsinin qarşılığında isə şimal qonşumuzdan hədələr və təhdidlər davam edir. “Moskva bir daha təsdiq edir ki, Suriya üzərində Rusiya təyyarəsini vuran Türkiyə tərəfinin addımları ikitərəfli əlaqələr üçün ciddi nəticələr verəcək və reaksiyasız qalmayacaq”- Rusiya XİN-in bəyanatında deyilir. “Türkiyə bilərəkdən Rusiya ilə münasibətləri dalana sürüyür”. Bunu isə Rusiya prezidenti Vladimir Putin bildirib. “”Su-24"ün vurulması ilə bağlı indiyədək nə üzrxahlıq edilib, nə də dəyən ziyanın ödənilməsinə dair təklif irəli sürülüb" - Putin deyib.
Türkiyə dövləti isə ilk gündən bəyan etdiyi kimi, sərhədlərinin toxunulmazlığı üçün sərt qərar verdiyini təkrar bəyan edir. Məsələyə keçmiş ordu rəhbərliyindən də reaksiya gəlib. “Dövlətlər öz sərhədləri daxilində qarşıdurma qaydalarını elan etmək və həyata keçirmək ixtiyarına sahibdirlər”- Türkiyənin keçmiş Baş Qərargah rəisi İlkər Başbuğ söyləyib. Əlavə edib ki, Rusiya və Türkiyə arasında savaş olmayacaq, amma bu hadisə müəyyən şeylərə ciddi təsir göstərəcək.
Rusiya qırıcılarının Suriyaya humanitar yardım aparan Türkiyə TIR-larını vurması barədə yayılan xəbərlər isə doğrulmayıb. Bu haqda “Anadolu Agentliyi”nə İnsan Haqq və Azadlıqları Humanitar Yardım Təşkilatının (İHH) baş katibi Yavuz Dədə deyib (axar.az). O, hücumun Suriyada ticarət məqsədi ilə fəaliyyət göstərən TIR-lara edildiyini bildirib.
Politoloq Elxan Şahinoğlu bildirdi ki, Rusiyanın ekspert dairələri anti-Türkiyə və antitürk təbliğatlarını gücləndiriblər: “Putin deyir ki, bizi arxadan vurdular, cavab verəcəyik. Ərdoğan isə bildirir ki, sərhədimizi pozanlar vurulacaq. Bu liderlərdən hər hansı biri ”səhv etdik" deyə bilməz, bu cəmiyyətləri qarşısında zəifliyin əlaməti olar. Ancaq hər ikisi onu da anlayır ki, bu hadisədən çıxış edərək münasibətləri gərginləşdirmək, iqtisadi və ticarət əlaqələrinə son qoymaq da olmaz. Hər ikisinin bu əlaqələrə ehtiyacı var. Ona görə bir neçə gündən sonra hər iki prezident daha soyuqqanlı addımlara üstünlük vermək məcburiyyətində qalacaqlar. Doğrudur, indi Rusiyada isti başlar “PKK-ya silah verək”, “Türkiyəni içəridən dağıdaq”, “ermənilərdən Türkiyəyə qarşı istifadə edək” və sairə kimi başdanxarab təkliflər verirlər. Putin bu yolu seçsə, nəticələri heç bir dövlət, o cümlədən Rusiyanın özü üçün yaxşı olmayacaq. Moskva anlamalıdır ki, Türkiyə sərhədini pozmaq və türkmənlərə hava zərbəsi endirmək olmaz".
****
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun bu arada Bakıya qəfil səfər etməsi ətrafında ciddi müzakirələr gedir. Noyabrın 26-sı gecəsi Bakıya gələn türkyəli nazir cümə günü rəsmi görüşlər keçirəcək. Çavuşğlu üç gün öncə yenidən Türkiyə hökumətində XİN başçısı postunu tutub və Şimali Kipr Türk Cümhuriyyətindən birbaşa Azərbaycan paytaxtına səfər planlaşdırıb.
Lakin Türkiyənin baş diplomatının Bakı səfərini yalnız protokol qaydaları ilə izah etmək düzgün olmazdı. Türkiyə-Rusiya qarşıdurmasının yaşandığı bu günlərdə Azərbaycanın necə çətin situasiya ilə üzləşməsi faktı ortada varkən Çavuşoğlunun səfərində rus qırıcısı məsələsinin əsas müzakirə mövzusu olacağı şübhəsizdir.
Eyni zamanda Bakının mövqeyinin hər iki qonşu ölkə üçün əhəmiyyətli olması fonunda türk nazirin Bakı viziti heç də sadə məsələ deyil. Diplomatik mənbələrdən əldə etdiyimiz məlumata görə, Türkiyə XİN başçısının Azərbaycan prezidenti, parlament sədri, baş nazir, XİN rəhbəri ilə görüşü planlaşdırılıb və yüksək səviyyəli Azərbaycan rəsmiləri ilə danşıqlarda şübhəsiz ki, bir nömrəli məsələ Rusiya-Ankara münasibətləri olacaq. Eyni zamanda Türkiyə diplomatı Azərbaycanı imkan dairəsində yanında görmək arzusunu dilə gətirəcək. Belə məlumatlar da dolaşır ki, Azərbaycan Ankara ilə Moskva arasında münasibətlərin məcraya qayıtmasından ötrü vasitəçiliyini təklif edə bilər. Hələlik Azərbaycan XİN-i M.Çavuşoğlunun Bakı səfərinə münasibət bildirmək istəmir.
Politoloq E.Şahinoğlu isə Türkiyənin xarici işlər nazirinin Bakı səfərini sıradan bir hadisə saymır: “Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi fonunda Ankara rəsmi Bakıdan qətiyyət gözləyir. Qətiyyət o demək deyil ki, Azərbaycan XİN təyyarənin vurulmasında Türkiyənin mövqeyini müdafiə edən bəyanat yaysın. Qətiyyət odur ki, rəsmi Bakı Kremldən çəkinməsin, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığına, birgə hərbi təlimlərə ara verməsin. Əks halda, bu, rəsmi Bakının həm Ankaraya, həm də elə Moskvaya yanlış mesajı olar. Aydındır ki, təyyarənin vurulması fonunda Ermənistan hakimiyyəti cəbhə bölgəsində təxribat yaratmaqla Rusiya diplomatiyasının və hərbi maşının Azərbaycana qarşı istifadəyə həvəsləndirəcək. Türkiyənin xarici işlər nazirinin Bakıya səfəri İrəvanla Moskvaya mesajdır ki, odla oynamasınlar”.
Bu arada Moskva Ankaraya qarşı yenə də “soyqırım” iddiasını dövriyyəyə buraxıb. Rusiya Dövlət Dumasına qondarma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması haqqında qanun layihəsi təqdim edilib. Ədalətli Rusiya Partiyasının lideri Sergey Mironov özünün twitter səhifəsində bu haqda yazıb. Şübhə yoxdur ki, bu, iki paytaxt arasında münasibətləri daha da gərginləşdirəcək. Ən azı Fransa nümunəsində bunu görmüşük.
Dünya birliyindən Türkiyəyə dəstək isə artır. Prezident Barak Obama deyib ki, Rusiyanın döyüş təyyarəsinin Suriya-Türkiyə sərhədində vurulması Rusiyanın Suriyada hərbi əməliyyatları ilə bağlı davam edən problemlərə dəlalət edir, lakin Türkiyə öz ərazisini və hava hövzəsini qorumaq hüququna malikdir.
****
Rusiyanın “Rossiya-24" telekanalı isə rus qırıcısının vurulmasının arxasında ”bozqurdlar"ın dayandığını iddia edərək “gül” vurub. Hətta arxivdəki millətçilərin keçmiş prezident Əbülfəz Elçibəyin abidəsi qarşısında toplaşması kadrlarını yayan kanal iddia edib ki, bozqurdlar “terrorçu təşkilat”ın üzvləridir. Rusiya televiziyasının bu iddiasına elə bozqurdun cavabını aldıq.
Qarabağ döyüşlərində “Bozqurd” batalyonunun komandiri olmuş Nurəddin Xoca “Yeni Müsavat”a səslənən iddiaları təkzib etdi: “Bozburdlar türk millətçiləridir və hər zaman harda olmasından asılı olmayaraq türk millətinin mənafeyi uğrunda savaşmağa hazırdır. Məgər Vətəni və milli mənafeyi uğrunda savaşan bir təşkilat terrorçu olur? Rus təyyarəsini vuran türk qırıcısı olub və Türkiyə sərhədlərini pozduğu üçün də vurub, əcəb də edib. Ruslar 1983-cü ildə sadə bir sərnişin təyyarəsi olan Cənubi Koreya ”Boinq"ini vuranda nə deyirdilərsə, biz də o sözləri deyirik. “Boinq”də 300-ə yaxın sərnişin həlak olmuşdu. Rus bombardmançıları türkmənlərin və Türkiyənin torpaqlarında nə qələt edirdi ki, onları da bozqurdlar məhv edirdi. Bozqurdlar öz vətənlərini, millətini dəvətsiz gələn rus terorçularından qoruyurdular və onları məhv edən rus bombardmançılarını məhv ediblər".
Rusiya müdafiə naziri Sergey Şoyqu Latakiyadakı Xmeynim bazasına S-400 zenit raket kompleksləri yerləşdirəcəklərini bildirib və hədələyici mövqedən çıxış edib. ABŞ-ın Mərkəzi Komandanlığının hərbi hava əməliyyatlarına cavabdeh olan general-leytenant Çarlz Braun isə deyib ki, Rusiyanın bu addımı bölgədəki situasiyanı daha da çətinləşdirir. Braun ABŞ-ın Rusiyanın bu addımına cavab verəcəyi barədə xəbərdarlıq da edib.
Türkiyə ilə sanksiya dili ilə danışan Moskva məsələyə idmanı da qatıb. Rusiya Futbol İttifaqı (RFİ) ölkə klublarına qışda təlim-məşq toplanışı üçün Antalyaya getməməyi tövsiyə edib. (qol.az) Rusiyadakı türklərlə basketbol oyununda isə antitürk şüarlar səsləndirilib.
“Rusiya və Türkiyə prezidentlərinin noyabrın 30-da Parisdə görüşəcəyi barədə xəbər isə təkzib olunub. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ”Parisdə hər hansı görüş danışılmayıb və planlaşdırılmır",- deyə bildirib.
****
Azərbaycanda Türkiyənin addımını təqdir edənlərlə yanaşı, bu situasiyada ehtiyatlı davranmağı vacib sayanlar da az deyil. “Türkiyənin addımı beynəlxalq normalara uyğun olub, bu addım müzakirə obyekti ola bilməz”. Bu sözləri Müsavatın sabiq başqanı İsa Qəmbər Türkiyənin Rusiya hərbi təyyarəsinin vurulması ilə bağlı qalmaqalı şərh edərkən bildirib. İsa Qəmbər Türkiyənin bu addımı ətrafında müzakirə belə aparmağın yersiz olduğunu söyləyib. O, Rusiya hərbi təyyarələrinin Türkiyə hava məkanını pozmasının ilk hadisə olmadığını, bu haqda Rusiya tərəfə dəfələrlə xəbərdarlıq edildiyini xatırladıb. ("Turan") İ.Qəmbərə görə, bu addım həm də bölgədə gərginliyin hansı həddə olmasının göstəricisidir.
O qeyd edib ki, bu gərginliyi nəzərə alaraq istənilən dövlət ölçülü-biçili addım atmalıdır. İ.Qəmbər bu faktı həm də Ukraynadakı hərəkətlərilə beynəlxalq münasibətlər sisteminə zərbə vuran Rusiyaya xəbərdarlıq kimi dəyərləndirib. Bu məsələdə Azərbaycanın mövqeyinə gəlincə, İ.Qəmbərə görə, Azərbaycan birmənalı olaraq türkmənlərin və qardaş Türkiyənin yanında olmalıdır. O qeyd edib ki, bu, həm də Azərbaycan kimi problemləri olan dövlətlərə təhlükəsizlik sistemi baxımından kimin yanında olması seçimini etmək xəbərdarlığıdır. İ.Qəmbər bildirib ki, bu halda Azərbaycan Avroatlantik məkana inteqrasiya yönümlü seçimini etməlidir.
Yazı çapa hazırlanarkən Ankarada mühüm toplantı hazırlaqları barədə məlumatlar gəldi. Belə ki, Türkiyə Silahlı Qüvvələri Ali Hərbi Şurasının toplantısı olacaq. Toplantıda baş nazir Əhməd Davudoğlu və müdafiə naziri İsmət Yılmaz iştirak edəcək. Şurada ən əsas məsələ olaraq ölkənin sərhəd təhlükəsizliyi, eləcə də Türkiyənin hava sərhədini pozan Rusiya təyyarəsinin vurulmasından sonra yaranan böhran, Suriyanın türkmənlərə aid bölgəsində Bəşar Əsəd və müttəfiqlərinin hərbi əməliyyatları, PKK, İŞİD kimi terrorçu qruplaşmalara qarşı mübarizə və s. məsələlərin müzakirə ediləcəyi gözlənilirdi. Prezident Rəcəb Tayyib Ərdoğan isə şura üzvləri ilə yalnız şam yeməyində bir araya gəlməliydi.
Türkiyə prezidenti dünən Putinə cavabında “Eyni pozuntu bu gün baş versə, Türkiyə yenə eyni cür hərəkət edəcək”-deyib. O, Rusiya prezidentinin ittihamlarını da sərt cavablandırıb: “Deyirlər ki, Türkiyə İŞİD-dən neft alırmış. Yazıqlar olsun! Türkiyənin hazırda nefti də, qazı da aldığı yerlər bəllidir. Bu sahədə ən böyük idxalatı Rusiyadan həyata keçiririk. Sonra İrandan, Azərbaycandan, Şimali İraqdan, eləcə də Əlcəzair və Qatardan alırıq”. Ərdoğan İŞİD-lə ən ciddi mübarizə aparan dövlətin məhz Türkiyə olduğunu vurğulayıb: “Bir daha ifadə edirəm: biz Bayırbucak türkmənləri və Əsəd rejiminə qarşı mübarizə aparan mötədil müxalifləri dəstəkləyirik və dəstəkləməyə davam edəcəyik. Çünki bunlar məzlumdur, zərərçəkəndir, oradakı torpaqların sahibləridir. Biz türkmənlərlə qohumuq, soydaşıq”.
Elşad PAŞASOY