Azərbaycanlılar niyə özlərini binanın damından yerə atırlar?

28-11-2015, 09:57   
Azərbaycanlılar niyə özlərini binanın damından yerə atırlar?
Son bir ildəki ilginc intihar hekayələri və onların səbəbləri...

Son illər Azərbaycanda, xüsusən də paytaxtda binanın başına çıxaraq intihar edənlərin sayı artıb. Yaşlı-gənc, qadın-kişi... demədən bir çoxları ən “optimal” intihar üsulu olaraq damın başına çıxmağı seçir. Bir də görürsən, saytlar xəbər yaydı: “Daha bir qadın (kişi) yaşadığı evin damına çıxdı”. Bu hadisələrdən bəziləri xoşbəxt sonluqla bitir, yəni polis və ya intihar etmək istəyən şəxsin yaxınları hadisə yerinə gəlir, onu fikrindən daşındırır. Bəzənsə intihar etməyə hazırlaşan şəxs heç kimi dinləmir, çağırmır və qəflətən özünü havaya buraxır...

Eyni anda bir neçə nəfər binanın damından özünü atmaq istədi və...

“Yeni Müsavat” son dövrlər intiharın bu üsuluna baş vuranların hekayələrini yada salıb və bununla bağlı psixoloji təhlilləri nəzərə çatdırır. Azərbaycanlılar niyə intiharın “yüksəklik” növünə baş vurur?

2014-cü ildən başlanan bəzi hekayələrə nəzər salaq. 10 dekabr 2014-cü ildə Bakıda binanın damına çıxaraq intihara cəhd etmək istəyən şəxslər fikirlərindən daşındırılaraq aşağı düşürülüblər.

Azərbaycan prospekti, 1 a ünvanında yerləşən 12 mərtəbəli yaşayış binasının damına çıxan şəxslər aşağı düşürülən şəxslər tikinti şirkətlərindən birində fəhlə kimi çalışdıqlarını, gecikdirilən əmək haqlarını tələb etdiklərini deyiblər. Lakin onlar çalışdıqları tikinti şirkətinin adını bilmədiklərini söyləyiblər.

1987-ci il təvəllüdlü Məmmədov Ceyhun Fehruz oğlu, onun qardaşı, 1988-ci il təvəllüdlü Sərxan Məmmədov, 1988-ci il təvəllüdlü Bağırov Şamxal Məhərrəm oğlu, onun 1985-ci il təvəllüdlü qardaşı Vüqar Bağırov, 1986-cı il təvəllüdlü Əliyev Aqil İbrahim oğlu və 1995-ci il təvəllüdlü Salahov Həsrət Mustafa oğlu Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinə aparılıblar.

Sevgilinin biri damda, biri yerdə... sonda barışıblar

2014-cü ilin martında “28 May” metro stansiyasının yaxınlığındakı çoxmərtəbəli binaya çıxan qadın özünü oradan atmaq istəyib. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları intihar cəhdinin qarşısını almaq üçün ərazidə təhlükəsizlik yastığı quraşdırıblar. Nazirliyin əməkdaşları eyni zamanda alpinist ləvazimatlarının və müvafiq xilasetmə avadanlıqlarının hazırlanması, vətəndaşların təhlükəsiz məsafəyə uzaqlaşdırılmasını təmin ediblər.



Daha sonra xilasedicilər intihar etmək istəyən şəxslə müvafiq psixoloji söhbətlər aparıblar. Aparılmış danışıqlar nəticəsində xilasedicilər tərəfindən intihara cəhdin qarşısı alınıb.

Sahə müvəkkili Nizami Hüseynov bunları deyib: “Hadisə barədə xəbər aldıqdan sonra dərhal olay yerinə gəldik. İntihar etmək istəyən qızla psixoloji söhbət aparıldı. Bizə heç bir reaksiya vermədi. Öyrəndik ki, sevgilisi ilə arasında yaranan problemə görə bu yola əl atıb. Sevgilisini də çağırdıq. Daha sonra aparılan danışıqlar müsbət nəticə verdi və qadını intihar etmək fikrindən daşındırdıq”.

Binasını sökmək istəyiblər, özü binanın damına çıxıb

2015-ci ilin oktyabrında isə Hüseyn Cavid prospektində yerləşən tikintisi davam etdirilən binada intihar etmək istəyən şəxsin kimliyi bəlli olub. O, Şəmkir rayon sakini, 1992-ci il təvəllüdlü Tamerlan Ələsgərlidir. T.Ələsgərli bir müddət öncə Səbayel rayonunda, sonra isə Nərimanov rayonunda intihara cəhd edib. T.Ələsgərli bildirib ki, 100 yaşlı nənəsi onu məhkəməyə verib. Tamerlan babasından ona miras qalan evdə yaşayıb və evin onun olduğunu bildirib. Nənəsi isə onun həmin ev üzərində qeydiyyatının ləğv edilməsi üçün məhkəməyə müraciət edib. Şəmkir Rayon Məhkəməsinin qərarı ilə Tamerlan Ələsgərli həmin evdə qeydiyyatdan çıxarılıb. Bu qərarla 23 yaşlı gənc həm evi, həm də torpaq sahəsini itirib.
Bir müddət əvvəl Bakıya gələn Tamerlan rəsmi qurumlara müraciət etmək qərarına gəlib. Prezident Administrasiyasına gedib şikayət etmək istəyən gənc sonra intihara cəhdlə özünə və probleminə diqqət çəkmək istəyib. Oktyabrın 2-də Ceyhun Hacıbəyli küçəsində yerləşən yaşayış binasının damına çıxaraq özünü atacağını bildirib. Həmin vaxt FHN və Nərimanov RPI 16-cı polis bölməsi əməkdaşları tərəfindən qarşısı alınıb.



Bu il noyabrın 5-də isə Bakıda sahibkar intihara cəhd edib. Binəqədi rayonunda 6-cı mikrorayon ərazisində tikilməkdə olan idman kompleksinə çıxan kişi özünü oradan atmaq istəyib.

Hadisə şahidlərinin sözlərinə görə, buna səbəb kompleksin binasının böyük hissəsinin hazır olmasına baxmayaraq icra hakimiyyəti tərəfindən onun sökülmək istənilməsi olub.
Tikilən binanın 4-cü mərtəbəsinə qalxan şəxs Binəqədi Rayon İcra Hakimiyyətinin ünvanına rüşvət ittihamları səsləndirib. “500 minimi qaytarın, sonra sökün”.

Sahibkarın intihara cəhdindən sonra texnika və icra nümayəndələri hadisə yerindən uzaqlaşıblar.

2015-ci ilin avqustunda isə Nizami rayonu ərazisində yerləşən yaşayış binasının 5-ci mərtəbəsində bir qadın intihara cəhd edib. Qadının intihara cəhd etməsinə səbəbin ailə münaqişəsi olduğu bildirilir. Qadın təxminən 30 dəqiqədən artıq bir müddətdə eyvandan asılı vəziyyətdə qalıb. Qadın özünü aşağı atmaq istəsə də, onu qonşuların sayəsində xilas etmək mümkün olub.



Bu müddət ərzində ətrafda yaşayan insanlar onun başını qataraq, intihardan vaz keçirməyə cəhd ediblər.

Evi yandırıb, sonra özünü yerə atıb

8-ci kilometr bazarının arxasında yerləşən 9 mərtəbəli binaların birindəki yanğın bir nəfərin ölməsinə səbəb olub. 1983-cü il təvəllüdlü Adıgözəlova Könül Əli qızı yanğın zamanı həyəcanlanıb və nəticədə özünü yaşadığı binanın 9-cu mərtəbəsindən atıb. Mərhumun ailəsinin verdiyi məlumata görə, evdə baş vermiş yanğına K.Adıgözəlovanın özü səbəb olub. O, qayınanası yatan zaman evdə olan cehizlərini yandırıb və daha sonra özünü 9-cu mərtəbədən atıb.

İntihar edən K.Adıgözəlovanın atası bildirib ki, artıq iki ilə yaxındır ki, qızının ailəsində problemlər yaşanırdı: “Qızımı onlar öldürdü. İki ildir ki, qızıma əziyyət verirdilər, günahkar onlardır ” - deyə mərhumun atası bildirib.

Ən son intihar isə iki gün öncə, yəni noyabrın 26-da paytaxtın Nizami rayonunda qeydə alınıb. Rayon sakini, 1993-cü il təvəllüdlü Türkan Eldar qızı Həsənzadə yaşadığı binanın damından özünü atıb. Nəticədə o aldığı xəsarətdən hadisə yerindəcə ölüb. Məlumata görə, T. Həsənzadə Tibb Universitetinin tələbəsi olub. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.



Digər intihar hadisəsi isə Səbayel rayonunda baş verib. Rayonun A. Abbaszadə küçəsində yerləşən yaşayış binasının 6-cı mərtəbəsindəki mənzildə təmir işləri aparan usta, 1987-ci il təvəllüdlü İlqar Bəşir oğlu Aşurbəyov özünü eyvandan atıb. O, aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.

Hər iki faktla bağlı cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

Kişilər intihar edəndə daha ölümcül və aktiv üsulları seçir

Göründüyü kimi, hadisələrdən bəzilərinin səbəbləri və nəticələri araşdırılıb, bəziləri isə hələlik məlum deyil. Amma sosioloji araşdırmalar sübut edir ki, həqiqi intiharlarda olduğu kimi, intihar cəhdlərində də kişilər qadınlarla müqayisədə daha ölümcül və aktiv üsulları seçirlər. Los-Angelesdə aparılan bir araşdırmaya görə, başına atəş açan qadınların 14 faizi, kişilərin isə 35 faizi öz məqsədlərinə nail olurlar. Eyni araşdırmada o da üzə çıxıb ki, hündür yerdən hoppanaraq intihar edən 24 kişidən 16-sı, 27 qadından 9-u ölüb. Bu nəticələr intihar etmənin sanki kişilər tərəfindən daha çox ciddiyə alındığını və bu səbəbdən də məqsədə çatdığını sübut edir.

Bəzən blef, bəzən yüz faiz ölüm təminatı...

Araşdırmalar onu da göstərir ki, intiharın bu növü həm də ölümə “çatma” müddətinə görə ən sürətli olandır. Belə ki, ən azı 30 metr yüksəklikdən sərt bir zəminə atlayan adamın ölüm müddəti cəmi 5 saniyədir. Ölüm səbəbi isə daxili orqanlarının partlaması, kəllə-beyin travması alması və qırılan qabırğalarının ürəyi parçalaması ola bilər. Qurtulma şansı - 5 faiz, hiss ediləcək ağrı - 7 faiz.

Psixoloqlar isə sübut edir ki, çox zaman publikaya hesablanmış intihar üsulları insanların öz dərdini ictimailəşdirməsi məqsədi daşıyır. Bir çox hallarda bu şəxslər dünyadan köçmək yox, problemlərinin həllini arzulayırlar. Məqsəd: səs-küy düşsün, media, əlaqədar qurumlar və ya şəxslər bu olaydan xəbər tutsun, məqsədin ciddiliyinin fərqinə varsın... Beləcə, problem bu və ya digər hallarda həllini tapsın. Araşdırmalar göstərir ki, bunu blef məqsədilə edənlərlə yanaşı, gerçəkdən həyatla vidalaşmaq istəyənlər də var. Sonuncular bu üsula baş vuracaqları halda qurtulma şansları olmadığının fərqindədirlər.

Sevinc TELMANQIZI
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.