İş adamı: “Çovdarov tapançanı başıma dirəyib bir milyon istədi”

30-11-2015, 17:16   
İş adamı: “Çovdarov tapançanı başıma dirəyib bir milyon istədi”, “SR” MMC-nin sahibi Roman Səfərov baş prokuror Zakir Qaralova Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq idarə rəisi, general-mayor Akif Çovdarovun əməlləri ilə bağlı müraciət ünvanlayıb. “Report”un xəbərinə görə, iş adamı müraciətində A.Çovdarovun qanunsuz əməlləri, hərəkətləri nəticəsində külli miqdarda maddi və mənəvi ziyan vurulduğunu bildirib.

Müraciətdən məlum olur ki, R.Səfərov A.Çovdarovla 2010-cu ildə tanış olub. General özünə məxsus 5 hektar ərazidə istixananın qurulması və istifadəyə verilməsi üçün sifariş verib.

Müqavilə Çovdarovun həyat yoldaşının adına olan “Bəhrə 2010” MMC ilə bağlanıb.
“MMC-ni generalın yaxın adamı Adil Yaqubov imzaladı. Bir il ərzində göstərdikləri torpaq sahəsində istixananın quraşdırılaraq istifadəyə verilməsinin qiymətinin 3 078 720 manat olmaqla razılaşdıq, parnikin vaxtlı-vaxtında düzəldib təhvil verilməsi barədə öhdəlik götürdük, təsisçi və direktoru olduğum “SR” MMC ilə “Bəhrə 2010” MMC arasında müqavilə bağladıq”, - R.Səfərov bildirib.

Bundan sonra iş adamı İspaniyaya gedib. Orada 1 250 000 avroluq müqavilə imzalayıb. Müqaviləyə əsasən, İspaniyadan Azərbaycana avadanlıq gətirilib.
Z.Qaralova ünvanladığı müraciətdə avadanlıqların ölkəyə gətirilərkən vergidən yayındığını da bildirib: “Akif Covdarov mənə bildirdi ki, imzalanmış müqavilədə istixana adı yazıldığı üçün, gömrük orqanlarında dövlət rüsumunun qiyməti çox olacaq və çox pul ödəməli olacaqlar. O dedi ki, gömrük orqanlarında dövlət rüsumunun az pul ödənilməsi üçün, həmin İspaniya Krallığından gətirmək istədiyimiz istixananı başqa adla, yəni adi metal konstruksiyası adı ilə ölkəyə gətirmək, başqa kod yazmaq lazımdır ki, istixana olduğunu bildirməyək. Mən də bununla əlaqədar, Akif Covdarov dedikləri məlumatları Raul adlı İspaniya vətəndaşına danışdım, dedim ki, qiyməti az yazsın və özünü də istixana kimi yox, başqa adla göndərsin. Raul Martinez Herrada Fernandez adlı şəxs də həmin istixananın metal konstruksiya adı ilə göndərməyə razılıq verdi, lakin qiyməti ilə bağlı razılıq vermədi, elə 1 250 000 avro qeyd edəcəyini bildirdi. Belə olan halda, mən bir hüquqşünas olaraq, ölkədə mövcud qanunvericiliyin tələblərini gözəl bildiyim üçün, Akif Covdarovun dedikləri ilə razılaşmadım və ona bildirdim ki, bununla razı deyiləm və istəsəniz həmin malı Sizin arvadınıza məxsus “Bəhrə 2010” Məhdud Məsuliyyətli Cəmiyyətin adına göndərsinlər. Lakin, o, cavabında bildirdi ki, mənim qudam, Zakir adlı şəxs gömrükdə işləyir səlahiyyətli şəxsdir və onun vasitəsi ilə mən həmin kodları ötürəcəm İspaniya Krallığına ki, onlar digər kodla həmin malları Azərbaycana göndərsinlər. Akif Covdarov bildirdi ki, bu işlər mənlikdi, bizim üçün heç bir problem yaranmayacaq. Sonradan isə sənədlərlə tanış olduqda bizə bəlli oldu ki, Akif Covdarov nəinki malın kodunu dəyişib, hətta malların qiymətlərini də vergidən yayınmaq üçün az göstərib. Akif Çovdarovla da danışıqlarda başa düşürdüm ki, o, bu hərəkətlərin cinayət olduğunu gözəl bilirdi, lakin qorxmurdu, kiməsə, nəyəsə güvənirdi. Akif Çovdarov mənə cavabında deyirdi ki, sən hələ mənim kim olduğumu yaxşı bilmirsən, ona görə də sus, danışma və bütün bunlar hamısı mənlikdi, özüm həll edəcəm, sənə heç bir problem yaranmayacaq”.

nın sözlərinə görə, Akif Covdarov və yaxınları istixanaya aid olan malları qanunsuz yollar və əməllərlə Azərbaycana gətirməklə təxminən bir milyon manat vəsaiti gömrükdən gizlətməyə nail ola bilib: “Gömrük orqanlarında olan bütün qanunsuz əməllərinin hamısını da qudası Zakir adlı şəxs vasitəsi ilə həll etdi”.
Akif Covdarov və onun yaxınları İspaniyaya əvvəlcədən 850 min avro ödəyiblər. A.Çovdarovla R.Səfərov arasında olan razılaşmaya əsasən, iş adamı ispanlara hissə-hissə 1,1 milyon avro ödəməli, sonradan isə general həmin pulu ona qaytarmalı imiş. Lakin parnikin tam təhvil verilməsinə 10 gün qalmış R.Səfərovun ofisinə qara avtomobildə adamlar gəlir. Bundan əvvəl isə A.Covdarov 050 211-81-12 mobil nömrədən ona zəng edibmiş: “Obyektiv səbəblərdən ona vaxtında cavab vermək imkanım olmamışdı. Məhz bu səbəbə görə özüm onu dərhal yığıb məsələni aydınlaşdırmaq istədim. O isə cavabında bildirdi ki, mənim telefonuma cavab vermədiyin üçün başına torba keçirdib gətizdirmək istəyirəm. Mən də ona bildirdim ki, maskalı göndərməyə ehtiyac yoxdur, hara desən bu dəqiqə gəlim. Akif Covdarov isə bildirdi ki, saat 13:00 Milli Təhlükəsizlik Nazirliyinə gəlim”.

A.Çovdarovun MTN-dəki otağına gedərkən orada generaldan başqa iki nəfər də olub. Bunlar Badamdar Bələdiyyəsinin sədri Bəybala Hüseynov və R.Səfərovun həmin bələdiyyədə işləyən qohumu Telman adlı şəxs olub: “Kabinetə girən kimi, salamlaşmamış, Akif Covdarov mən qarşı yüksək tonla aqressiv çıxışlar etməyə, hədə-qorxu gələrək çığırmağa, əxlaqsız söyüşlər söyməyə başladı, məni asacağını, tutub içəri salacağını, döydürəcəyini, lazım gəlsə şantaj edəcəyini, üzümə durduracağını bildirdi. Mənim bütün telefon danışıqlarımı onunla tanış olduğumuz, müqavilə imzaladığımız müddətdən etibarən bir il ərzində daima izlədiyini dedi, məndən 1,5 milyon manat pul tələb etdi. Mən bütün baş verənlərdən şok vəziyyətində olaraq, Akif Covdarova bildirəndə ki, nəyə görə mən ona bu məbləğdə pul verməliyəm? O da cavabında dedi ki, sənin hər şeyini, bütün varını-yoxunu, əmlaklını satdıracağam, səni içəri saldıracağam və səndən dediyim məbləğdə pulu mütləq alacağam. Mən ona deyəndə ki, hazırda mənim bu qədər pulum yoxdur. O da cavabında kəskin şəkildə mənə bildirdi ki, mənə heç bir dəxili yoxdur, haradan tapırsan-tap, sabah nahara kimi həmin məbləğdə pulu çatdırmalısan, əks halda məni tutub içəri salaçaq. Mən də ona bildirdim ki, imzalanmış müqavilə üzrə sifariş edilmiş işlər hamısı tam yekunlaşıb, sən mənə 1,1 milyon pulu ödəməmək məqsədi ilə bütün bunları edirsən? O da cavabında bildirdi ki, həmin pulu yadından çıxart, sən mənə əlavə 1,5manat ödəyəcəksən. Danışıqlarda iştirak edən Çovdarovun tanışı və mənim qohumum Telman adlı şəxs də ondan xahiş etdik ki, yəni mənim imkanım haradan idi ki, o pulu ödəyim? Bu sözdən sonra Akif Covdarov hətta mənə qarşı silah qaldırdı, tapançanı başıma tutdu və çığıraraq məni ölümlə hədələdi. Mənə bildirdi ki, sənin hər şeyini, evini-eşiyini əlindən alacağam. Mən bir daha Akif Covdarovdan qorxduğum üçün məsələnin ciddiliyini başa düşdüm və bildim ki, bu insanla ehtiyatlı olmaq lazımdır”.

A.Çovdarov növbəti gün onlarla Masazırda - “Bəhrə 2010” MMC-nin müdiri Adil Yaqubovun otağında görüşüb: “Orada Telman, Bəybala, mən və başqa iki nəfər onların işçilər var idi. Yenə də Akif Covdarov otaqda mənə qarşı çığıraraq, hədə qorxular gəldi. Lakin, həmin gün bir az soyuduğu üçün mənə guya ciddi güzəşt edərək bildirdi ki, sabah mənim son günümdü və saat 13:00-a qədər deyilən məbləğin cəmi 110 min manatı təcili şəkildə ona çatdırmalıyam. Mən ona bildirdim ki, sabah 13:00-a kimi heç cür çatdıra bilmərəm. Cavabında o, mənə bildirdi ki, “Texnika bank”da həyat yoldaşımın adına 60 min manat pul var, onu çıxart gətir. Bir də, “Range-Rover” markalı maşının, oğlunun adına BMW markalı avtomobil var, onları təcili sat, gətir mənim pulumu sabah çatdır. Bildirdim ki, axı sabaha qədər maşın satmaq qeyri-mümkündür, yəni, mən neçə belə tez satım? O da mənə qayıtdı ki, bilmirəm get özünü öldür, as ki, bilim ölmüsən, onda iş bağlansın”.
Oğlunun və özünün avtomobillərini satan iş adamı həyat yoldaşının adına olan hesabdan 60 min manatı götürüb. Beləliklə, Çovdarovun tələb etdiyi 110 min manatı ona verib. Daha sonra isə rəhbərlik etdiyi şirkətin fəaliyyətini dayandırlb.

O, Z.Qaralovdan A.Çovdarovun ona vurduğu 1,21 milyon manat pul vəsaitinin ödənilməsini təmin etməyi, həmçinin MTN-in sabiq əməkdaşının Cinayət Məcəlləsinin 179.3.2, 155, 182.3.2 və 309.2-ci maddələrinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb olunmasını xahiş edib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar