Bakının qızları, şirin sözləri,
Bakıya gözəllik verir qızları.
Göydə ulduzları, yerdə qızları,
Öncə bir çiçəkdir Bakı qızları.
****
Oxuduğunuz Eldar Quliyevin “Bakı qızları” şeirinin birinci bəndidir. Yox e, yox, rejissor Eldar Quliyevi demirəm, Nardaranın üçqat deputatı Eldar Quliyevdən danışıram.
Bir həftədir onun mandatına sahibləndiyi Nardaran kəndində aləm bir-birinə dəyib, amma deputatdan xəbər yoxdur. Dedim birdən o da qazsız, işıqsız, yolubağlı kənddə mühasirədə qalar, xəbərimiz olmaz. Nigarançılıq pis şeydir, eləmədim tənbəllik, google-da axtarış verdim, görüm nə xəbər var? Qarşıma Eldar Quliyevlə bağlı nələr çıxmadı? Adam nə qədər məşğul şəxs imiş - Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini, iqtisadçı professor, Azərittifaqın İdarə Heyətinin sədri, Azərittifaq Şurasının Prezidenti, Kooperasiya İnstitutunun rektoru, şair… Hələ başqa bir Eldar – Eldar Mansurov onun sözlərinə mahnı da yazırmış… Əminəm, bu dairədən 3 dəfə mandat almasına baxmayaraq, Nardaran əhli bu istedaddan xəbərsizdir. Yoxsa, Eldar Quliyevin mahnılarını qoyub İran mollalarının moizələrini dinləməzdilər.
“Bakı qızları” şeirinə (Yer üzünün bütün şair və şeirlərdən dönə-dönə üzr istəyirəm) deputatın Modern.az-da bu ilin sentyabrında yayılan müsahibəsində rast gəldim. Oxudum və belə başa düşdüm ki, hansısa məlun, rektor-şair-professor-başbazarkom- deputatı inandırıb ki, o şeir yaza bilir. Yoxsa, durduğu yerdə niyə Bakının qızlarına, MM-in Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovun 70 illiyinə şeir qoşsun ki? Qulaq asın, görün nə deyir: “Şeir yazmaq mənim hobbimdir. Şeirlərim çoxdur. Sonuncu şeirimə mahnını bizim tanınmış bəstəkarımız, Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Novruz Aslan yazmışdı. Bu şeiri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, çox hörmət etdiyim ziyalı, ağsaqqal Eldar İbrahimovun 70 illiyinə həsr etmişdim. Sadəcə, bu məsələni ictimailəşdirmədik”.
İndi bildiz niyə 9 ay isti ölkəmiz pomidoru Çindən, kartofu Rusiyadan, soğanı İrandan alır? Camaat bunlardan inkişafa yol açan qanun gözləyir, bunların orda “Poeziya buketi, nəğmə çələngi” dərnəyi yaradıblar. Sabah aqrar sektora aid qanunlar
“Yağış yağsa, alma bitər,
Alma bitsə, nar çox olar.
Taxıl əvvəl sünbül idi,
Qız-gəlinlər pendir tutar”
formasında yazılsa, qəti təəccüb eləmək lazım deyil.
Modern.az-a müsahibənin çox maraqlı bir yeri də var. Çiçəyi burnunda deputat üçüncü dəfə namizəd olmaq istəklərindən danışarkən deyir ki, bunu ondan Nardaran ağsaqqalları da xahiş edib.
Əgər doğrudan da belədirsə, mən həmin ağsaqqalı duelə çağırıram. Silahım yoxdu, söz duelinə... Çünki o, Eldar Quliyevi həvəsləndirməklə Nardaran əhli ilə bir yerdə mənim də Milli Məclisdə daha keyfiyyətli təmsil olunmaq haqqımın 3-cü dəfə əlimdən getməsinə səbəb olub. Məsələ burasındadır ki, Eldar Quliyev bizim kəndin – Maştağanın da deputatıdır. Kəndin girəcəyində onun ofisi də var. 11 ildə min dəfə qarşısından keçdiyim o ofisin qapısını bircə dəfə açıq görmüşəmsə, mənə də bu şeirdən həsr eləsinlər.
3-cü dəfə deputat seçildiyi ərazilərə faktiki fövqəladə rejim tətbiq edildiyi günlərdə Eldar Quliyevin ağzına su alması xeyrə əlamət deyil. Poeziya açısından deyirəm. Nə bilmək olar, bəlkə günlərin bir günü bir qəzetçi onun qarşısına çıxıb “özünüzü Nardaranın millət vəkili adlandırırsınız, bəs nə üçün kəndin ağır günlərində, vətəndaşlarla hökumət arasında dialoq yaratmaq, gərginliyi azaltmaq, problemin daha tez çözülməsinə yardım etmək gərək olduqda bir dəfə də olsun Nardarana getmədiniz, baş verənlərlə bağlı israrla susdunuz, səslərinə sahib çıxmısız-çıxmısız, niyə heç olmasa, qurunun oduna yaşların da yanmasına göz yumdunuz” suallarını ard-arda düzəndə o, həmin dönəmdə “Bülbül və gül” adlı şah əsərini yazdığını deyəcək?
Biri bu Eldarı tapsın. Yoxsa, şeir əldən gedəcək.
Aygün Muradxanlı
musavat.com