Kürdəxanı təcridxanasından İlham Əliyevə ünvanlanan məktubda MTN əməkdaşları, prokurorluq və ədliyyə işçilərinin əməlləri barədə nələr var?
Ötən ilin iyulundan həbsdə olan Ceyran Rüstəmova Kürdəxanıdakı 1 saylı istintaq təcridxanasından dövlət başçısı Ilham Əliyevə məktub ünvanlayaraq, Milli Təhlükəsizlik Nazirliyində başına gətirilənləri çatdırıb. Müraciətin surətini “Azadlıq”a da göndərən Ceyran Rüstəmova məktubda yazır:
“200 min manat verməlisən, bu, Akif Çovdarovun əmridi…”
“2013-cü il noyabrın 26-da vasitəçilik edərək ev satdığım Xavər Babayeva və onun oğlu Emil mənimlə mobil telefonla əlaqə saxladılar. Xahiş etdilər ki, onların evini almış Reyhan Hüseynovaya alqı-satqı müqaviləsini ləğv etmək istədiklərini və lazım olan pulu düzəltdiklərini çatdırım. Mən Reyhanla əlaqə saxladım və deyilənləri çatdırdım. Razılaşdıq ki, noyabrın 27-də görüşüb natariat kontoruna gedək. Görüş yerini də Axundov parkında təyin etdik. Reyhan da mənimlə razılaşıb ora gələcəyini bildirdi.
Noyabrın 27-də saat 15:00-da Axundov parkına gəldim. Ora gələndə Emilin parkın ortasında bizi gözlədiyini gördüm. Ona yaxınlaşıb Xavəri soruşdum, Reyhanın da indilərdə gələcəyini dedim. Emil dedi ki, anası 5-10 dəqiqəyə gələcək. Bu zaman parkla üzbəüzdə iki maşında yeddi-səkkiz nəfərin bizə tərəf baxdığını gördüm. Digər maşından isə Sadıqova Səkinə Fərrux qızı, Babayev Elşad Eyyub oğlu, Sadıqov Səməd Elçin oğlu (Səkinənin oğlu) və Babayev Eyyubun bizə baxdıqlarını gördüm. Mən Emildən onların bizə tərəf niyə baxdığını soruşmaq istəyirdim ki, digər iki maşından düşən səkkiz nəfər mənə yaxınlaşıb əllərimi buraraq, zorla maşına mindirdilər. Mən həmin vaxt Emildən bunun səbəbini soruşmaq istəyəndə dedi ki, Səkinə Sadıqova və oğlu Səməddən soruş, bu səhnəni onlar qurub. Bundan sonra mobil telefonumu əlimdən alıb, zorla məni maşına mindirib apardılar.
10-15 dəqiqə sonra bir binaya çatdıq. Binaya girən kimi sağ tərəfdə ikinci mərtəbəyə qaldırdılar. Mən onlardan “neyləmişəm ki, mənimlə qatı cinayətkar kimi rəftar edirsiniz?” soruşanda, “az danış, indi biləcəksən”, – deyə cavab verdilər. Axşam saat 21:00 olardı, mənə bir kişi yaxınlaşaraq dedi ki, hazır ol, bizimlə gedirsən. Onlar məni liftlə, səhv etmirəmsə, 7-ci mərtəbəyə qaldırdılar. Boş bir otağa saldılar. Bir neçə dəqiqədən sonra otağa 50-55 yaşında keçəl, adının Əli olduğunu deyən bir kişi daxil oldu. Onun birinci sualı “sən bilirsən bura haradı?” oldu. Mən heç nə anlamadan, “yox” cavabı verdim. Sonra mənə bir kitab göstərdi, üstündə “Milli Təhlükəsizlik Nazirliyi” yazılmışdı. Daha sonra dedi ki, “bizdə olan məlumata görə, sən ev-alqı satqısı ilə məşğul olursan, faizə pul verirsən, külli miqdarda pulun var”. Mən isə dedim ki, “sizə yanlış məlumat veriblər”. O, mənimlə kobud rəftar etdi, başıma yumruqla vuraraq dedi ki, “indi sənə canlı sübut edəcəm”. Və stolun üstünə Sadıqova Səkinə və Əliyeva Baharla alqı-satqı müqavilələrini qoydu. Kiməsə zəng vuraraq, “Səkinəni bura gətirin” dedi. Bir neçə dəqiqə sonra məni başqa otağa apardılar. Orada iki kişi vardı, Səkinə Sadıqova da həmin otaqda idi. Səkinə ilə sual-cavab elədilər. Orada Səkinəyə dedilər ki, “Ceyran haqqında bizə dediklərini təsdiq edə bilərsənmi?” O da yalan danışaraq dedi ki, guya, biz faizlə pul veririk. Səkinəyə dedim ki, axı bilirsən, mən ev alqı-satqısı ilə məşğulam. Həmin vaxt Səkinə ilə bir qədər ucadan danışdığıma görə Əli adlı həmin şəxs başıma vuraraq dedi ki, “sən kimsən bizim yanımızda onunla elə danışırsan?” Sonra məni bayıra çıxartdılar. Halım pisləşdi, yerə yıxıldım. Həmin Əli adlı şəxs mənə dedi ki, ayağa qalx, yoxsa səni təpiyimin altına salaram. Sonra o otaqda olan Azər adlı şəxs məni digər otağa apardı. Azər dedi ki, “sənə burada çətin olacaq, əgər canını qurtarmaq istəyirsənsə, 200ÿ min manat verməlisən, bu, Akif Çovdarovun əmridi”. Məndə bu qədər pul yox idi. Amma buranın qorxulu yer olduğunu bildiyimdən, dedim ki, “buraxın, görüm nə edirəm”. Mənə dedilər ki, sənə yalnız bir gün vaxt verə bilərik. Sonra məni və Reyhanı MTN-dən bayıra buraxdılar. Və onlarla əlaqə saxlamaq üçün telefon nömrələrini verdilər.
“Daha 100 mini çatdıra bilmədim və…”
Ertəsi gün əlaqə saxlayıb, MTN-in qarşısında görüşdüm. Vəziyyətin ciddi olduğunu görüb onlara bildirdim ki, yalnız 100ÿ min düzəldə bilərəm və bunun üçün vaxt verməlisiz. Onlar mənə vaxt verdilər, bir həftə ərzində mən olan-olmazımı satıb, borca girib, 100 ÿmin manat düzəltdim. Onların verdikləri əl telefonu ilə əlaqə saxlayıb görüşdüm. Azər və Natiq adlı şəxslər MTN-nin qarşısında məndən pulu alandan sonra bildirdilər ki, onlarla içəri daxil olmalıyam. Dedilər ki, “biz pulu nazirliyə verməliyik, görək nazir qalan pul haqda nə deyir”. Içəridə 10-15 dəqiqə keçmişdi ki, onlar gəldilər və bildirdilər ki, yerdə qalan 100 min manatı da verməlisən. Mən qorxduğumdan “vaxt verin, tapıb gətirərəm” dedim. Sonradan onların dediyi məbləği düzəldə bilmədim və mənim ailə üzvlərimin qara günləri başladı. Mənim və bacımın evlərinin siyahısını Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətindən çıxararaq, Səkinə Sadıqovanın əri Fikrət (10 saylı cəzaçəkmə müəssisəsinin keçmiş rəhbəri, həm də Akif Çovdarovla yaxın münasibəti vardı) vasitəsilə ev aldığım və borc verdiyim adamları başa salıblar ki, “gəlin Ceyranla Reyhandan şikayət edin ki, bizə pul verməyib, prokurorluğa gedin, səs salın, deyin ki, bizi aldadıblar, qorxmayın, sizin arxanızda MTN durub”. Elə də oldu. 1 ay keçməmiş bizim haqqımızda cinayət işi başladılar, ev aldığım adamlar üzümə durdular ki, guya, mən onlara pul verməmişəm. Halbuki, notarial qaydada alqı-satqı olub, pulu banka köçürmüşəm, qarşı tərəf də pulu çıxarıb, çeki alıb. Mənim o adamlarla heç vaxt ədavətim olmayıb. Ta ki, MTN və Səkinə Sadıqova, onun əri Fikrət Sadıqov məndən pul tələb edənə qədər.
Mən indiyədək qorxudan MTN tərəfindən ailə üzvlərimə qarşı işgəncələrdən şikayət edə bilmirdim. Bu məsələdə MTN-lə yanaşı, prokurorluğun da məsuliyyəti var. Bakı Şəhər Prokrorluğu 2014-cü il iyunun 24-də 140106016 saylı cinayət işi başlayıb. Məndən şikayət edənlərin, mənə pul borcu olanların haqqında məhkəmə qərarları və qətnamələri vardı. Şikayət edən şəxslərin hamısının müqavilə ilə pulu qaytarmadıqları təsdiq edən məhkəmə qətnamələri olduqu halda, Bakı Şəhər Prokurorluğunun müstəntiqləri MTN-nin diqtəsilə mənə cinayət işi açdı, mən və ailə üzvlərim həbs olundu.
Mənə, bacım Kəmalə Rüstəmovaya, həyat yoldaşım Yaşar Rəsulova qarşı MTN-in diqtəsilə Bakı şəhər prokurorluğunda cinayət işi başlanıb. Heç bir qanun pozuntusuna yol vermədiyim halda, 1 il 5 aydır ki, həbs həyatı yaşayıram. Dəfələrlə prezident Ilham Əliyevə, baş prokuror Zakir Qaralova, Bakı şəhər prokuroru Əziz Seyidova ünvanladığım müraciətlərə baxılmayıb. Prokurorluğun müstəntiqləri işi yekunlaşdıraraq, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərib. Doqquz aydır ki, məhkəmə gedir, amma nəticəsi yoxdur.
Xahiş edirəm, bütün əlaqədar orqanlar, ölkə ictimaiyyəti mənim səsimi eşitsin…”