İş adamlarını soyan kriminal avtoritetin şikayətinə baxılır

2-12-2015, 11:14   
İş adamlarını soyan kriminal avtoritetin şikayətinə baxılır

Bakı Apelyasiya Məhkəməsində narkotik və odlu silah gəzdirməkdə təqsirləndirilən Ceyhun Baxışovun apelyasiya şikayəti üzrə məhkəmə başlayıb.

"Report"un xəbərinə görə, hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası dekabrın 7-nə təyin edilib.

Qeyd edək ki, C.Baxışov kriminal avtoritet kimi tanınır.

Xatırladaq ki, bu ilin yanvar ayında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları cinayətkar dəstənin üzvlərini yaxalayıblar. Araşdırmalarla müəyyən edilib ki, Cinayət Məcəlləsinin qəsdən adam öldürmə, narkotik vasitələrin qanunsuz dövriyyəsi, xuliqanlıq və digər maddələri ilə əvvəllər dəfələrlə məhkum olunmuş şəxslər - Bakı şəhər sakinləri Ceyhun Baxışov, Hacıbala Abbasov və Xırdalan şəhərində yaşayan Etibar Baxşızadə cinayətə meylli şəxsləri ətraflarına toplamaqla "qanunsuz araşdırmalar" aparıblar. Onlar özlərini cinayətkar aləmin "nüfuzlu şəxsləri" kimi təqdim edərək ayrı-ayrı iş adamlarını təhdid etməklə qanunsuz olaraq pul yığılmasını və kriminal aləmin "kassa"sına ötürülməsini təşkil ediblər.

Baxış zamanı hər üç şəxsin üzərindən narkotik vasitə olan heroin aşkarlanıb. Bundan əlavə, Ceyhun Baxışovdan "Makarov" tipli tapança, Etibar Baxşızadənin mənzilindən isə 2 ədəd alışqanı ilə birlikdə əl qumbarası da aşkar edilərək götürülüb.

C.Baxışov Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə ittiham olunub.

Sentyabrın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində C.Baxışov 4 il müddətinə azadlıqdan məhrum edilib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar