Nardarandan şok xəbər: meyitlər yoxa çıxıb
3-12-2015, 09:29
Qəsəbədə əməliyyat davam etdirilib; bir nəfərin güllələndiyi deyilir
rrNardaranda Daxili İşlər, Milli Təhlükəsizlik nazirlikləri və Baş Prokurorluq tərəfindən aparılan xüsusi əməliyyat dünən də davam edib. Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimovun “BBC Azərbaycanca”ya deyib ki, dünən səhər saatlarında sakinlər toplaşdıqları məsciddən çıxarılıb. “Imam Hüseynin qətlinin 40-cı günüdür. Camaatın matəmidir. Dedik ki, imkan verin təziyyə aparaq, amma dedilər yox” deyən Natiq Kərimov axtarışın aparılmasına etiraz etmədiklərini bildirib.
Natiq Kərimov deyib ki, icra hakimiyyətinin əməkdaşları qəsəbənin küçə və meydanlarındakı şüarları və bayraqları yığışdırırlar. O, bu halı “təxribat” kimi dəyərləndirdiyini də bildirib: “Camaatın gözünün qarşısında bayraqları açmaqla qarşıdurma yaratmaq istəyirlər. Məsələni belə həll etməzlər”.
Qəsəbə sakinin sözlərinə görə, qara bayraqlar məhərrəmlik ayına görə asılıb və 10 gündən sonra açılacaqdı. “Belə şeylər etmək insanlarda ikrah hissi yaradır. Nardaranda Azərbaycan bayrağı bütün bayraqlardan yuxarıdadı”,- deyə Natiq Kərimov əlavə edib. Natiq Kərimov qəsəbəyə hələ də elektrik enerjisinin verilmədiyini deyib.
Daha bir nəfər güllələnib
Noyabrın 26-da Nardaranda polis əməliyyatı zamanı öldürülənlərin meyitlərindən isə heç kimin xəbəri yoxdur. Bu barədə məlumatı Musavat.com yayıb. Xəbərdə deyilir ki, öldürülənlərin meyitlərini heç ailə üzvləri də görməyib. Qəsəbə sakinləri bildiriblər ki, meyitlərin qəsəbəyə gətirilərək ailə üzvlərinin iştirakı ilə dəfn edildiyi haqda məlumatlar doğru deyil. Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov deyib ki, meyitlərin dəfn olunmasını heç kim görməyib və dəfndə də heç kim iştirak etməyib. Ölənlər dəfn edilibsə də, Nardaran qəbiristanlığında dəfn olunmayıb. Çünki orada heç bir yeni məzar yoxdur.
Qəsəbənin başqa bir ağsaqqlı Hacı Hüseyn də bildirib ki, ölənlərdən heç birinin nə ailə üzvləri, nə də yaxınları dəfndə iştirak edib. Ölənlərdən Əkbər Babayevin atası Nazim Babayev də oğlunun məzarını görmədiyini deyib. Hərçənd, onlar iki gün əvvəl Sabunçu Rayon Polis Idarəsində olarkən Ə.Babayevin cənazəsinin ailəyə təhvil veriləcəyi vəd olunubmuş.
Öldürülən Rafael və Fərail Bünyatov qardaşlarının evində isə heç kim olmayıb. Qonşular bildirib ki, dünən həmin evdə polis əməliyyat keçirib. Qonşuların sözlərinə görə, qardaşların meyitlərini ailə üzvlərindən heç kim görməyib. Meyitlərin dəfnindən də xəbəri olan yoxdur.
Sakinlər jurnalistə onu da deyiblər ki, dünənki əməliyyat zamamı bir nəfər ayağından vurulub. Deyilənə görə, Əbülfəz adlı qəsəbə sakini polisə daş atıb və bu zaman ayağından güllələnib. Hazırda onun harada olduğu bəlli deyil. “Hacıbalanın oğlunu ayağından vurublar. Əbülfəz polisə müqavimət göstərmək istəyib. Harada olduğunu bilmirik”, – deyə kənd sakinləri bildirib.
Nardaranda tutulanların siyahısı
Nardaranda keçirilən əməliyyat zamanı indiyədək 32 nəfər tutulub. Bu barədə daxili işlər naziri Ramil Usubov məlumat verib. O bildirib ki, 32 həfər haqqında artıq həbs qətimkan tədbiri seçilib (APA).
Musavat.com isə xəbər verir ki, kənd sakinləri saxlanılanların 22 nəfər olduğunu bilir. Bəzi sakinlərdən ümumiyyətlə xəbər yoxdur. Onların saxlanılması və ya harada olması məlum deyil.
Saxlanılan bəzi şəxslərin adları bəlli olub. Onlar aşağıdakılardır:
Atabala Şahbazov Abbasəli oğlu;
Mehdi Haciəlioğlu;
Hacı Əli Mollahüseyn oğlu;
Əlimirzə, kənd sakini;
Vüqar adlı kənd sakini;
Mehman Müştəba;
Bəxtiyar və iki qardaşı (onlar saxlanılarkən analarını infarkt vurub);
Əbülfəz Hacıbala oğlu.
Keçmiş bələdiyyə sədri Hacı Eldar və iki oğlu;
Sərdar Ələmdar oğlu;
Bəylər adlı kənd sakini.
Tale Bağırovun apelyasiya şikayəti təmin olunmadı
Bakı Apelyasiya Məhkəməsində Müsəlman Birliyi Hərəkatının rəhbəri Tale Bağırovun apelyasiya şikayətinə baxılıb. Məhkəmənin önünə xeyli sayda polis toplaşıb. Proses qapalı keçdiyindən məhkəmənin gedişatı barədə ətraflı məlumat almaq mümkün olmayıb. Məhkəmə əməkdaşlarının jurnalistlərə verdiyi məlumata görə, şikayət təmin olunmayıb.
Lənkəranda saxlanılan dindarlar Bakıya göndərilib
Noyabrın 29-da Lənkəranda saxlanılan ruhani Elman Ağazadə Bakıya göndərilib. Bu məlumatı AzadlıqRadiosuna Lənkəran rayon Polis Idarəsinin növbətçisi verib.
Lənkərandan verilən məlumata görə, polis hələ noyabrın 26-da Elman Ağazadəni həbs etmək istəyib. Bundan ötrü Lənkərandakı Həzrəti Abbas məscidinə gələn polisləri dindarlar etirazla qarşılayıblar.
Məsciddə olan tərəfdarları Elman Ağazadənin saxlanılmasına imkan verməyiblər. Işə Lənkəran rayon icra aparatın nümayəndələri qarışıblar. Danışıqdan sonra bildiriblər ki, heç kim həbs olunmayacaq. Ancaq bu hadisədən 3 gün sonra həm Elman Ağazadə və həm də qardaşı Nizami saxlanılıb. Həbsin səbəbləri barədə rəsmi məlumat verilmir.
Elman Ağazadə Lənkəran rayonun Digah kəndindəndir. Istər bu kənddə, istərsə də rayon mərkəzində hazırda dindar kəsimdən olan insanlar arasında narahatlıqların olduğu bildirilir.
Digər xəbərlər