“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Heydər oğlu Əliyevə! Cənab Ali Baş Komandan, biz ona görə bu vətən yolunda savaşmadıq ki, analarımızın dəfni üçün torpağı pulla alaq… Misli görünməmiş bu əxlaqsızlığa və mənəviyyatsızlığa son qoyun! Bu vətən bizimdir. Bu qəbiristanlıq “köstəbəklər”i vətən adlı müqəddəsliyə kimsənin vura bilməyəcəyi mənəvi zərbə vururlar”. Bu statusu öz “Facebook” səhifəsində Laçın Alayının keçmiş komandiri Arif Paşa yazıb.
Cebhe.info-ya məsələ ilə bağlı danışan Arif Paşa deyib ki, məsələnin ictimailəşdirilməsi və həlli olduqca vacibdir: “Mən bu statusu yazdım ki, bunlar növbəti dəfə bu şərəfsizliklərindən əl çəksinlər. Azərbaycanın bütün qəbiristanlıqlarında bu vəziyyət mövcuddur. Elə bir qəbiristanlıq yoxdur ki, orada dəfələrlə artıq pul almasınlar. Biz ona görə döyüşdük ki, analarımızın dəfni üçün bu qədər pul istəsinlər? Bu statusu təkcə özüm üçün yazmadım. Ona görə yazdım ki, növbəti hal təkrarlanmasın və ibrət götürsünlər. Dəfn üçün 800 manat pul istəniləndə hörmət xatirinə dinməyiblər. Çünki o zaman bu məsələdən xəbərsiz idim. Sonradan bildim və hər şeyi anama qurban etdim. Amma indi düşünürəm ki, mənim başıma gələnlər gələcəkdə başqaları üçün də təkrarlana bilər. Qoy bundan xəbərdar olsunlar. Əgər ölüyə pulla torpaq verilirsə, o, vətən torpağı hesab olunmur, icarəyə verilmiş kimi qiymətləndirilir. Bu, çox təhlükəli bir məsələdir”.
Arif Paşanın sözlərinə görə, bir məzar yeri üçün dövlət rüsumundan 40 dəfə çox pul tələb olunur: “Bütün qəbiristanlıqlarda belə özbaşınalıqlar hökm sürür. Mən bunları dəqiq bilirəm. Bu çox ləyaqətsiz hərəkətdir. 500 manatdan başlamış 10 min manata qədər təklif edilən məzar yerləri var. Bütün Azərbaycan üçün bu problem mövcuddur. Heç olmasa pulu alanda az da olsa vicdan sahibi olsunlar. Kimsələrin bizə vətən torpağını satmağa ixtiyarı yoxdur”. Vətəndaşlara Xidmət Trestinin baş mühəndisi Sabir Həsənov isə Cebhe.info-ya dövlət rüsumu olaraq bir məzar yeri üçün 63 manat nəzərdə tutulduğunu vurğulayıb: “Amma məzarın qazılması və hörülməsi üçün istifadə olunan tikinti materiallarının bu rüsuma dəxli yoxdur. Həmin tikinti materiallarını ya ölünün sahibi alıb gətirir, ya da pulunu bizə verirlər, özümüz alırıq. Amma məzar üçün ayrılan yerin qiyməti hər yerdə eynidir. Əgər ölən şəxs qeyri-müsəlman olarsa, orada tabutun sifarişi məsələsi də olur”.
Hər hansı kateqoriyalara güzəşt olunması məsələsinə gəlincə Sabir Həsənov deyib ki, yalnız kimsəsizlərə güzəştlər olunur. Sabir Həsənov Arif Paşanın anasının məzarı üçün 800 manat pul alınması məsələsinə də münasibət bildirib: “Mən bu məsələni araşdıracağam. Amma özümüzün qaynar xəttimiz, telefonumuz var. Hansı qəbiristanlıqdan söhbət gedir? Belə bir şey ola bilməz axı…Kimdisə bizim işçimiz deyil. Onlardan o məbləği istəyən adam tamam başqa adamdır. Belə bir addımın baş verməsi mümkün deyil”. Qeyd edək ki, bu günlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İqtisadiyyat və Sənaye Nazirliyi ilə birgə “Məzar yerləri və məzarlıqlar haqqında” qərar layihəsi hazırlandı. Artıq layihəyə Nazirlər Kabinetində də baxılıb. Layihədə gələcəkdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə insanlara dəfn mərasimlərini həyata keçirmək üçün vəsaitin verilməsi məsələsi öz əksini tapıb. Həmçinin məzarlıqlarla bağlı bir çox məsələlər – məzar yerlərinin ayrılması, onların ölçüləri, büstü və onun ölçüsü, qəbirlərarası məsafələr, qəbiristanlıqla yaşayış məntəqələri arasında məsafələr, dəfn mərasimləri, qəbiristanlıqda dəfn mərasimlərinin icrası və s. Məsələlər də bu layihədə öz əksini tapıb.
Xatırladaq ki, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin rəhbəri Mübariz Qurbanlı qərar layihəsinə pullu qəbiristanlıqların yaradılması məsələsinin daxil edilməməsinin iki əsas səbəbini izah edib. “İslamda “pullu qəbiristanlıq” anlayışı yoxdur. Bu məsələ Azərbaycanın qanunlarında da öz əksini tapmayıb: “Hesab edirəm ki, məzarlıqlar pullu ola bilməz. Məzarlıqlar vətəndaşlara pulsuz verilir və bundan sonra da belə olmalıdır. Məzar yeri üçün cüzi rüsum nəzərdə tutulub. Amma söhbət çox da böyük rüsumlardan getmir. Əgər şəhid ailəsi, şəhid olan vətəndaş, kimsəsiz insan olacaqsa, ona görə heç bir rüsum olmayacaq. Bu cür hallar layihədə nəzərə alınıb”.