Rəis Afət Mirzəyevin rəhbərliyi altında Bakıdan gəlmiş qonaqların xərclərini qarşılamaq üçün rayonda cərimələnməyən maşın qalmayıb
Masallı rayonunda daha bir birabırçı olay yaşanır. Hal hazırda rayonda yerli DYP-nin rəisi Afət Mirzəyevin rəhbərliyi altında «reyd»lərə başlanılıb. Reydin keçirilmə səbəbi isə Bakıdan gələn qonaqların xərclərini qarşılamaqdan ibarətdir.
anaxeber.info-a verilən məlumata görə, səhər saatlarından başlayan «reydə» rayon sürücüləri «pulyığma» adı veriblər. Çünki hal hazırda da davam edən proses nəticəsində maşını duracağa gətirilmiş və özü «cərimələnmiş» sürücülərin sayı 50-ni keçib. Ən az «cərimə» isə 100 manat olub.
Məlumatı verən mənbənin bildirdiyinə görə, Afət Mirzəyev heç kimdən çəkinmədən bildirir ki, Bakıdan mühüm qonaqlar gəlib və Masallının rəisi Nəriman İmanov ona göstəriş verib ki, həmin qonaqları «yüksək səviyyədə» yola salmaq lazımdır. Ona görə də, Masallıda qəfil «reydə» başlayıb, maşınları saxlayırlar və qanunu «pozanları» cərimələyirlər.
anaxeber.info-a verilən məlumatlarda o da deyilir ki, Afət Mirzəyevin rəhbərlik etdiyi «əməliyyat» zamanı yalnız maddi imkanı yaxşı olan sürücüləri saxlayırlar. İddialara görə, rayondakı imkanlı adamların siyahısını tərtib edən rayon polisi mütəmadi olaraq, belə «reyd»lər keçirirlər.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. Masallı DYP-nin rəisinin bu və digər maraqlı «reydləri» ilə bağlı yaxın günlərdə geniş məlumat verəcəyik. Həmçinin Afət Mirzəyevin hansı mərhum generalın hesabına Gəncədən Masallıya «transfer» edildiyi barədə də bilgi verəcəyik.