Ömürlük azadlıqdan məhrum edilən qanqsterin indiyə qədər MTN-in təcridxanasında saxlanılmasına görə Fikrət Məmmədov da hədəfə gəlib
Ömürlük azadlıqdan məhrum edilən DIN-in keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun məhkəmə hökmündən sonra da hansı səbəbdən MTN-in təcridxanasında saxlanılması məsələsi yenidən gündəmə gəlib.
“Azadlıq”a daxil olan məlumatda deyilir ki, iqtidarda “MTN işi”nin dərindən araşdırılmasının tərəfdarı olan qruplaşma bu məsələyə də aydınlıq gətirilməsi üçün səy göstərir. Məlumat üçün deyək ki, Hacı Məmmədov məhkəmə hökmündən sonra Qobustanda ömürlük azadlıqdan məhrum edilən məhbuslar üçün nəzərdə tutulan həbsxanaya göndərilməli olduğu halda MTN-in təcridxanasında saxlanılıb və bu günə qədər də oradadır. Mətbuat dəfələrlə Hacı Məmmədovun hansı səbəbdən Qobustandakı həbsxanaya köçürülməməsi məsələsini qaldırsa da, MTN hər dəfə “Hacı Məmmədov özü istəmir” şəklində cavab verib. Lakin mülahizələrə görə, Hacı Məmmədovun MTN-in təcridxanasında saxlanılması onun hansı sirrləri açıqlaya biləcəyi təhlükəsindən irəli gəlib. Özü də bu sirlərin açılması MTN-in keçmiş rəhbərliyinin, eyni zamanda hakimiyyətdəki bəzi qrupların maraqlarına ziddir. Elə bu səbəbdəndir ki, “MTN işi”nin dərindən araşdırılmasında maraqlı olan qruplaşma Hacı Məmmədovun Qobustana köçürülməsinə, həmçinin bildiklərini danışmasına çalışır. Məlumatda bildirilir ki, bu məsələdə MTN-in keçmiş rəhbərliyi qədər Ədliyyə Nazirliyinin də rəhbərliyi də ittiham olunur. Eldar Mahmudov Hacı Məmmədovun Qobustana köçürülməsinə mane olubsa, Fikrət Məmmədov da qanunun aliliyini təmin etməyib. Halbuki bu, onun birbaşa vəzifəsidir.